KİV: Ermənistan ordusunda seçkilərlə bağlı yoxlamalara başlanılıb
Ermənistan Müdafiə Nazirliyində parlament seçkiləri ilə bağlı hərbi qulluqçular arasında daxili yoxlamalara başlanıldığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
Nəşrin iddiasına görə, müdafiə qurumunun rəhbərliyi tərəfindən hərbi hissələrə şəxsi heyətin parlament seçkilərində iştirakına dair daxili araşdırma aparılması barədə göstəriş verilib.
Qəzet yazır ki, yoxlamaların məqsədi seçkilər ərəfəsində verilmiş göstərişləri yerinə yetirən, bitərəf mövqe tutan və ya onları icra etməyən şəxsləri müəyyənləşdirməkdir.
Məqalədə iddia olunur ki, göstərişləri yerinə yetirmədiyi müəyyən edilən hərbçilərdən istefa ərizəsi yazmaları tələb oluna bilər. Eyni zamanda, verilən tapşırıqları fəal şəkildə icra edən şəxslərin vəzifədə irəli çəkilməsi, digərlərinin isə aşağı vəzifələrə keçirilməsi ehtimalının olduğu qeyd edilir.
"Hraparak" həmçinin iddia edir ki, seçkiqabağı dövrdə hakim "Vətəndaş Müqaviləsi" Partiyasının xeyrinə səslərin toplanması prosesinə bəzi hərbi və hüquq-mühafizə strukturlarının nümayəndələri də cəlb olunub.
Qeyd edək ki, bu məlumatlar "Hraparak" qəzetinin iddialarına əsaslanır və Ermənistan Müdafiə Nazirliyi tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
11:37 04.07.2026
Oxunuş sayı: 66