Meksika nəşri Azərbaycan diasporundan yazıb
Meksikanın nüfuzlu nəşri olan “Mundo Internacional” jurnalında Azərbaycan dövlətinin diaspor siyasətindən bəhs edilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun jurnalın baş redaktoru Karmen Mihalaskuya verdiyi müsahibə dərc olunub.
Crossmedia.az xəbər verir ki, müsahibədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə danışılıb. Qeyd olunub ki, Azərbaycan regionda davamlı sülhün, sabitliyin və təhlükəsizliyin əsas təminatçısıdır.
Komitə sədri xaricdə yaşayan azərbaycanlıların milli-mədəni kimliyinin qorunması, onların vahid diaspor platforması ətrafında birləşdirilməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən bəhs edib. Dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının əldə etdiyi nəticələri diqqətə çatdırıb. Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin və həftəsonu Azərbaycan məktəblərinin fəaliyyətinin diaspor quruculuğu prosesində mühüm rol oynadığını söyləyib.
Bununla yanaşı, Meksika səfərinin məqsədləri barədə geniş danışan Komitə sədri keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb və Azərbaycan-Meksika münasibətlərinin perspektiv inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Meksika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi yanında fəaliyyət göstərən Xaricdə Yaşayan Meksikalılar İnstitutu arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyətinə diqqət çəkərək, bu sənədin diaspor sahəsində ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verəcəyini bildirib.
Qeyd edək ki, “Mundo Internacional” jurnalı Meksika ictimaiyyəti ilə yanaşı, dövlət rəsmiləri, parlament üzvləri, akademik mühit və ölkədə akkreditə olunan diplomatik korpus nümayəndələri arasında geniş oxucu kütləsinə malikdir.
Müsahibə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
https://www.mundointernacional.com.mx/entrevista-con-sr-fuad-muradov/
16:16 21.07.2026
Oxunuş sayı: 58