Böyük elmin və böyük şəxsiyyətin zirvəsi: Akademik Azad Mirzəcanzadə
Azərbaycan elminin tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti yalnız yaşadıqları dövrün sərhədləri ilə məhdudlaşmır. Belə alimlər yaratdıqları elmi məktəb, yetişdirdikləri kadrlar və irəli sürdükləri fundamental ideyalar vasitəsilə gələcək nəsillərin inkişafına istiqamət verirlər. XX əsr Azərbaycan elminin ən görkəmli simalarından biri, neft-qaz sənayesinin nəzəri və tətbiqi əsaslarının formalaşmasında müstəsna xidmətlər göstərmiş akademik Azad Xəlil oğlu Mirzəcanzadə məhz belə nadir şəxsiyyətlərdəndir. O, yalnız böyük alim deyil, həm də müəllim, təşkilatçı, mütəfəkkir və bütöv bir elmi məktəbin banisi idi.
Belə ki, bu gün Azad Mirzəcanzadənin anım günü olduğunu öyrənəndə haqqında kiçik araşdırma apardım. 1999-cu ildə Mirşahinə verdiyi müsahibəni izlədim. Bu müsahibə Azad müəllimin təkcə elmindən yox, həm dərin intellektindən, həm də sadəliyindən xəbər verirdi. Müsahibədə öz həyatının müxtəlif istiqamətlərinə toxunan Azad Mirzəcanzadə, öz xatirələrini bölüşür. Bu sadəlik, intellekt, bu gün məni – elmə marağın, gənclərə ümidin azaldığı deyilən dövrdə - elmə, kitaba, sadəliyə səsləyir. Və savadı, intellekti ilə özündən sonrakı illərə də işıq salan ziyalılarımızı araşdırmağa sövq edir.
1928-ci il sentyabrın 29-da Bakı şəhərində ziyalı ailəsində anadan olan Azad Mirzəcanzadənin uşaqlıq və gənclik illəri İkinci Dünya müharibəsinin ağır dövrünə təsadüf etsə də, bu çətinliklər onun elmə olan marağını və iradəsini zəiflədə bilmədi. O, orta məktəbi cəmi 15 yaşında fərqlənmə ilə bitirərək 1944-cü ildə Azərbaycan Sənaye İnstitutunun Neft-Mədən fakültəsinə daxil oldu. Gənc yaşlarından göstərdiyi qeyri-adi istedad qısa müddətdə öz bəhrəsini verdi. Cəmi 23 yaşında “Gilli məhlulların hidravlik elementləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi, 29 yaşında isə texnika elmləri doktoru elmi dərəcəsini alaraq ölkə elmində nadir nailiyyətə imza atdı.
Akademik Azad Mirzəcanzadənin elmi fəaliyyəti neft-qaz sənayesində əsl dönüş yaratdı. O, tətbiqi mexanika, neft və qaz yataqlarının işlənməsi, qazma proseslərinin optimallaşdırılması, qeyri-nyuton mayelərinin hidrodinamikası və lay sistemlərinin modelləşdirilməsi istiqamətlərində fundamental tədqiqatlar apardı. Onun elmi yanaşmasının əsas üstünlüyü müxtəlif elmi sahələri birləşdirməsində idi. Riyazi fizika, sinergetika, qeyri-səlis məntiq və optimallaşdırma metodlarını neft sənayesinə tətbiq etməklə mühəndislik elmini yeni mərhələyə yüksəltdi.
Alimin elmi irsi olduqca zəngindir. O, 400-dən artıq elmi məqalənin, 100-ə yaxın monoqrafiya və dərsliyin, 50-dən çox ixtira və patentin müəllifi idi. Onun işləyib hazırladığı nəzəriyyə və metodlar təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də tətbiq olunmağa başladı. SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda, Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft-Qaz Geotexnoloji Problemləri Elmi-Tədqiqat İnstitutunda rəhbər vəzifələrdə çalışarkən irəli sürdüyü elmi ideyalar bu gün də öz aktuallığını qoruyur. Lakin Azad Mirzəcanzadənin ən böyük irsi yalnız elmi əsərləri deyil, yetişdirdiyi alimlərdir. O, Azərbaycan elmi tarixində analoqu olmayan bir elmi məktəb formalaşdırdı. Onun rəhbərliyi altında 250-dən çox fəlsəfə doktoru və 100-dən artıq elmlər doktoru yetişdi. Tələbələri yalnız Azərbaycanda deyil, Rusiya, Başqırdıstan, Tatarıstan, Vyetnam və digər ölkələrdə aparıcı elm və təhsil müəssisələrində fəaliyyət göstərərək müəllimlərinin elmi ənənələrini davam etdirdilər.
