Türkoloqdan təklif: Dünya Türk Sivilizasiyalar Forumu keçirilsin
Bu il Birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illiyi tamam olur. 1926-cı ildə Bakıda təşkil olunan və türk dünyasının ən mühüm elmi hadisələrindən biri hesab edilən bu qurultay türk dillərinin, ortaq əlifba məsələsinin, tarix, mədəniyyət və kimlik mövzularının müzakirə olunduğu əlamətdar platforma kimi tarixə düşüb. Lakin sonrakı dövrdə baş verən siyasi proseslər, xüsusilə də Sovet repressiyaları bu elmi ənənənin davam etdirilməsinə imkan vermədi və qurultayın fəaliyyətinin davamı baş tutmadı. Bu gün isə türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu, ortaq tarix və mədəni irsin daha fəal şəkildə araşdırıldığı bir dövrdə Birinci Türkoloji Qurultayın ideyalarının yenidən gündəmə gətirilməsi xüsusi aktuallıq kəsb edir. Məhz bu kontekstdə Birinci Türkoloji Qurultayın məntiqi davamı kimi “Dünya Türk Sivilizasiyaları Forumu”nun təsis edilməsi təklifi irəli sürülüb. Təşəbbüs müəllifləri hesab edirlər ki, belə bir forum təkcə türk xalqlarının ortaq elmi və mədəni irsinin öyrənilməsi üçün deyil, həm də türk sivilizasiyasının dünya elmi və sivilizasiya nəzəriyyələri içərisində layiq olduğu yerin müəyyənləşdirilməsi baxımından mühüm platformaya çevrilə bilər.
Mövzu ilə
bağlı türkoloq-alim Taleh Cəfərov Crossmedia.az-a açıqlamasında qeyd edib
ki, I Dünya Türk Sivilizasiyaları Forumu
keçirilməsini və bu forumun Birinci Türkoloji Qurultayın 100 illiyinin davamı
kimi təşkil olunmasını təklif edirəm: “Çünki bu gün bir çox türkoloqlar və tədqiqatçılar
hesab edirlər ki, Birinci Türkoloji Qurultay öz işini sona çatdıra bilməmişdir.
Bildiyiniz kimi, həmin qurultayda iştirak edən türkoloqların əksəriyyəti
sonradan Sovet hakimiyyəti tərəfindən repressiyaya məruz qalıb və qətlə
yetirilib. Qərbdən gələn türkoloqlar da ölkələrinə qayıtdıqdan sonra bir daha
belə bir tədbirdə iştirak edə bilməyiblər. Sovet dövründə isə Türkoloji
Qurultayın davamı heç vaxt keçirilməyib. Əslində, Türkoloji Qurultay qarşısına
qoyduğu əsas məqsədlərdən birinə nail olmuşdu. Həmin məqsəd latın əlifbasına
keçid idi və bu istiqamətdə nəticə əldə edildi. Lakin burada Sovet hakimiyyətinin
əsas məqsədi türk xalqlarını müsəlman xalqlarından ayırmaq, onları parçalamaq
idi. Sonrakı mərhələdə də bu siyasət planlı şəkildə davam etdirildi. Türk
dünyasının siyasi proseslərdə iştirakı və beynəlxalq platformalardakı fəaliyyəti
minimuma endirildi. Sadəcə olaraq, həmin qurultayın davamı gəlmədi”.

T.Cəfərov qeyd edib ki, bu gün biz tarixi bir hadisənin şahidiyik: “Türkoloji Qurultay həm ölkə daxilində, həm də beynəlxalq miqyasda yenidən müzakirə olunur. Biz də türkoloqlar olaraq istəyirik ki, bu qurultayın davamı gəlsin. İstər İkinci Türkoloji Qurultay adı ilə, istərsə də daha geniş formatda – “Dünya Türk Sivilizasiyaları Forumu” şəklində təşkil edilsin. Çünki türk dünyasının bu gün də həllini gözləyən çoxsaylı problemləri var və belə forumlar həmin problemlərin müzakirəsi və həlli üçün mühüm platformaya çevrilə bilər. Niyə məhz “sivilizasiya” anlayışını önə çəkirəm? Çünki “mədəniyyət” anlayışından fərqli olaraq, “sivilizasiya” daha geniş məna daşıyır. O, özündə inkişafı, tərəqqini, coğrafiyanı, dövlətçilik ənənəsini və bütöv bir tarixi prosesi ehtiva edir. Məhz buna görə də hesab edirəm ki, dünya sivilizasiyalarının əsas tərkib hissələrindən biri Turan, yaxud Türk sivilizasiyasıdır. Türk sivilizasiyası bəşər tarixinin ən qədim sivilizasiyalarından biridir”.
