Müxalifət partiyaları da, partiya sədrləri də qocalıb - MÜSAHİBƏ
Azərbaycanın siyasi gündəmində həm iqtidar-müxalifət münasibətləri, həm də siyasi partiyaların fəaliyyəti ilə bağlı müzakirələr davam edir. Ölkədə siyasi dialoqun hazırkı vəziyyəti, partiyaların üzləşdiyi çağırışlar və gələcək perspektivlər ictimai maraq doğuran əsas mövzulardandır. Son günlər ən çox müzakirə edilən mövzulardan biri də partiyalara ayrılan yüksək məbləğlər oldu. İnsanlar bu böyük vəsaitlərin partiyalara ayrılmasına ciddi narazılıqlar yaratdı. Mövcud vəziyyəti dəyərləndirmək, eləcə də hazırda Azərbaycanda partiya fəaliyyəti və gündəmdə olan digər siyasi məsələlərə münasibətini öyrənmək üçün partiya sədri ilə həmsöhbət olduq.
Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev Crossmedia.az-a müsahibə verib:
- Böyük Azərbaycan Partiyası hazırda hansı fəaliyyətləri həyata keçirir?
- Böyük Azərbaycan Partiyası 2003-cü il may ayının 11-də təsis olunub, 2005-ci ildə qeydiyyatdan keçib. Ümumi prosesin içində olmuşuq, müxalif siyasi birliklərin içində olaraq bütün seçkilərdə iştirak etmişik. Mən Azərbaycan Milli İstiqlal Partiyasının qurucularındanam və partiyanın baş katibi olmuşam. 1995-ci il seçkilərindən indiyə qədər də bütün seçkilərdə iştirak eləmişik. Bəlkə də Azərbaycanda məndən çox seçkilərdə iştirak edən olmayıb. Son seçkidə Binəqədi dairəsindən deputat seçilməyi bacardıq. 5 dəfə rəsmi şəkildə ikinci yerə çıxmışıq. Bütün bunlarda bizim partiya nümayəndələrinin ciddi əməyi var. Siyasət mövcud reallıq çərçivəsində imkanları həyata keçirmə elmidir. Biz digərlərindən fərqli olaraq nə xarici qüvvələrdən dəstək almamışıq, nə də daxili oliqarxlardan dəstək almamışıq. Bu ölkədə az sayda partiya quruculuğunu bilən adam var, onlardan biri də mənəm. Eyni zamanda mən təşkilatı işlərin içindən gəlmişəm. Biz özümüz özümüzü dolandırmışıq. Heç kim heç vaxt deyə bilməz ki, Böyük Azərbaycan Partiyasına daxili ya xarici qüvvələr maliyyə dəstəyi verib. Biz illər ərzində də bunu sübut etdik. Mən bu ölkədə ilk kiçik və orta bizneslə məşğul olan ilk adamlardan biriyəm. İşimdə elə olub ki, icarə, korperativ müəssisələrim olub. Sonrakı mərhələdə siyasi fəaliyyətimiz nəticəsində bizə ciddi zərbə dəydi, obyektlərimiz də əlimizdən çıxdı, partiya ofisimizi də itirdik. Düşünürəm ki, bunlar keçmişdə qalıb və biz irəli baxmağa üstünlük veririk. Hazırda 7000 civarında partiya üzvümüz, ölkənin 50-ə yaxın rayonunda rayon təşkilatımız var. Partiyamız parlament partiyası olduğu üçün dövlət bizə vəsait ayırır. Görürsünüz ofisimizdə çalışanlar var, bölgələrdə müxtəlif işlər görən adamlar var ki, vəsait bu xərclərə gedir. Bilirsiniz necədir, ölkədə hər zaman iki istiqamətə hücum çox olur. Bir partiyalara, bir də deputatlara. Hesab edirəm ki, bu yanlışdır. Əslində ölkənin gələcəyi çoxpartiyalılıqdan keçir. Və