ŞOK: COVİD 19-u ABŞ təşkilatı yayıb
Qlobal miqyasda humanitar və iqtisadi layihələrin maliyyələşdirilməsi missiyası ilə yaradılan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti son dövrlər həm ABŞ daxilində, həm də beynəlxalq arenada ciddi ittihamlarla gündəmdədir. Xüsusilə milyarder İlon Maskın sosial şəbəkədə agentliyin COVID-19 virusunun yaradılmasında mərkəzi rol oynadığına dair iddiası, bu təşkilatın qlobal proseslərdəki pərdəarxası fəaliyyəti barədə müzakirələri yenidən alovlandırıb. Təşkilatın dünyadakı humanitar problemləri həll etmək əvəzinə, müəyyən siyasi dairələrin maraqlarına xidmət edən bir alətə çevrilməsi ittihamları müxtəlif ölkələrin siyasi analitikləri tərəfindən yaxından izlənilir.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, bir zamanlar məhz ABŞ tərəfindən yaradılmasına baxmayaraq, hazırda bu qurumun fəaliyyəti rəsmi Vaşinqtonun özündə də qənaətbəxş hesab olunmur və kəskin tənqid edilir:

"Təsadüfi deyil ki, bir müddət öncə ABŞ prezidenti Donald Tramp da USAID-i çox sərt şəkildə tənqid etmişdi və hətta quruma verilən dəstək kəsilmişdi. Bu təşkilat dünyadakı əsas problemləri həll etmək əvəzinə, əlavə problemlər yaratmaqla və konkret olaraq agentura xidməti şəklində fəaliyyət göstərməklə məşğuldur. Qurum bir və ya bir neçə dövlətin maraq dairələrinin alətinə çevrilib. Məsələn, Azərbaycana qarşı ermənipərəst dairələr USAID-dən açıq şəkildə istifadə edirdilər və bu müddətdə təşkilat ölkəmizə qarşı konkret qərəzli mövqe tutdu. Bayden administrasiyası dövründə Antoni Blinken komandası tərəfindən USAID-ə verilən dəstək, faktiki olaraq bu qurumun siyasətindən istifadə edərək Azərbaycana qarşı yönəldildi. Fransa kimi digər ölkələr də bu platformadan öz maraqları üçün geniş istifadə edirlər".
Ekspertin sözlərinə görə, təşkilatın fəaliyyəti təkcə digər ölkələrin daxili mühitini deyil, həm də qlobal təhlükəsizliyi təhdid edə biləcək xarakter alıb:
"Bu fəaliyyət forması təkcə Azərbaycana qarşı deyil, təşkilatın yaradıldığı ABŞ dövlətinin özünə qarşı belə mənfi xüsusiyyətlər daşıyır. Ümumiyyətlə, bu təşkilatın əsas funksiyası kənar dövlətlərin oturuşmuş daxili siyasətinə qarşı yönəlməkdir. İlon Maskın iddiaları fonunda yanaşsaq, bu qurumdan bir alət kimi istifadə edərək dünyada virus yaymaq variantı da istisna deyil. Əgər bu vaxta qədər USAID-in əli ilə fərqli regionlarda çoxlu sayda siyasi xaoslar yaradılıbsa, dövlətlərarası münasibətləri pozmaq məqsədilə hansısa bir virusun yaradılması prosesində bu platformadan istifadə edilməsi də tamamilə real görünür".
Fatimə Cabbarlı
11:00 26.06.2026
Oxunuş sayı: 56