Starmer istefa verdi: Bundan sonra nələr gözlənilir?
Siyasi liderlərin beynəlxalq arenadakı ritorikası sadəcə diplomatik bəyanatlardan ibarət deyil; bu, həm də qlobal güc balansını, ideoloji toqquşmaları və daxili siyasi maraqları əks etdirən strateji bir gedişdir. ABŞ lideri Donald Tramp və Böyük Britaniyanın istefa vermiş baş naziri Kir Starmer arasındakı münasibətlər, xüsusilə enerji, miqrasiya və xarici siyasət müstəvisindəki kəskin fikir ayrılıqları müasir dünya siyasətinin ən diqqətçəkən dinamikalarından birini formalaşdırır. Tramp Starmerə yönəlmiş sərt tənqidləri ilk baxışdan iki müttəfiq ölkə arasındakı rəqabət kimi görünsə də, reallıqda bu bəyanatlar daha dərin, qlobal və ideoloji bir mübarizənin təzahürüdür. Əgər Britaniyada hökumətin istefası ilə Tramp məqsədinə çatmış hesab olunursa, bundan sonrakı dövr üçün nələr gözlənilir:

Siyasi vəziyyətin perspektivləri ilə bağlı Ümid partiyasının sədr müavini, siyais şərhçi Tamilla Qulami Crossmedia.az-a açıqlama verib: "Böyük Britaniya siyasətində Kir Starmerin istefası gözlənilməz hadisə sayılsa da, son aylarda baş verən proseslər fonunda atılan bu addımın müəyyən mənada məntiqi nəticə olduğunu demək mümkündür. Baş nazir vəzifəsinə gəldikdən sonra Starmerin qarşısında dayanan əsas məsuliyyət həm ölkənin iqtisadi problemlərinin həlli, həm də seçicilərin siyasətə olan inamının bərpası idi. Lakin hökumətin fəaliyyətinin ilk dövründə gözlənilən nəticələrin tam əldə olunmaması onun siyasi mövqelərini zəiflətdi.
Xüsusilə də son seçkilərdə Leyboristlər Partiyasının gözləniləndən
aşağı nəticələr göstərməsi partiya daxilində ciddi narazılıq yaratdı. Bir çox
deputatlar hesab edirdilər ki, hökumət seçkiqabağı vədləri həyata keçirməkdə çətinlik
çəkir və bu, seçici dəstəyinin azalmasına səbəb olur. Bu istiqamətlərdəki
etirazlar partiya daxilində liderlik məsələsini yenidən gündəmə gətirməyə əsas
oldu və Starmer üzərində təzyiq ciddi şəkildə artmağa başladı.
Həmçinin qeyd etmək lazımdır ki, iqtisadiyyat, sosial təminat və miqrasiya siyasəti ilə bağlı problemlər hökumətin ictimai dəstəyini zəiflədən əsas amillərdən biri oldu. Seçicilərin bir hissəsi hökumətin kifayət qədər çevik və qətiyyətli qərarlar qəbul etmədiyini qənaətində idu. Bu amillər Baş nazirin şəxsi reytinqinə də mənfi təsir göstərərək, demək olar ki, onun siyasi manevr imkanlarını məhdudlaşdırdı".
O, düşünür ki, Starmerin istefasının arxasında yalnız cari siyasi böhran deyil, həm də Leyboristlər Partiyasının gələcək seçkilərə daha güclü liderlə getmək istəyi dayanır: "Həm də ola bilsin, partiya rəhbərliyi hesab edir ki, yeni liderin ortaya çıxması həm ictimai rəyi dəyişmək, həm də seçicilərin etimadını yenidən qazanmaq baxımından daha effektiv olar. Lakin Starmerin istefası Böyük Britaniya kimi ölkələrdə siyasi kursun tam dəyişməsi demək deyil. Onun bu qərarı Leyboristlər Partiyası daxilində yeni qüvvələr nisbətinin formalaşmasına, hökumətin fəaliyyətində müəyyən korrektələrin edilməsinə və ölkənin daxili siyasi gündəmində yeni mərhələnin başlanmasına səbəb ola bilər".
Turqut Ansari
11:40 23.06.2026
Oxunuş sayı: 51