Kriptovalyuta bazarında yeni mərhələ: Azərbaycanda hüquqi baza formalaşdırılır
Azərbaycanda rəqəmsal maliyyə bazarının hüquqi çərçivəsinin formalaşdırılması istiqamətində mühüm addım atılır. Belə ki, 2026-cı ilin sonunadək virtual aktivlər və kriptovalyuta bazarının tənzimlənməsini nəzərdə tutan qanunun qəbul ediləcəyi gözlənilir. Artıq Azərbaycan Mərkəzi Bankı qanun layihəsinin yekun variantını hazırlayaraq aidiyyəti dövlət qurumlarına təqdim edib. Yeni hüquqi çərçivənin kriptovalyuta bazarına hansı yenilikləri gətirəcəyi, investorlar və bu sahədə fəaliyyət göstərən şəxslər üçün hansı imkanları yaradacağı maraq doğurur. Bu baxımdan sual yaranır: qəbul edilməsi gözlənilən qanunun əhəmiyyəti və mahiyyəti nədən ibarətdir?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli
Crossmedia.az-a açıqlama verib:
“Bu qanunun əhəmiyyəti ondan ibarətdir ki, ölkədə
kriptovalyuta mininqi, yəni kriptovalyuta istehsalı ilə məşğul olan, həmçinin
kriptovalyutanın alqı-satqısını həyata keçirən şəxslər üçün hüquqi baza
formalaşdırılacaq. Hazırda bu sahəni tənzimləyən ayrıca qanunvericilik mövcud
deyil. Bu gün Azərbaycan vətəndaşları xarici kriptobirjalarda, məsələn,
Binance, Coinbase və digər platformalarda alqı-satqı aparmaq üçün vəsaitlərini
müxtəlif təyinatlarla xaricə köçürürlər. Yəni insan 1 milyon manatlıq səhm ala
bilər, 5 milyon manatlıq əmlak əldə edə bilər, 50 milyon manatlıq şirkət ala
bilər, amma 1 manatlıq kriptovalyuta almaq üçün konkret hüquqi əsas yoxdur.
Buna görə də vəsaitlər müxtəlif yollarla xaricə göndərilir. Düzdür,
qanunvericiliyə əsasən hər bir vətəndaşın öz hesabından müəyyən həddə qədər –
hazırda 20 min ABŞ dollarına qədər – xaricə vəsait köçürmək hüququ var.
İnsanlar da bu imkandan istifadə edərək vəsaitlərini xarici kriptobirjalara
göndərir və alqı-satqı əməliyyatlarını orada həyata keçirirlər”.

İqtisadçı əlavə edib ki, qəbul olunacaq
qanunla bu məsələlərin hüquqi əsasları müəyyənləşdiriləcək ki, ölkə daxilində
investorlar da kriptovalyuta alıb-sata bilsinlər: “Eyni zamanda kriptovalyuta
mininqi ilə bağlı fəaliyyət də hüquqi çərçivəyə salınacaq. Mininq kompüter
avadanlıqları vasitəsilə hesablamaların aparılması, məlumat bazalarının işlənməsi
və bunun nəticəsində rəqəmsal aktivlərin əldə olunması prosesidir. Böyük
ehtimalla qanun kriptovalyuta mininqi ilə bağlı fəaliyyətin hüquqi tənzimlənməsini,
alqı-satqı qaydalarını və bu sahədə fəaliyyət göstərən subyektlərin hüquq və vəzifələrini
müəyyən edəcək. Ümumiyyətlə, belə bir qanunun qəbul olunması müsbət haldır.
Hazırda Mərkəzi Bank “sandbox” rejimi tətbiq edir. “Sandbox” rejimi tam hüquqi baza formalaşmasa da, Mərkəzi
Bankın müəyyən etdiyi qaydalar çərçivəsində kriptovalyuta sahəsində fəaliyyət
göstərən bəzi “exchange” platformalarının, yəni alqı-satqı xidmətləri təqdim edən
platformaların məhdud şəkildə fəaliyyətinə imkan verilir. Görünür, indi bununla
paralel olaraq qanunvericilik bazası da formalaşdırılır ki, gələcəkdə bu sahənin
daha geniş şəkildə tətbiqi və tənzimlənməsi mümkün olsun”.
Ayhan
19:00 29.06.2026
Oxunuş sayı: 49