partiyaların fəaliyyəti daha da genişlənməlidir. Bir zamanlar hakimiyyət və müxalif partiyalar arasında düşmən münasibət var idi. Biz tərcüməçi vasitəsilə danışırdıq ölkədə. Çünki siyasi partiyaların çoxu, xaricilərin Azərbaycandakı təmsilçilərinə çevrilmişdi. Hakimiyyət də özünə kim uyğun gəlirdisə, toplayırdı onlarla danışıq aparırdı. Eyni zamanda müxalifətin içindən kiminlə əlaqə qururdusa, onu parlamentə keçirirdi. Müstəqil mövqedə duran siyasi qüvvələr də oyundan kənarda qalırdı. Amma son dövrdə Prezident Administrasiyasında xüsusi bir şöbə yaradıldı. Sonra bizə məlum oldu ki, bu işin memarı da cənab Prezident olub. O siyasi partiyalarla hakimiyyət arasında münasibətlərin qurulması ilə bağlı göstəriş verib. Şöbə müdiri Ədalət Vəliyevin komandası da müxalifətlə dialoqlara başladı. Mənim də ilk təklifim belə oldu ki, əgər siz müxalifət partiyaları ilə dialoqa getmək istəyirsinizsə, ilk növbədə onları ofislə təmin edin. Bununla da siyasi partiyaların böyük əksəriyyəti ofislə təmin olundu. Eyni zamanda 44 Günlük Vətən müharibəsində Azərbaycan siyasi partiyaları müdriklik göstərdi. Belə ki, biz həmin zaman hakimiyyətlə eyni mövqedən çıxış etdik. Dünyada bunu gördü. İndiki halda da partiyalara axın yoxdur. Müharibə ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparıldı və qalibiyyət də onunla oldu. Bu İlham Əliyevin reytinqini xeyli artırdı. Amma hesab edirəm ki, Böyük Azərbaycan Partiyası ölkənin siyasi həyatında yeri olan partiyalardandır. Heç kim deyə bilməz ki, bizim partiyamız kiminsə nəzarətindədir. Dövlətçiliklə bağlı da bizdən sərt mövqedə duran yoxdur. Qazax rayonunun 4 kəndi məsələsinə hamı dedi ki, anklavdır. Ölkənin 99% i dedi ki, Ermənistanla torpaq mübadiləsi etmək lazımdır. Bir biz dedik ki, anklav deyil, işğal altındakı vətən torpağıdır.
- Son günlər əsas hədəf partiya və deputatlardır. Deyirlər ki, Milli Məclis seçilməyib, seçdirilib. Bu Elşad Musayevə də aiddirmi?
- Bunun Elşad Musayevə qəti aidiyyatı yoxdur. Rəqiblərim də etiraf edə bilər ki, mən seçkidə qalib gəlmişəm. Binəqədi rayon 10 saylı dairəyə gedərək hər kəsdən soruşa bilərsiniz ki, burada Elşad Musayevdən çox səs toplayan var ya yox? Mən seçki kompaniyasını apara bilən adamam. İstənilən dairəyə 3 nəfərlə gedim, sonda qalib gəlim. Mən özümə cavabdehəm ki, səs toplayıb qalib gəlmişəm. Digər seçki dairələri özləri bilər. İndinin özündə də mən seçicilərlə görüşürəm, dinləyirəm. Bizim seçki dairəsində ofisimiz yoxdur. Deyiblər verəcəklər hələ verilməyib. Ona görə də görüşləri burada, partiyamızın qərargahında keçiririk. Seçicilərimiz də bizi sevir, inanır. Öz seçicilərinin problemlərini ictimailəşdirməkdə də bizdən öndə olan yoxdur.
- Bir ara deyirdilər ki, müxalifət partiyaları “cib müxalifəti”dir, indi isə “avtobus müxalifəti” deyirlər. Sizin bu məsələyə münasibətiniz necədir?
