Sənətin yaddaşında yaşayan tarix: Ştutqartda “Cənnət yuxusu”
Almaniyanın Ştutqart şəhərində Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, milli dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin zəngin həyat və yaradıcılığına həsr olunan "Cənnət yuxusu" bədii-sənədli filminin nümayişi olub.
Crossmedia.az xəbər verir ki, təqdimat “Arthaus Filmtheater Stuttgart” kinoteatrında baş tutub.
Təqdimatın təşkilatçılarından biri Ştutqart Azərbaycan Evinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Günay Mirzəyeva çıxışında Almaniyada Azərbaycan mədəniyyətinin, tarixinin və milli-mənəvi dəyərlərinin təbliğində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihələrin uğurlu nəticələrindən bəhs edib.
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, tədbirin təşkilatçılarından biri İsa Məmmədov bildirib ki, “Cənnət yuxusu” filmi Mirzə Qədim İrəvaninin bənzərsiz yaradıcılığı ilə yanaşı, Qərbi Azərbaycanın zəngin tarixi, mədəni irsi və mənəvi dəyərləri haqqında da dolğun məlumat verir.
Daha sonra İrəvan xanının Almaniyada yaşayan varisi, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Əmir Əli Sərdari İrəvani ailə tarixindən qaynaqlanan xatirələrini iştirakçılarla bölüşərək, filmin onda yaratdığı dərin təəssüratlardan danışıb. O vurğulayıb ki, bu ekran əsəri tarixi yaddaşın yaşadılması, keçmişə obyektiv baxışın formalaşdırılması və gələcək nəsillərə milli irsin çatdırılması baxımından olduqca qiymətli mədəni layihədir.
Filmin nümayiş olunduğu məkanda Azərbaycanın zəngin tarixini, mədəni irsini və milli-mənəvi dəyərlərini əks etdirən kitablar, nəşrlər və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət xüsusi sərgi də təşkil olunub. Sərgidə təqdim edilən eksponatlar böyük maraqla qarşılanıb, iştirakçılarda Azərbaycan mədəniyyətinin qədim ənənələri və incəsənət nümunələri haqqında geniş fikir formalaşdırıb.
Sonda filmin ərsəyə gəlməsində və təqdimatının təşkilində əməyi olan hər kəsə təşəkkür ifadə edilib.
15:57 13.07.2026
Oxunuş sayı: 64