Tarixçi, Qərb sivilizasiya nəzəriyyəçiləri, o cümlədən Arnold Toynbee, Frensis Fukuyama, Samuel Hantinqton və digərləri türk sivilizasiyasına lazımi diqqət yetirmədiklərindən təəssüfləndiyini bildirib: “Onlar nə türk sivilizasiyasını ayrıca sivilizasiya kimi qəbul edir, nə də onu öz təsnifatlarında müstəqil yerə sahib hesab edirlər. Halbuki türk sivilizasiyası dünyanın ən qədim sivilizasiyalarından biridir. Arnold Toynbee dünyada 21 sivilizasiya müəyyənləşdirsə də, onların sırasında türk sivilizasiyasını ayrıca göstərmir. Ən yaxşı halda onu İslam sivilizasiyasının tərkib hissəsi kimi təqdim edir. Təbii ki, bu yanaşma bizi məyus edir. Çünki dünya siyasi tarixinin, dövlətçilik tarixinin və mədəniyyət tarixinin əsas beşiklərindən biri məhz türk sivilizasiyası olmuşdur. Tarixdə təxminən 110 türk dövləti mövcud olub. Bunların 15-i xaqanlıq və imperiya, 38-i dövlət, 34-ü bəylik, 4-ü atabəylik, digərləri isə müxtəlif dövlət qurumları olub. Bu, artıq tarixşünaslıqda qəbul edilən faktlardır. Dünya tarixində bu qədər dövlət qurmuş ikinci bir xalq tapmaq çətindir. Türk xalqları dünya mədəniyyətinə də mühüm töhfələr veriblər. Məsələn, Kramer “Tarix Şumerdən başlayır” əsərində qeyd edir ki, şumerlər dünya mədəniyyətinə 32 böyük yenilik bəxş ediblər. Beyin cərrahiyyəsinin ilkin üsulları, ikipalatalı idarəetmə sistemi, təkər, şalvar və digər mühüm yeniliklər bunların sırasındadır. Bunların da əhəmiyyətli hissəsi türk sivilizasiyasının inkişaf mərhələləri ilə əlaqələndirilir”.
Tarixçi həmçinin bildirib ki, türk sivilizasiyası eramızdan əvvəl IV–III minilliklərdə Ön Asiya, Azərbaycan və Qafqaz arealında formalaşmış, sonrakı dövrlərdə geniş inkişaf yolu keçərək digər coğrafiyalara yayılmışdır: “Sonrakı mərhələdə Osmanlı imperiyası, Misir Məmlük dövləti və Böyük Moğol imperiyası türk sivilizasiyasının əsas inkişaf mərkəzlərinə çevrilmişdir. Məhz bu çoxqütblü inkişaf modeli türk sivilizasiyasının minilliklər boyu dövlətçilik ənənəsini yaşatmasının əsas səbəblərindən biri olmuşdur. Təəssüf ki, bir çox Qərb alimləri türk sivilizasiyasına qərəzli münasibət göstəriblər. Hətta bəziləri iddia edirlər ki, sivilizasiya ilk dəfə Avropada yaranıb. Türk coğrafiyasının və Ön Asiyanın bu prosesdəki rolunu isə görmək istəmirlər. Türk sivilizasiyasının fenomenal nailiyyətlərini görməzdən gəlirlər. Halbuki türk sivilizasiyası tarix boyu öz identikliyini qoruyub saxlamış nadir sivilizasiya modellərindən biridir. Toynbee, Hantinqton, Fukuyama, Toffler kimi nəzəriyyəçilər müxtəlif nəsil sivilizasiyalar haqqında danışsalar da, türk sivilizasiyasını bu təsnifata daxil etməyiblər. Əslində isə türk sivilizasiyası nadir sivilizasiya nümunəsidir. O, həm qədim – Şumer, Çin və Hind sivilizasiyaları ilə eyni dövrdə mövcud olub, həm də sənaye inqilabından sonrakı dövrdə öz varlığını qoruyaraq bu günə qədər gəlib çıxıb.
Mütəxəssislər
dünya sivilizasiyalarını əsasən Şərq və Qərb olmaqla iki qrupa ayırırlar. Bəzi
tədqiqatçılar türk sivilizasiyasını da Şərq sivilizasiyaları sırasında – İslam,
Çin, Yapon, Hind, Afrika və Okeaniya sivilizasiyaları ilə birlikdə qiymətləndirirlər.
Lakin Arnold Toynbee özünün sivilizasiya təsnifatında türk sivilizasiyasına yer
vermir. O iddia edir ki, türklərin tarixi arilərdən xeyli sonra başlayıb və hətta
Türk–Turan sivilizasiyasını İslam sivilizasiyasının tərkib hissəsi kimi təqdim
edir. Hesab edirəm ki, bu yanaşma doğru deyil. Türk sivilizasiyası Şumer,
Misir, Çin, Hind, Yunan və Roma sivilizasiyaları ilə yanaşı, dünya
sivilizasiyasının əsas sütunlarından biri kimi qiymətləndirilməlidir. Bu
istiqamətdə daha ciddi elmi işlər aparılmalıdır. Məhz buna görə də Dünya Türk
Sivilizasiyaları Forumunun keçirilməsini vacib hesab etmişəm. Sevindirici
haldır ki, bu təklif kifayət qədər dəstək qazanıb. Ümid edirəm ki, dövlət tərəfindən
də müsbət qiymətləndiriləcək və yaxın gələcəkdə belə bir forumun keçirilməsi
mümkün olacaq”.
Ayhan
14:45 11.07.2026
Oxunuş sayı: 253