ABŞ "eyni havanı çalır": "On dəfə güclü zərbə plan deyil"
ABŞ ilə İran arasında gərginliyin yenidən artması, Hörmüz boğazı ətrafında yaşanan qarşıdurma və Vaşinqtonun sərt bəyanatları regionda təhlükəsizlik risklərini daha da artırıb. Pentaqon rəhbərliyinin İrana qarşı "on dəfə daha güclü zərbə" xəbərdarlığı beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, hərbi ritorikanın sərtləşməsi münaqişənin yaxın vaxtlarda bitəcəyinə deyil, əksinə, daha uzunmüddətli qarşıdurmaya çevriləcəyinə işarə edir. Bəs ABŞ-ın bu proseslə bağlı konkret strategiyası varmı? Hörmüz boğazı ətrafında yaşananlar regionun və dünya iqtisadiyyatının gələcəyinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Crossmedia.az-a danışan jurnalist, siyasi şərhçi Vüsal Məmmədov bildirib: "ABŞ bu müharibəyə çıxış strategiyası olmadan başlayıb. Ona görə də indi onu bitirə bilmir. Üstəlik, əməliyyatın uğur meyarları da yoxdur. Yəni nəyi qələbə sayacaqlarını bilmirlər. Əməliyyatın birinci fazasında İranın raket və nüvə proqramlarının ləğvi, Tehranın Yaxın Şərqdəki proksi qüvvələrinə dəstəyi dayandırması qələbə meyarı sayılırdı. İndi isə Hörmüz boğazında azad gəmiçiliyin təmin edilməsi əsas meyar hesab edilir. Amma buna nail olmaq üçün belə Vaşinqtonun tutarlı planı yoxdur. “On dəfə güclü zərbə” ilə hədələmək plan deyil. Zərbə yüz dəfə də güclü ola bilər, amma müharibəni bitirmək üçün aydın meyarlar və onlara nail olmaq üçün konkret plan lazımdır. O isə yoxdur. Ona görə də yenidən köhnə planlar – İranda rejimin dəyişdirilməsi, kürdlərin ayağa qaldırılması kimi ssenarilər tez-tez gündəmə gəlir. Bunları demək asandır, həyata keçirmək isə çətindir.
İran Hörmüz boğazındakı qarşıdurmadan istifadə edərək Yaxın Şərqin regional təhlükəsizlik arxitekturasını yenidən qurmağa çalışacaq. Söhbət ABŞ və İsrailin iştirakı olmadan formalaşdırılan regional təhlükəsizlik sistemindən gedir. Bu, İrana həm də gələcək zərbələrdən qorunmaq üçün lazımdır. Təbii ki, ABŞ heç bir halda buna imkan vermək istəməyəcək. Donald Trampın Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləməsi də bununla bağlıdır. Nəticədə, münaqişə uzandıqca tərəfləri dözümlülük sınağına çəkən “sürünən müharibə” xarakteri alır. Bu proses müəyyən fasilələrlə aylarla davam edə bilər. ABŞ İranın neft gəlirlərinin əhəmiyyətli hissəsini kəsməklə ölkədə dərin iqtisadi böhran yaratmağa çalışacaq. Beynəlxalq bazarlar bir müddətdən sonra yeni reallığa alışacaq və kəskin dalğalanmalar azalacaq. Amma qlobal inflyasiya yüksək səviyyədə qalmaqda davam edəcək. Bu isə ayrı-ayrı ölkələrdə bahalaşma tempinin azalmasına imkan verməyəcək".
O bildirib ki, Tehranı diplomatik üsullarla cilovlamağın mümkün olmayacağı getdikcə daha aydın görünür: "Ən real ssenari qısamüddətli sülh və hərbi epizodların bir-birini əvəz etməsidir. Yəni tərəflər yenidən barışa, sonra təkrar qarşıdurmaya gedə, ardınca yenidən sülhə gələ və daha sonra yenidən döyüşə bilərlər. Oktyabrda İsraildə, noyabrda isə ABŞ-da seçkilər keçiriləcək. Həm Netanyahu, həm də Tramp çalışacaqlar ki, məhz həmin dövrdə İran cəbhəsində vəziyyət maksimum dərəcədə onların xeyrinə görünsün. Onlar taktikanı da buna uyğun quracaqlar".
Zeynəb Həsən
15:30 22.07.2026
Oxunuş sayı: 54