- Siyasətdə olan, hərəkatdan gələn adamlar bir-birini yaxşı tanıyır. Kim kimin cibindədir onu da bilirik, kim kimin cibindən kənardadır, onu da bilirik. Çıxıb söz danışırlar, görüşəndə soruşursan ki, belə söz dedin, kimə deyirdin? Deyir: “a yoxe səni demirdim”. Söz oyunu oynamaq heç kimə xeyir vermir. Adamlar var ki, siyasi partiyalara lağ edir. Amma ABŞ-nin, Fransanın, İranın əleyhinə heç nə demir. Əgər obyektiv adamsansa, onlara da söz de. Mən söz atmağı, oyun oynamağı yox iş görməyi sevirəm. Təhqiri sevmirəm, təhqir edənin cavabını verərəm. Amma bu çıxış yolu deyil. Çıxış yolu millətə inam aşılamaqdır ki, siyasi təşkilatlara güvənsin. Açıq deyim indi siyasi partiyaların vəziyyəti çox ağırdır. Müxalifyönümlü qəzetlər var idi ki, onların nüfuzdan salmadığı siyasi lider yox idi. Hamını nüfuzdan salırdılar. Hakimiyyət bir tərəfdən onlar da bir tərəfdən. Və nəticədə bu yerə gəlib çıxmışıq.
- Siyasi partiyalar bir araya gəlib hansısa fəaliyyət göstərə bilərmi?
- Vaxtilə siyasi partiyaların əlində böyük imkanlar var idi. Əllərində böyük resurslar olan partiyalar var idi. Həmçinin xarici ölkələrin də müdaxilələri olunurdu. Amma həmin siyasi partiyalar onlara verilən imkanlardan düzgün istifadə edə bilmədilər. Əsasən də dava “ana müxalifət mənəm” üstündə idi. İstəyirsən “ana” ol, istəyirsən “bala”, yekə-yekə danışmaq lazım deyil. O vaxt da dedim - İslam Demokrat Partiyasının sədri Hacı Tahir var idi – sizin Hacı Tahirdən təsir baxımından heç bir üstünlüyünüz yoxdur. İndi həm partiyalar, həm də partiya sədrləri qocalıb. Azərbaycan siyasətində çatışmayan əsas cəhət odur ki, Azərbaycan gəncləri siyasi partiyalara gəlmir. Yaxud da az gəlir.
- Bəlkə qoca partiya sədrləri qarşısını alır?
- Xeyr, reallıqlar da var. İstefa da vermirlər. Siyasilərin marağında deyil ki, gənc nəsil gəlsin, dirəşsin. Deyir qoca adamlardıda oturublar orada. Bu onlar üçün daha sərfəlidir. Müxalifəti “dedi-qodu” səviyyəsinə salıblar. Vaxtilə bir araya gəlib söz demək imkanları olanda söz deməyən partiyalar bu gün bütün güclərini itiriblər. Mən prezident seçkilərində iştirak edəndə regionlara gedib özüm gördüm ki, partiyaların heç bir güc potensialı yoxdur. Bütün partiyaların aşağı-yuxarı 5000 üzvü var idi. Amma əvvəl bu say yarım milyon idi. O ki, qaldı partiyaların gözdən salınmasına, bu ölkədə bir şey var ki, polis rəisinin, nazirin əlaeyhinə danışa bilməyənlər deputat və partiya sədrlərini hədəf alır. Biz istəyiriksə Milli Məclisin hörməti olsun, deputatlarımız hörmətli olmalıdır, avtoriteti olmalıdır. Mənim mövqeyim ondan ibarətdir ki, hakimiyyətin hər üç qolunun hörməti olmalıdır.
- Hakimiyyətlə dialoq davam edir, partiya rəhbərləri ilə görüşlər keçirilir. Bu dialoq dövlətə, cəmiyyətə və partiyalara nə verir?
