Televiziyalar sıradan çıxır? - Fikirlər haçalandı
"Biz batırıq, televiziya batır"... İctimai Televiziyanın baş direktoru Balakişi Qasımovun REAL TV-də "Media masası" verilişində səsləndirdiyi bu fikirlər ənənəvi medianın gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Rəqəmsal platformaların və sosial şəbəkələrin sürətlə inkişaf etdiyi bir dövrdə televiziya əvvəlki informasiya üstünlüyünü tədricən itirir, tamaşaçı auditoriyası isə getdikcə internet mühitinə yönəlir.
Balakişi Qasımov müsahibəsində bildirib ki, ənənəvi televiziya artıq əvvəlki kimi informasiya üzərində monopoliyaya malik deyil. Onun sözlərinə görə, xəbərlər ilk olaraq sosial şəbəkələrdə və xəbər saytlarında yayılır, televiziya isə daha çox həmin məlumatların təsdiqlənməsi missiyasını yerinə yetirir. Baş direktor hesab edib ki, televiziya etibarlılığını hələ də qorusa da, ənənəvi yayım modeli ciddi transformasiya mərhələsinə daxil olub.

Onun səsləndirdiyi fikirlərlə bağlı Bakı Dövlət Universitetinin Multimedia və Elektron Kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli Crossmedia.az-a açıqlamasında televiziyanın çox mürəkkəb və çətin bir dövr yaşadığını qeyd edib:
"Çünki indiyədək o, kinoya, radioya və qəzetə rəqib idi. İndi isə onun daha böyük rəqibi, həmçinin televiziyanın rəqabət apardığı bütün sahələrə üstün gələ bilən yeni media, internet və onun media törəmələri meydana çıxıb. Bunların hamısı informasiya almaq və məlumatlanmaq sahəsində tamamilə yeni və fərqli mənzərə yaradıb. Birinci növbədə, televiziyanın auditoriyası parçalanıb. İkincisi, televiziyanın öz təbiəti ilə bağlı olan bir çox məsələlərdə, məlumatın çatdırılması baxımından ciddi geriləmə müşahidə olunur. Üçüncüsü, yeni dövrə uyğunlaşmağın çətinlikləri televiziyanı xeyli dərəcədə geri salır. Amma bunlarla yanaşı, demək olmaz ki, televiziya tamamilə sıradan çıxır və tarix səhnəsini tərk edəcək. Belə düşünmürəm. Bunu dünyanın qabaqcıl təcrübəsi də göstərir. Televiziya ilk növbədə rəqabət qabiliyyətini artırmalıdır. Nəyin hesabına? Məlumatları dəqiq və dürüst çatdırmağın hesabına. Televiziya tamaşaçıları necə cəlb etməlidir? Auditoriyanın içinə daxil olmağı bacarmaqla. Öz gücünü və mötəbərliyini saxlaya bilən televiziya yaşayacaq. Güc, mötəbərlik və peşəkarlıq müasir televiziya üçün çox önəmlidir. Digər tərəfdən, tamaşaçının nəyə görə televiziyadan üz döndərdiyini araşdırmaq lazımdır".
Q Məhərrəmlinin fikrincə, hazırkı şəraitdə, bir çox televiziyalar sıradan çıxa bilər:
"Amma universal televiziyalar qalacaq, xəbər televiziyaları yaşayacaq. O cümlədən, ictimai televiziya tipli, tamaşaçı üçün müxtəlif mənbələrdən xəbərləri birləşdirib çatdıra bilən televiziyalar da fəaliyyətini davam etdirəcək. Bunun üçün televiziyanın sərbəst seçim imkanları, operativliyi və mötəbərliyi qorunduqca televiziya da yaşayacaq. Məsələn, Avropada kim deyə bilər ki, BBC sıradan çıxır? Yaxud France 1 və ya ZDF kanalının bağlanacağını kim iddia edə bilər? Skandinaviya ölkələrində də televiziya, demək olar ki, indiki dəyişikliklərdən ciddi təsirlənmir, insanlar normal şəkildə televiziya izləyirlər. Yəni cəmiyyətin strukturu, informasiyaya olan tələbatı və media savadlılığı kimi obyektiv amillər televiziyanın yaşamasına kömək edir. Ona görə də bu məsələlərdə, məncə, çox bədbin olmağa ehtiyac yoxdur. Amma başqa məsələ odur ki, televiziya yenidən transformasiya olunmalı, yenidən qurulmalı, öz strukturuna və proqram siyasətinə yenidən baxmalıdır. Bunu bacaran televiziyalar qalacaq, bacarmayanlar isə təbii ki, sıradan çıxacaq".