Pedaqoji fəaliyyətə çox erkən yaşlarından başlayan alim ömrünün sonuna qədər təhsildən ayrılmadı. Gənclərin intellektual potensialının inkişafına xüsusi önəm verən Azad Mirzəcanzadə öz təşəbbüsü və vəsaiti hesabına texniki-humanitar liseylərin yaradılmasına dəstək göstərdi, respublika olimpiadalarının təşkilində yaxından iştirak etdi. 1992–2003-cü illərdə Ali Attestasiya Komissiyasının və Dövlət Elm və Texnika Komitəsinin sədri kimi fəaliyyət göstərərək ölkədə elmi kadr hazırlığı sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirdi. O, elmdə prinsipiallığı ilə seçilir, elmi ad və dərəcələrin yalnız həqiqi alimlərə verilməsinin tərəfdarı kimi tanınırdı.
Akademik Azad Mirzəcanzadə yalnız böyük alim deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət idi. Sadə həyat tərzi keçirən, şöhrət və vəzifə arxasınca getməyən alim bütün ömrünü elmə və tələbələrinə həsr etmişdi. Onun üçün elm sadəcə düsturlar və tənliklər toplusu deyildi. O, elmi fəlsəfə, incəsənət və insan düşüncəsi ilə vəhdətdə görürdü. Bu baxımdan o, tələbələrinə yalnız peşəkar bilik deyil, həm də həyat fəlsəfəsi aşılayırdı.
Onun həyatının ən təsirli məqamlarından biri bacısı İradə xanımla bağlı idi. Dərin mənəvi bağlılıq bəslədiyi bacısının vəfatından iki il sonra – 2006-cı il iyulun 17-də, eyni gündə, eyni xəstəxanada və eyni palatada dünyasını dəyişməsi taleyin qəribə təsadüfü kimi yadda qaldı. Akademik Azad Mirzəcanzadənin xidmətləri həm sovet dövründə, həm də müstəqillik illərində yüksək qiymətləndirilib. O, “İstiqlal” ordeni, iki dəfə Azərbaycan Dövlət Mükafatı, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, akademik İ.M. Qubkin adına mükafatlar, P. Kapitsa medalı və Vyetnamın “Qəhrəman” qızıl ulduzu da daxil olmaqla çoxsaylı dövlət təltiflərinə layiq görülüb.
Bu
gün də böyük alimin adı Azərbaycan elmində xüsusi ehtiramla çəkilir. Onun adını
daşıyan inkişaf proqramları, təqaüdlər və beynəlxalq elmi konfranslar gənc tədqiqatçıların
yetişməsinə xidmət edir. Akademik Azad Mirzəcanzadənin yaratdığı elmi məktəb,
irəli sürdüyü ideyalar və formalaşdırdığı düşüncə tərzi Azərbaycanın elmi
inkişafının mühüm dayaqlarından biri olaraq qalır. Akademik Azad Mirzəcanzadənin
ömür yolu bir daha sübut edir ki, həqiqi alim yalnız elmi kəşfləri ilə deyil,
yetişdirdiyi insanlar, qoruduğu dəyərlər və cəmiyyətə verdiyi töhfələrlə tarixdə
yaşayır. O, Azərbaycan elminin zirvəsində ucalan və irsi gələcək nəsillərə yol
göstərən əbədi bir məktəbdir.
Azad
Mirzəcanzadə 78 illik həyatında heç vaxt evlənmədi. Daim anasına bağlı olduğunu,
xatirələrində anasına oxşadığını, və buna görə sevindiyini qeyd edirdi. Bacısı
ilə yaşayar və aralarındakı xüsusi gizli bağı heç kim görməzdi. Elə buna görə
2006-cı ildə Azad müəllim bacısının ölümündən iki il sonra onun öldüyü
palatada, onun yatdığı çarpayıda və onun öldüyü gün - iyulun 17-də vəfat edib.
Yazımı
Azad müəllimin sözləri ilə bitirmək istəyirəm:
“Həyatda
heç nə düz xətt üzrə gedə bilməz. Enişlər var, yoxuşlar var. Heç nə nə düz xətt,
nə də artan xətt üzrə gedə bilər. İnsan yüksəlişdədi və onun pik nöqtəsinə
çatanda özünü hazırlamalıdı ki, ordan sərt şəkildə enməsin. Elə etsin ki, çox zərər
çəkməsin və sonradan özünə gələ bilsin”.
16:30 17.07.2026
Oxunuş sayı: 102