Xəzərdə "vodolazlar"ın olması iddiası yenidən gündəmdə
Yay mövsümünün başlaması ilə birlikdə Xəzər dənizində boğulma halları da diqqət çəkəcək dərəcədə artıb. Baş verən faciələr cəmiyyətdə narahatlığı artırmaqla yanaşı, müxtəlif iddiaların və şayiələrin yayılmasına da səbəb olub. Uzun illərdir insanlar arasında dolaşan iddialardan birinə görə, guya dənizdə suyun altında gizlənən "vodolazlar" insanları qəsdən suyun dibinə çəkir, daha sonra isə meyitin sudan çıxarılması üçün ailələrdən pul tələb olunur. Bu iddialar geniş müzakirə olunsa da, onların həqiqəti əks etdirib-etdirmədiyi sual doğurur.
Sözügedən iddiaların əsassız olub-olmaması ilə bağlı təhlükəsizlik eksperti İlkin Məmmədkərimov Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, dənizdə insanları suyun altına çəkən "vodolazlar" barədə yayılan fikirlərin heç bir əsası yoxdur:

"Uşaqlıqdan böyüklərimizdən eşidirdik ki, guya suyun altında "vodolazlar" olur, onlar insanları qəsdən suyun dibinə çəkir, daha sonra isə meyiti tapıb çıxarmaq üçün pul alırlar. Lakin bunlar tamamilə əsassız və cəfəng iddialardır. Vətəndaşlar dövlət qurumlarının xəbərdarlıqlarını diqqətlə izləməli, bu barədə yayılan rəsmi məlumatları xəbər saytları və televiziya kanalları vasitəsilə izləməlidirlər. Küləkli hava şəraitində dənizə girmək olmaz. Həmçinin çimərlik mövsümü rəsmi elan edilmədən, suyun temperaturu və təhlükəsizlik vəziyyəti ilə bağlı məlumatları nəzərə almadan dənizə üz tutmaq düzgün deyil".
Fatimə Məmmədova
16:00 01.07.2026
Oxunuş sayı: 55