Ziyatdin Kassanov: Bizim ağrımız birdir, taleyimiz birdir, gözəl günlərimiz də birdir
Bakıda Ahıska türklərinin 1944-cü ildə baş vermiş məcburi sürgününə həsr olunmuş anım sərgisi keçirilib. Azərbaycan Milli Tarix Muzeyində təşkil olunan sərgidə Ahıska türklərinin tarixi, sürgün zamanı yaşadıqları faciələr və milli kimliklərini qorumaq uğrunda mübarizələrini əks etdirən materiallar nümayiş etdirilib.
Sərgi ilə bağlı Crossmedia.az-a açıqlama verən Dünya Ahıska Türkləri Birliyinin baş direktoru Ziyatdin Kassanov bildirib ki, sərginin Bakıda keçirilməsi Azərbaycan və Ahıska türkləri, eləcə də Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq və birliyin göstəricisidir:
“Bu sərginin Azərbaycanda, Bakıda keçirilməsi bizim üçün Azərbaycan və Ahıska türklərinin, Azərbaycan və Türkiyə türklərinin birliyini göstərir. Bu, bir-birimizə nə qədər yaxın olduğumuzu, bir-birimizin problemlərini nə qədər yaxşı bildiyimizi, yaşadığımız ağrıları və çətinlikləri nə qədər paylaşdığımızı nümayiş etdirir”.
Ziyatdin Kassanov qeyd edib ki, Ahıska türkləri Azərbaycanı öz dövlətləri kimi qəbul edirlər:
“Biz Ahıska türkləri Azərbaycan dövlətini öz dövlətimiz kimi qəbul edirik. Necə ki, bizim Türkiyəmiz var, Azərbaycanımız da var. Çünki Azərbaycan, xüsusilə də Ulu Öndər Heydər Əliyev vaxtilə Ahıska türklərinə böyük dəstək göstərib”.
DATÜB baş direktoru bildirib ki, 1989-cu ildə Fərqanə hadisələrindən sonra Azərbaycana gələn Ahıska türklərinə dövlət tərəfindən mühüm dəstək göstərilib:
“1989-cu ildə Fərqanə hadisələri baş verəndə 50 min Ahıska türkü Azərbaycana gəldi. Onların hər birinə torpaq sahəsi, ev verildi, ərzaq və işlə təmin olundular. Xüsusilə Ulu Öndərin təşəbbüsü ilə həmin dövrdə Azərbaycana gələn Ahıska gəncləri bütün universitetlərə yerləşdirildilər. Onların qəbul ballarına xüsusi diqqət yetirilmədi, əsas məqsəd mümkün qədər çox gəncin təhsil almasını təmin etmək idi”.
Kassanov vurğulayıb ki, Azərbaycanda yaşayan Ahıska türklərinin təhsil səviyyəsi digər ölkələrdə yaşayan soydaşları ilə müqayisədə yüksəkdir:
“Bu gün Azərbaycanda yaşayan Ahıska türkləri ilə digər 9 ölkədə yaşayan Ahıska türklərini müqayisə etsək, burada təhsil səviyyəsinin ən yüksək olduğunu görərik. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin Ahıska türklərinə münasibətini göstərir. Əvvəllər Ulu Öndər Heydər Əliyev, bu gün isə cənab Prezident İlham Əliyev Ahıska türklərini heç vaxt başqa bir xalq kimi qəbul etməyib, onları öz soydaşları hesab edib”.
O, Ulu Öndər Heydər Əliyevin Ahıska türkləri ilə bağlı fikrini də xatırladıb:
“Ulu Öndər demişdi: “Ahıska türkləri Azərbaycan türkləri nədirsə, bizim üçün də odur”.
Dünya Ahıska Türkləri Birliyinin baş direktoru bildirib ki, Ahıska türkləri Azərbaycan xalqına və dövlətinə hər zaman minnətdardır:
“Buna görə biz hər zaman və hər yerdə Azərbaycan xalqına, Azərbaycan millətinə və ilk növbədə cənab Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bu sərginin də burada, Bakıda açılması Azərbaycan xalqına olan hörmətimizin, ehtiramımızın və aramızdakı birliyin göstəricisidir”.
Ziyatdin Kassanov Ahıska türklərinin Qarabağ müharibələrində Azərbaycanla həmrəyliyinə də diqqət çəkib:
“Birinci Qarabağ müharibəsində və İkinci Qarabağ müharibəsində Ahıska türkləri azərbaycanlı qardaşları ilə birlikdə iştirak ediblər. Ahıska türkləri arasında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş 8 şəhidimiz var. Bundan əlavə, bir Milli Qəhrəmanımız da bu gün, Allaha şükür, Saatlı rayonunda qazi kimi yaşayır”.
Kassanov Azərbaycan və Ahıska türklərinin ortaq ağrılarından danışaraq deyib:
“Bizim ağrımız birdir, taleyimiz birdir, gözəl günlərimiz də birdir. Bu sərgini burada keçirdik ki, Azərbaycan xalqının da bizim yaşadığımız ağrıları yaxşı anladığını göstərək. Azərbaycan xalqı da müxtəlif dövrlərdə sürgün və məcburi köçkünlük faciələri ilə üzləşib. Qarabağdan yüz minlərlə insan öz doğma torpaqlarından didərgin düşüb. Buna görə Azərbaycan xalqı bu ağrını yaşayan xalqlardan biridir və bizim dərdimizi daha yaxşı anlayır”.
DATÜB rəsmisi sərginin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib:
“Bu gün bizimlə birlikdə bu ağrını paylaşdığınız üçün, xüsusilə Azərbaycan xalqına təşəkkür etmək istəyirəm. Sərginin təşkilində bizə hər cür dəstək göstərildi. Tarixi Muzeydə belə bir sərginin keçirilməsi bizim üçün böyük əhəmiyyət daşıyır. Bu imkanın yaradılmasının dəyərini çox yaxşı anlayır və qiymətləndiririk”
Ziyatdin Kassanov sonda sərginin keçirilməsinə dəstək verən hər kəsə təşəkkürünü çatdırıb:
“Sərginin keçirilməsinə töhfə verən, bizə dəstək göstərən hər kəsə, ilk növbədə cənab Prezident İlham Əliyevə və Azərbaycan xalqına bütün Ahıska türkləri adından sonsuz təşəkkürümü bildirirəm”.
Nigar Xəlilli
16:39 21.08.2026
Oxunuş sayı: 56