- Bu dialoqun olması ilk növbədə ölkə daxilində gərginliyi azaldır. İkinci məsələ kənar qüvvələrin ölkənin daxili siyasətinə müdaxiləsinin qarşısını aldı. Üçüncü məsələ odur ki, biz dialoqla müəyyən məsələləri həll edə bilirik. Ədalət müəllimin şöbəsinin əməkdaşları da insani baxımdan çox həssasdır. Elə partiya sədrləri olub ki, pandemiya dönəmində xəstələnib, mən demişəm onlara kömək ediblər. Biz partiya quran zaman Əli Həsənov ictimai-siyasi şöbənin müdiri idi. Mən əvvəlcə Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına rəsmi şəkildə müraciət etdim. Dedim ki, qurultayımız olacaq, xahiş edirik nümayəndə göndərin. Nəinki özləri, heç mətbuat orqanlarını da göndərmədilər. Sonra biz Əli Həsənovun şöbəsinə zəng etmək istədik. Nəinki Əli Həsənov və köməkçisi, sıravi işçi belə zəngimizi açmadı. Biz bu prosesləri keçib gəlmişik. Və hazırda hansısa məsələ olduqda şöbə ilə rahatlıqla əlaqə saxlaya bilirik.
- Ehtiyatlanmırsınız ki, bu sözlərinizə görə sizi hakimiyyətə işləməkdə ittiham etsinlər?
- Kimin necə fikirləşməsi məni maraqlandırmır, öz işidi. Mən bilirəm ki, dövlətimə, millətimə xidmət edirəm. Hakimiyyətlə bağlı məsələlərdə də bizim mövqeyimizlə bağlı heç nə dəyişməyib. Nə vaxt müsbət hadisələr olub dəstək vermişik, indi də veririk. Çatışmayanları da açıq şəkildə tənqid edirik. Müəyyən kəsim var ki, qaralama ilə məşğul olur, onlarda özləri bilər. Bizim alnımız açıqdır, cavab verməyə də hazırıq. Bizim sosial şəbəkələr primitivdir. Düzdür sosial şəbəkə küçə kimidir, kim nə gəldi danışır. Amma başqa ölkələrdə sosial şəbəkələrdə bu qədər aşağılama, təhqir olmur. Dostayevskinin bir sözü var. Deyir: “Cahil adamla heç vaxt mübahisə eləmə, o səni öz müstəvisinə çəkib məğlub edəcək”. Ona görə cahil adamlarla mübahisə etməyə ehtiyac yoxdur.
- Qeyd etdiniz ki, partiya üzvlərinin sayı 5000 civarıdır. Bu situasiyada müxalifət partiyaların hakimiyyətə gəlməsinə necə inanırsınız?
- Biz açıq deyirik ki, mövcud hakimiyyət çox güclüdür. Biz siyasi partiyaların fəaliyyəti dövründə pik nöqtələr var idi ki, hazırda oradan aşağı düşmüşük. Siyasi partiyalar tənəzzül dövrünü yaşayır. Yekə-yekə danışmaqla deyil. Bu situasiyanı da həll etmək üçün müəyyən resurslara və zamana ehtiyac var.
- 2003-cü ildən partiyanız fəaliyyət göstərir. Elşad Musayev 23 il ərzində partiyanı hakimiyyətə gətirə bilmədi. İstefası gözlənilir?
- Heç bir problem yoxdur. Elşad Musayev partiyasını mövcud şərtlərlə qanunverici hakimiyyətə gətirə bilib. Bundan artığını etmək mümkün deyil. Seçkilərdə heç bir müxalifət partiyasına uduzmamışıq. Hər zaman səs çoxluğu bizdə olub. Mən bunu mövcud şərtlər daxilində uğur hesab edirəm. Gücümüz buna çatıb. Partiyamızı da indiyə qədər qoruyub saxlamışıq. Biz mümkün olanı həyata keçirmişik.
- Hakimiyyətdən vəzifə təklifi olsa, gedərsiniz?
- Mənim hakimiyyətlə, icra strukturunda işləmək fikrim qətiyyən yoxdur. Parlamentdəyəm və bu məni qane edir. Çünki hakimiyyətdə olan komandanın fikri, düşüncə tərzi tamam fərqlidir. Ona görə də hər hansı vəzifə təklifi olsa, getmək fikrim yoxdur.
