Araşdırma

Erkən türklər kimdir? - ARAŞDIRMA (II YAZI)

Savromatlar/Sarmatlar. Antik mənbələr e. ə. IX əsrdən etibarən skiflərdən şərqdə -Tanais (Don) çayından solda yaşayan savromat/sarmat tayfaları haqqında məlumatlar verir. Artamanov antik müəlliflərin əsərlərinə istinad edərək e. ə. III əsrdən etibarən onların “sarmat” kimi qeyd edildiyini bildirir. Herodot savromatların skiflərlə birlikdə Şərqdən gəldiklərini yazır. Böyük sarmatoloq K.F.Smirnov isə savromatların e. ə. VII əsrdə Cənubi Uraldan gəldikləri və Azov dənizi sahillərində məskunlaşdıqları fikrini irəli sürür. O, hətta savromatların irandilli olduqlarını iddia etməkdədir və ona görə sarmatlar –“Şərqi Avropanın farsdilli köçəriləridir”. Arxeoloji qazıntılar nəticəsində əldə olunan məlumatlar sarmatların Yaik çayı və Xəzər dənizinin şərqindəki bozqırlarda yaşadıqları və müəyyən bir zaman zərfində buradan qərbə doğru köç etdikləri qəbul edilmişdir. Bütövlükdə, şərqdə Aral gölündən qərbdə İdil ətrafı və bozqırlarına, Şimali Qafqazdan Qafqaz dağlarına qədər uzanan coğrafiya antik mənbələrdə Sarmatiya olaraq qeyd olunur.  

Sarmatların etnik mənsubiyyəti ilə əlaqədar indiyədək tarixşünaslıqda müxtəlif mülahizələr mövcuddur. Bir sıra tədqiqatçılar (K.Noyman, E.Zabelin, N.Nadejdin) sarmatların ilk olaraq slavyanmənşəli olduğu fərziyəsini irəli sürdülər. Daha sonra isə sarmatların irandilli (K.F.Smirnov, V.İ.Abayev, V.Miller, F.Şpiqel, K.Müllenhof, M.Fasmer, Y.Harmatta) olmaları fikri qüvvətlənməyə başladı. Son tədqiqatlarda isə sarmatların türkdilli (Q.Qeybullayev, Y.Yusifov, F.Cəlilov, Qamkrelidze, İvanov, Laypanov, Miziyev) olmaları ilə bağlı tutarlı yeni faktlar gətirilməkdədir. Qeyd edək ki, sarmatlar arasında türk tayfalarından başqa slavyan, fars, fin-uqor və başqa xalqlar da təmsil olunurdular. Müasir dövrdə qaraqalpaqlar ara-sında sarmat adında bir etnik qrup mövcuddur. Bundan başqa, Qazaxıstanda “Sar-mat teleu” (“Sarmat qəbiləsi”), həmçinin əhalisi qazaxlardan ibarət Sarmat kəndi vardır.

Sarmatların türk etnosuna mənsub olması fərziyəsini etnoqrafiq və antropoloji məlumatlar da təsdiqləyir. Bu barədə tarixçilərin və coğrafiyaçıların verdiyi məlumatlar çox önəmlidir. Bir çox antropoloqların fikrincə, skif və sarmatların bəzilərində monqoloid cizgilərin olması onların türk etnosuna mənsub olduğunu göstərir. Belə ki, eramızın I əsrinə aid sarmat qəbirlərindəki heykəlciklərdə kişi fiquru çarpaz gözlü, yastıburunlu və əyri ayaqlı kimi təsvir edilmişdir. Antropoloji tədqiqatlar Avropa sarmatlarının kəllələrinin Dağlıq Altay bölgəsinin Pazırıq kurqanlarından çıxan Asiya skiflərinin kəllələri ilə müqayisəsi nəticəsində sarmatların qədim türklərlə etnik yaxınlığını sübut edir.  

Abayev sarmat adının fars dilində guya, “qara saçlı”, “qara qalpaqlı”, “qara əlli” və “boz atlı” mənasında işləndiyini yazır. Lakin sarmat etnonimi türk dillərində asanlıqla izah olunur. M.Z.Zəkiyevin fikrincə, “sarmat”, “sarma” –“sarı”, “boz” sözünə əsaslanır və “başkort” (başkir) etnonimində olduğu kimi “t” şəkilçisi  əlavə olunmaqla çoxluq mənasında işlənmiş olur. P.F.Sum isə sarmat sözünün “sarı insanlar” mənasında işləndiyini yazmışdır. Çünki onlar sarı saçlı idilər. Sarmat etnonimi  “sar”, “sarı” deməkdir.

