London–Bakı hərbi əməkdaşlığında yeni dövr: Müdafiə sənayesində böyük hədəflər
Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dunkan Norman "X" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, London Bakı ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir. Böyük Britaniya və Azərbaycan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq illərdir inkişaf edən xətt üzrə davam edir. Dövlətlər arasında müdafiə sənayesi üzrə əməkdaşlıq isə xüsusən Azərbaycanın suverenliyinin bərpasından sonra başladı. Yeni əməkdaşlıq istiqamətinin inkişaf etdirilməsi tərəflərə yeni hədəflər və böyük layihələr vəd edir.
Mövzu ilə bağlı
ekspertlər Crossmedia.az-a açıqlama verib:
Milli Məclisin
deputatı Fariz İsmayılzadə bildirib ki, Azərbaycan–Böyük Britaniya münasibətləri
hazırda inkişaf mərhələsini yaşayır: “Xüsusilə II Qarabağ müharibəsindən sonra
Azərbaycanın müdafiə sənayesinə Avropa ölkələrinin marağı əhəmiyyətli dərəcədə
artıb. Bu ölkələr sırasında Böyük Britaniya da yer alır. Hazırda Böyük
Britaniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyəti bərpa
olunub. Hər iki ölkənin parlament və hökumət nümayəndələri strateji tərəfdaşlığın
daha da inkişaf etdirilməsi istiqamətində iş aparırlar. Bu strateji tərəfdaşlıq
çərçivəsində bir sıra yeni əməkdaşlıq sahələrinin formalaşdırılması nəzərdə
tutulur. Həmin istiqamətlərdən biri də müdafiə sənayesi sahəsidir və bu sahədə
yeni istehsal imkanları araştırılır”.

Deputat əlavə edib ki, digər tərəfdən, Azərbaycan Böyük Britaniyanın qabaqcıl texnologiyalarını, o cümlədən süni intellekt həllərini ölkəyə cəlb etmək niyyətindədir: “Bu sahənin inkişaf etdirilməsi Azərbaycan hökumətinin prioritet istiqamətlərindən biridir. Yəni, bu baxımdan hazırda yeni əməkdaşlıq sahələri və yeni imkanlar açılır. Təbii ki, müharibədən əvvəl belə imkanlar mövcud deyildi. Çünki Avropa ölkələri Azərbaycan və Ermənistan arasında balansı qorumaq məqsədilə hərbi əməkdaşlıq məsələsində daha ehtiyatlı davranmağa çalışırdılar. Lakin hazırda vəziyyət dəyişib. Yeni imkanlar yaranıb və bu istiqamətdə müzakirələr davam etdirilir”.
Politoloq
Aydın Quliyev isə qeyd edib ki, Britaniya–Azərbaycan hərbi əməkdaşlığını şərti
olaraq iki mərhələyə bölmək olar: “Birinci mərhələ 2020-ci il Vətən müharibəsinə
qədər olan dövrü, ikinci mərhələ isə müharibədən sonrakı dövrü əhatə edir. Birinci
mərhələdə Böyük Britaniya ilə Azərbaycanın hərbi sahədə əməkdaşlığı o qədər də
dərin və uzunmüddətli strateji xarakter daşımırdı. Əməkdaşlıq əsasən hərbi-texniki
təhsil istiqamətində müəyyən layihələrin həyata keçirilməsi ilə məhdudlaşırdı.
Lakin 2020-ci il Vətən müharibəsi başa çatdıqdan və Azərbaycanın ərazi
bütövlüyü təmin olunduqdan sonra Böyük Britaniya ilə hərbi-texniki əməkdaşlıq
sahəsində yeni və daha geniş bir mərhələ başladı. Təsadüfi deyil ki, məhz
müharibədən sonra Böyük Britaniya Azərbaycandakı səfirliyinə hərbi attaşe təyin
etdi. Eyni zamanda, Azərbaycana silah və hərbi texnikanın satışı ilə bağlı müəyyən
proqram sənədləri də qəbul olundu. Beləliklə, Vətən müharibəsi həm Azərbaycanın
xarici hərbi əməkdaşlıq imkanlarını genişləndirdi, həm də Böyük Britaniyanın
artıq müharibə vəziyyətindən çıxmış Azərbaycanla müdafiə sahəsində əməkdaşlığını
inkişaf etdirməsinə şərait yaratdı”.

Politoloq əlavə
edib ki, Qarabağ münaqişəsinin başa çatması və müharibə amilinin aradan
qalxması Britaniya ilə Azərbaycanın münasibətlərində enerji əməkdaşlığından kənarda,
daha geniş əməkdaşlıq perspektivləri açdı: “Bu yeni istiqamətlərdən biri də məhz
hərbi və müdafiə sahəsində əməkdaşlıqdır. Hazırda Azərbaycanın Böyük Britaniya
ilə müdafiə sahəsində hər hansı məhdudiyyətlə üzləşməyən əməkdaşlıq siyasəti
mövcuddur. Böyük Britaniya da Azərbaycanla hərbi əməkdaşlığın inkişafı
baxımından qarşısında hər hansı maneə görmür. Nəzərə alsaq ki, Azərbaycan həm
NATO ilə müxtəlif proqramlar çərçivəsində əməkdaşlıq edir, həm də NATO-ya üzv
ayrı-ayrı dövlətlərlə müdafiə əlaqələrini dinamik şəkildə inkişaf etdirir, bu
baxımdan Böyük Britaniya ilə əməkdaşlıq da həmin siyasətin mühüm tərkib hissəsidir.
Beləliklə, Vətən müharibəsindən sonra Azərbaycan ilə Böyük Britaniya arasında
müdafiə sahəsində əməkdaşlıq hər iki ölkə üçün açılmış yeni və perspektivli əməkdaşlıq
istiqamətlərindən birinə çevrilib”.
Ayhan
20:30 27.06.2026
Oxunuş sayı: 48