Televiziya üzrə mütəxxəsis Nəmənd Rüstəmov da məsələyə münasibət bildirib: "Balakişi Qasımovun biliyi və bacarığı şübhə doğura bilməz. Eyni zamanda, o, artıq 2018-ci ildən İctimai Televiziyanın rəhbəridir və bundan əvvəl də müxtəlif prodakşnlarda televiziya üçün kontent istehsalı ilə məşğul olub. Balakişi müəllim televiziya "mətbəxini" içəridən bilir. Təbii ki, proseslərin gedişatını təhlil edib öz fikirlərini söyləməsi normaldır. Prosesin içində olan insan kimi bu, boş yerdən gəlmiş qənaət deyil. Televiziyaya təkcə efir televiziyası kimi baxmaq olmaz. Media və kommunikasiya tarixinə baxanda görürük ki, əvvəl çap mediası yarandı, daha sonra kino, radio, sonra isə televiziya meydana gəldi. Bütün bunların hər birində yeni gələnin köhnəni sıradan çıxaracağı, onu yox edəcəyi qorxusu zaman-zaman olub. Amma gördüyümüz kimi, bu gün çap mediası da, kino da, radio da kifayət qədər normal fəaliyyət göstərir. Hazırda Bakıda təxminən 2-3 milyondan çox avtomobil var. Bu, o deməkdir ki, ən azı 2-3 milyon potensial radio dinləyicisi var. Eyni vəziyyət televiziyaya da aiddir. İndi smart sistemlər yaranandan, süni intellekt həyatımıza daxil olandan və texnoloji alətlər transformasiya olunandan sonra vəziyyət fərqlidir. Ən son istehsal olunan televiziyalarda çoxsaylı tətbiqlər mövcuddur. Bir tətbiq vasitəsilə yüzlərlə filmə baxmaq mümkündür. Çox uzağa getməyək, Azərbaycanda da müxtəlif mobil tətbiqlər vasitəsilə bu imkanlar mövcuddur. Onunla razılaşıram ki, televiziyaya baxan auditoriyanın yaşı xeyli artıb. Bu, cəmiyyətin informasiya tələbatının olmadığı anlamına gəlmir. Lakin demək olar ki, informasiyanı əldə etmə forması dəyişib. İnsanların zaman-zaman "ekran sevdası" olur. Məsələn, əvvəllər uzun müddət televiziyanı "təkgözlü şeytan" adlandırırdılar. Onu zamanın idarəedicisi hesab edirdilər. Bu gün də küçədə gedərkən fikir verəndə görürük ki, hamının başı aşağıdadır, gözü ekrandadır. Hamı sanki oradan nəsə gözləyir, maraqlı bir məlumat əldə etmək istəyir. Hətta bu, əvvəlkindən qat-qat güclü şəkildə özünü göstərir. Uzun zamandır yetkinlik yaşına çatmayanların mobil cihazlardan və sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması müzakirə olunur. Telefonda o qədər oyun var ki, insanlar yaşından asılı olmayaraq onları oynayırlar. Bütün bu reallıqlar onu deməyə əsas verir ki, texniki baxımdan ənənəvi televiziyada müəyyən dəyişikliklər olacaq. Həmin debatda iştirak edən tərəflər dövlət büdcəsindən maliyyələşən və maliyyə sıxıntısını ciddi hiss etməyən televiziya rəhbərləri idi".
N.Rüstəmov ən ciddi mənzərəni özəl televiziyalarda gördüyünü söyləyib:
"Hazırda özəl televiziyalar ciddi maliyyə çətinlikləri yaşayır. Televiziya, ən azı Azərbaycanda, son onilliyinin ən çətin dövrünü yaşayır. Nə qədər ki, dövlət büdcəsindən televiziyaların maliyyələşdirilməsi davam edir və televiziyanın gücünə ehtiyac duyulur, hətta etiraf olunur ki, televiziyalar sosial şəbəkələrə uduzur, bu, yaxın gələcəkdə televiziyanın tam süqutunu deyil, forma və məzmun dəyişikliyini yaşayacağını göstərir. Artıq telefon vasitəsilə də televiziyanı izləmək mümkündür. Televiziya gənc auditoriyanı itirir. Amma nə qədər ki, dövlətlər və cəmiyyətlər televiziyanın gücünü görür, onu ən mühüm rəsmi xəbərvermə vasitələrindən biri kimi istifadə edir, televiziyanın yaşayacağına ümidvaram".
Ekspertin sözlərinə görə, ağıllı televiziya menecerləri başa düşürlər ki, yalnız 35-45+, yaxud 65+ yaş auditoriyasına köklənərək fəaliyyət qurmaq mümkün deyil:
"Ona görə də bütün televiziyalar işlərini elə qurublar ki, həm internetdə, həm də sosial şəbəkələrdə səhifələri olsun. Efirə gedən materiallar sonradan internet vasitəsilə də yayımlanır. Məsələn, İctimai Televiziya hazırda futbol üzrə dünya çempionatının ölkədə rəsmi yayımçısıdır. Canlı oyunlardan sonra qarşılaşma ilə bağlı sosial şəbəkələrdə qısa videolar paylaşılır. Qısa müddət ərzində minlərlə paylaşım olur. Yəni televiziyalar işlərini sosial şəbəkələrlə paralel şəkildə qursalar, bu, nəinki zərərinə, əksinə, xeyrinə ola bilər. Bundan əlavə, hazırda media kontenti sahəsində konvergensiya prosesi baş verir. Artıq jurnalistlər universallaşırlar. Onların hazırladığı kontenti həm internet üzərindən, həm foto formatında, həm də Instagram, YouTube və Facebook kimi sosial şəbəkələrdə paylaşmaq imkanı yaranıb. Sosial şəbəkələr televiziya qədər peşə prinsiplərinə əməl etməyə bilər. Amma ciddi dövlət büdcəsi ilə maliyyələşən televiziyalar jurnalistikanın prinsiplərinə və qanunvericiliyin tələblərinə əməl etməyə məcburdurlar. Ona görə də hesab edirəm ki, bu amillər televiziyanın hələ uzunömürlü olmasına zəmin yaradacaq".
Fatimə Məmmədova
11:01 07.07.2026
Oxunuş sayı: 134