- Milli məsələlərdə prinsipial mövqedən çıxış edirsiniz daima. Azərbaycan Ermənistan arasında real sülh əldə etmək mümkündür?
- Biz tarixən itirilmiş bütün torpaqlarımızı qaytarmaq gücündə idik. Mən də bundan yana idim və qaytardıq. Bizim qabağımıza kimlər çıxdı? Dünyanın nəhəng ölkələri. Bizim mövqeyimiz odur ki, heç bir vasitəçiyə ehtiyac yoxdur. Azərbaycan şərtləri qəbul edən tərəfdən, diktə edən tərəfə çevrilib. Ermənistanla biz vasitəçisiz danışmalıyıq deyirdik. Biz daim itirilmiş torpaqlarla bağlı, danışıqlarla bağlı milli mövqedən çıxış etmişik. Bizdən götürülən nə varsa, mən qaytarmaqdan tərəfdaram. Ermənistan ona məxsus olanın qeydiyyat kağızını ortaya qoymalıdır. Bizdən heç kim güzəşt gözləməsin. Paşinyan öhdəlik götürüb və yerinə yetirməlidir. Əgər əməl etməyib, hansısa alternativ irəli sürsə, o zaman müharibə qaçılmaz olacaq. 44 Günlük Vətən müharibəsindən 1 gün əvvəl elə partiya sədrləri var idi ki, deyirdilər “nə qədərki Putin hakimiyyətdədir müharibə olmayacaq”. Amma mənim mövqeyim açıq idi – müharibə olmalıdır və olacaq. Hazırda ən ciddi şərt Naxçıvana yol açılmasıdır. Delimitasiya, demarkasiya məsələləri sonrakı məsələlərdir. Əgər Ermənistan bunlara əməl etməsə müharibə qaçılmaz olacaq. Və bununla da Ermənistan öz dövlət müstəqilliyini itirəcək.
- Böyük Azərbaycan Partiyasının adında bir siyasi mesaj var. Siz yəqin ki, 86,6 km kvadratla razılaşmırsınız?

- Bəli. Hər məsələnin öz zamanı var. Bizim bayrağımıza baxın, ay ulduz, milli ornamentlərə baxın. Qırmızı rəng müasir Azərbaycandır, qara rəng işğal altında olan torpaqlarımız idi. Qarabağ işğal olanda bu hərflər “BAP” hamsı kəsik-kəsik idi. Qarabağ işğaldan azad olandan sonra biz o kəsikləri yığışdırdıq. Biz 2003-cü ildə Bütöv Azərbaycan şüarı ilə qurultay keçirdik. Həmin ildə heç çoxusu “B” hərfini deyə bilmirdi. Amma bizim şüarımız budur: Bütöv Azərbaycana doğru. Sadəcə hər şeyin öz zamanı var. Elə şey var indi dilə gətirmək, eləsi var sonra demək lazımdır. Amma hədəf hər zaman olmalıdır. Bizim partiyada dövlətin atributu yoxdur. Bu yanlışdır. Amma elə partiyalar var ki, gətirib salıb.
- BAP milliyətçi partiyadır elədirmi?
- Bəli.
- Bu türk olmayan digər azsaylı xalqların partiyanıza qoşulmasına problem yaratmır ki?
- Yox niyə yaratsın. Azərbaycandakı ləzgi mənə yakutlardan daha yaxındı.Biz dövlətçi partiyayıq və milli kimliyimizi kiminsə xoşuna gəlmək üçün danmırıq.

- Bu konstitusiyada təsbit olunmalıdırmı?
- Biz o vaxt dilimizin türk dili olmasını müdafiə edirdik. Doğru olan budur. Amma mövcud reallıqlar var ki, Azərbaycan dili kimi qeyd olundu. Heç kim milli kimliyini, dilini müdafiə etməkdən qorxmamalıdır.
Hazırladı: Ayhan
12:00 10.07.2026
Oxunuş sayı: 63