Avropalılar niyə xoşbəxtdir?
Son illər müxtəlif beynəlxalq hesabatlarda Avropa ölkələri dünyanın ən xoşbəxt cəmiyyətləri sırasında yer alır. Sosial şəbəkələrdə yayılan görüntülər də bu fikri daha da gücləndirir. Lakin mütəxəssislər hesab edirlər ki, xoşbəxtliyi yalnız internetdə gördüyümüz paylaşımlarla qiymətləndirmək doğru deyil. İnsanların psixoloji rifahına təsir edən amillər maddi imkanlardan daha geniş anlayışı əhatə edir. Təhlükəsizlik hissi, sosial dəstək, sağlamlıq, iş və şəxsi həyat arasındakı balans, gələcəyə inam həyat məmnuniyyətinin əsas elementləri hesab olunur. Psixi sağlamlığa verilən dəyər də cəmiyyətlərin xoşbəxtlik səviyyəsinə birbaşa təsir göstərir. Azərbaycanda isə bu sahədə maarifləndirmənin artırılmasına ehtiyac olduğu bildirilir.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan İngla Kids and Preschoolun direktor müavini, uşaq və yeniyetmə psixoloq Aysu Həsənova bildirib ki, ilk növbədə xoşbəxtlik anlayışının çox fərdi olduğunu qəbul etməliyik və bunu yalnız sosial şəbəkələrdə gördüyümüz görüntülərlə ölçmək düzgün olmaz: “İnsanlar adətən həyatlarının ən gözəl anlarını paylaşırlar və buna görə də bir ölkənin həqiqətən nə qədər xoşbəxt olduğunu qiymətləndirərkən elmi araşdırmalara baxmaq daha doğru yanaşmadır. Müxtəlif beynəlxalq araşdırmalar insanların xoşbəxtliyinə təsir edən əsas amillərin təkcə gəlirin miqdarı olmadığını göstərir. Təhlükəsizlik hissi, sosial dəstək, iş-həyat balansı, sağlamlıq, cəmiyyətə güvən və gələcəklə bağlı ümid hissi insanın psixoloji rifahını artıran əsas faktorlardır. Avropa ölkələrinin üstün cəhətlərindən biri də psixi sağlamlığın artıq lüks deyil, həyatın ayrılmaz hissəsi kimi qəbul edilməsidir. Burada insanlar psixoloqa müraciət etməyi ayıb saymır, emosiyalarını ifadə etməyə, sərhəd qoymağa, istirahət etməyə və özlərinə vaxt ayırmağa daha rahat yanaşırlar”.

A.Həsənova bildirib ki, bizim cəmiyyətdə isə insanlar çox vaxt illərlə yorğun yaşasalar da, bunu normal hesab edirlər və "dözməlisən", "keçib gedər", "hamının problemi var" kimi yanaşmalar emosional ehtiyacların arxa plana keçməsinə səbəb olur: “Azərbaycanda həyat məmnuniyyətini artırmaq üçün ilk növbədə psixoloji sağlamlıqla bağlı maarifləndirməyə ehtiyac var. İnsan hisslərini ifadə etməkdən çəkinməməli, kömək istəməyi zəiflik kimi qəbul etməməlidir. Ailə daxilində keyfiyyətli ünsiyyət, uşaqlarla daha çox vaxt keçirmək, iş və şəxsi həyat arasında balans yaratmaq kimi amillər də psixoloji rifahı ciddi şəkildə artırır. Xoşbəxtlik böyük hadisələrdən daha çox gündəlik həyatın keyfiyyəti ilə bağlıdır. Gün ərzində özünü təhlükəsiz hiss etmək, yaxınlarla rahat ünsiyyət qurmaq, dəyərli olduğunu hiss etmək, sevdiyi işlə məşğul olmaq və özünə vaxt ayırmaq insanın psixoloji rifahını formalaşdıran əsas amillərdəndir. Xoşbəxt cəmiyyət yaratmaq yalnız iqtisadi göstəricilərlə mümkün deyil. Bunun üçün psixoloji sağlamlığa verilən dəyərin artması, insanların bir-birinə daha çox dəstək olduğu münasibətlər və emosional rifahı qoruyan həyat tərzi ən az maddi rifah qədər vacibdir. Xoşbəxtlik sahib olduqlarımızdan çox, həyatımızı necə yaşadığımız və özümüzü həmin həyatın içində necə hiss etdiyimizlə bağlıdır”.
Zeynəb Həsən
17:00 11.07.2026
Oxunuş sayı: 73