OPEC+ ölkələri neft hasilatını yenidən artırır
OPEC+ ölkələri avqust ayından gündəlik neft hasilatını 188 min barel artırmaq qərarı qəbul edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Al Jazeera məlumat yayıb.
Qərar qlobal neft bazarındakı vəziyyətin qiymətləndirilməsinə həsr olunmuş virtual iclasın yekununda qəbul edilib.
Məlumata görə, bu, 2023-cü ildə tətbiq olunan könüllü hasilat məhdudiyyətlərinin mərhələli şəkildə ləğvi çərçivəsində ardıcıl beşinci aylıq hasilat artımıdır.
Hasilatın artırılmasında Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman iştirak edəcək.
OPEC+ bəyan edib ki, üzv ölkələr bazardakı vəziyyəti diqqətlə izləməyə davam edəcək və zərurət yaranacağı təqdirdə hasilatın artırılması, yaxud məhdudiyyətlərin yumşaldılmasının dayandırılması və ya ləğv edilməsi barədə qərar qəbul edə biləcəklər.
Al Jazeera qeyd edir ki, qərar ABŞ, İsrail və İran arasında hərbi qarşıdurmanın başa çatmasından sonra qlobal neft bazarında müşahidə olunan sabitləşmə fonunda verilib. Bildirilir ki, Brent markalı neftin qiyməti münaqişədən əvvəlki səviyyəyə qayıdıb, Hörmüz boğazı vasitəsilə gəmiçilik də tədricən bərpa olunur.
Qeyd edək ki, OPEC+ ölkələrinin növbəti iclası avqustun 2-də keçiriləcək və həmin görüşdə dünya neft bazarındakı vəziyyət, eləcə də hasilatın gələcək həcmi yenidən müzakirə olunacaq.
17:36 06.07.2026
Oxunuş sayı: 43