Fransada meşə yanğınları: 3 minə yaxın insan təxliyə edildi
Fransanın cənub və cənub-qərb bölgələrində anomal isti hava şəraiti səbəbindən baş verən meşə yanğınları nəticəsində 3 minə yaxın insan təxliyə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Sen-Mari-la-Mer kommunasında təxminən 3 min nəfər təhlükəsizlik məqsədilə ərazidən çıxarılıb. Yanğınlar çoxsaylı kempinqlərə ziyan vurub.
Oksitaniya bölgəsində qeydə alınan digər iri yanğın ocağı isə 9 kvadratkilometr ərazini əhatə edib. Güclü külək alovun söndürülməsini çətinləşdirir.
Bildirilir ki, mövsümün əvvəlindən Fransada ümumilikdə 7 minə yaxın yanğın qeydə alınıb. Alovun məhv etdiyi ərazilərin ümumi sahəsi 8 700 hektara çatıb.
Təbii fəlakətlə mübarizəyə 2 minə yaxın yanğınsöndürən cəlb olunub. Fransa hakimiyyəti yaxın günlərdə yeni isti hava dalğasının gözlənildiyini bildirərək yüksək yanğın təhlükəsinin davam edəcəyi barədə xəbərdarlıq edib.
11:27 03.07.2026
Oxunuş sayı: 52