Piyadalara yol verməyən sürücülər üçün yeni cəza mexanizmi...
Son günlər piyada keçidlərində daha çox qəzalar baş verir. Belə ki, işıqforun olmadığı piyada keçidlərində sürücülər avtomobilləri saxlamaq istəmir və bu zaman piyadaların həyatı ciddi təhlükə ilə üz-üzə qalır. Bu halların bir neçə dəfə təkrarlanması ciddi qəzalara səbəb olub. Qanunvericilik piyada keçidində piyadalara yol verməyən sürücülərə cərimə yazılır. Maraqlıdır cərimə olsa da sürücülər piyadalara yol vermək istəmir. Cəzalar sərtləşdirilməlidirmi?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev Crossmedia.az-a açıqlama verib:
"Piyada keçidlərində baş verən qəzaların sayının artması artıq təsadüfi hadisələr deyil, yol hərəkəti təhlükəsizliyi sahəsində ciddi sistemli problemin göstəricisidir. Bu cür qəzaların əsas səbəblərindən biri sürücülərin piyada keçidinə yaxınlaşarkən sürəti vaxtında azaltmaması və piyadaya üstünlük verməməsidir. Digər tərəfdən, bəzi piyadalar da mobil telefondan istifadə edərək, qulaqlıqla hərəkət edərək və ya nəqliyyat vasitəsinin tam dayandığına əmin olmadan qəfil yolun hərəkət hissəsinə çıxırlar. Yəni məsuliyyət hər iki tərəfin üzərinə düşsə də, daha yüksək məsuliyyət avtomobili idarə edən sürücünün üzərindədir. Mən hesab edirəm ki, bu problemin həlli yalnız cərimələrin artırılması ilə mümkün deyil. İlk növbədə, ölkə üzrə davamlı və peşəkar maarifləndirmə kampaniyaları aparılmalıdır. Məktəblərdə, ali təhsil müəssisələrində, sürücülük kurslarında və kütləvi informasiya vasitələrində piyada keçidindən düzgün istifadə mədəniyyəti mütəmadi şəkildə təbliğ olunmalıdır. İnsanlar anlamalıdır ki, piyada keçidi sadəcə yol nişanı deyil, insan həyatının qorunduğu təhlükəsizlik zonasıdır. Qanunvericilikdə də müəyyən sərtləşdirmələr faydalı ola bilər. Məsələn, piyada keçidində piyadaya yol verməyən sürücülər təkrar eyni qayda pozuntusuna yol verərsə, daha yüksək cərimə, daha çox cərimə balı, sürücülük hüququnun müəyyən müddətə məhdudlaşdırılması və məcburi təhlükəsiz sürücülük təlimlərinə cəlb olunması kimi tədbirlər tətbiq edilə bilər".

Ekspert vurğulayıb ki, bu, həm cəzalandırıcı, həm də tərbiyəedici təsir göstərər: "Bununla yanaşı, infrastrukturun təkmilləşdirilməsi də vacibdir. Xüsusilə gecə saatlarında piyada keçidlərinin işıqlandırılması gücləndirilməli, LED işıqlı keçidlər, sürət azaldıcı mühəndis həlləri, xəbərdaredici nişanlar və nəzarət kameralarının sayı artırılmalıdır. Məktəb, xəstəxana və insanların sıx istifadə etdiyi ərazilərdə piyada keçidlərinin təhlükəsizlik səviyyəsi daha da yüksəldilməlidir. Beynəlxalq təcrübə göstərir ki, piyada təhlükəsizliyi yalnız cərimələrlə deyil, “təhlükəsiz sistem” yanaşması ilə təmin olunur. Yəni qanunvericilik, nəzarət, maarifləndirmə və müasir yol infrastrukturu birlikdə tətbiq edildikdə qəzaların sayı əhəmiyyətli dərəcədə azalır. Ən vacibi isə cəmiyyətin düşüncəsi dəyişməlidir. Sürücü başa düşməlidir ki, piyada keçidində yol vermək sadəcə qanun tələbi deyil, insan həyatına hörmətin göstəricisidir. Piyada isə öz üstünlüyünə arxayın olub ehtiyatsız davranmamalı, hər zaman təhlükəsizliyinə əmin olduqdan sonra yolu keçməlidir. Yol hərəkəti təhlükəsizliyi qarşılıqlı məsuliyyət, qarşılıqlı hörmət və düzgün davranış mədəniyyəti üzərində qurulmalıdır".
Ayhan
21:00 01.07.2026
Oxunuş sayı: 51