  
Tədqiqatçılara görə, Volqaboyu və Ural düzlərinə, Şimali Qafqaza və Qara dəniz sahillərinə (Atalkuz) köç edən sarmatlar burada bir neçə tayfa birləşmələrinə ayrıldılar. Birinci birləşmənin adı sarmatlar, ikinci birləşməyə daxil olanlar isə siraklar adlanırdı. O zaman siraklar Şimali Qafqaz bozqırlarında məskunlaşan tayfalara hakimlik edirdilər. E. ə. II əsrdə Don və Dnepr çayları arasındakı ərazilərdə məskunlaşan üçüncü tayfa birliyi isə roksalanlar adlanırdı.

 
Məlumat üçün qeyd edək ki, antik mənbələrdə Tanais (Don) Avropa ilə Asiyanı bir-birindən ayıran xətt kimi göstərilir. Buna görə də Ptolomey ölkəni Avropa və Asiya Sarmatiyası və ya Qərbi və Şərqi Sarmatiya olaraq iki hissəyə ayırır. Qeyd edək ki, sonralar Avropa və ya Qərbi Sarmatiyada yazığlar, uğorlar, çar sarmat-lar, roksolan, Asiya və ya Şərqi Sarmatiyada basil, Aors, sirak, sarmat tayfa ittifaqlarının formalaşması prosesi başa çatdı.    

I əsr müəllifi Plini Tanais (Don) çayının hövzələrində çoxsaylı sarmat tayfalarının yaşadığını, hətta Şimali Qafqazda sarmatların bir tayfasının “tirk” adlandığını yazmışdır. Həmin əsrdə yaşamış Pomponi Mela bu tayfanın adını “turke” kimi qeyd etmişdir. II əsr müəllifi Klavdi Ptolomey sarmatlarda yazığ, roksolan, sirak, aors və b. tayfaların adlarını çəkmişdir. Ümumiyyətlə, bəhs olunan dövrdə sarmat tayfaları arasında konsolidasiya prosesi sürətləndi. Məhz bunun nəticəsində Volqaboyu və Uralda sarmat qəbilələrindən ibarət iki böyük tayfa ittifaqı formalaşdı. 
Herodot savromat dilinin skif dili dialektlərindən biri olduğunu qeyd edir. Strabon (e. ə. I əsr) sarmatlar haqqında yazırdı ki, “onlar ümumiyyətlə ət deyil, xüsusilə at ətindən istifadə edir, qımızdan pendir istehsal edir, xüsusi bir içki hazırlamaq üçün təzə və turş süddən istifadə edirdilər”. Laypanov və Miziyev burada bəhs olunan içkinin Qaraçay-Balkar və bəzi digər türk xalqlarının içkisi olan ayran olduğu qənaətindədir.  

K.F.Simirnov Cənub-Şərqi Avropada sarmat arxeoloji mədəniyyətinin Cənubi Uralın Proxorov, Sibirin Andronovo arxeoloji mədəniyyəti ilə mənşə birliyinə malik olduğunu yazır. Bütövlükdə, sarmatların arxeoloji mədəniyyəti Dondan Cənubi Urala  qədər yayılmışdır. E. ə. IV əsrə qədər savromatlar Don çayı ilə Xəzər dənizinin şimal sahilləri arasındakı bozqırlarda maldarlıqla məşğul idilər. Onların məişətini bilən antik müəlliflər yazırdılar ki, sarmatlar heyvandarlıqla məşğul olan köçərilər olub at əti yeyirlər, kəmənddən istifadə edirlər.

E. ə. I minilliyin sonlarından etibarən Aral dənizi ilə Ural çayı arasında alan tayfaları yaşayırdılar. E. ə. III əsrdən sonra onlar alan adı ilə tarix səhnəsinə çıxdılar. E. ə. II əsrdə Dunayın aşağı axarlarında, Don və Şimali Qafqazda alan tayfaları təşəkkül tapdı və yeni tayfa birliyi formalaşdı. Antik müəlliflərdən İosif Flavi (I əsr) alanların Cənub-Şərqi Avropada yaşayan sarmatların, Prokopi (VI) və Dion Kassi isə Mərkəzi Asiyada yaşayan massagetlərin bir tayfası olduğunu qeyd edirlər. Ona görə də bəzi tədqiqatçıların alanları indiki osetinlərin ulu əcdadları saymaları uydurmadır. M.İ.Artamanov “Xəzər tarixi” adlı əsərində alanların sarmatlar kimi bir sıra müstəqil tayfalardan ibarət olub hind-avropalıların irandillilər qrupuna mənsub olduğunu yazır. Daha sonra qeyd edir ki, ümumiyyətlə alan mədəniyyəti mahiyyət etibarilə sarmat mədəniyyətindən fərqlənmirdi.

Ə.Muxtarova Çin mənbələrində “yantsay” adlandırılan alanların Qərbi Qazaxıstanda – Araldan qərbdə, Kanq dövlətindən şimal-qərb ərazilərdə lokalizə olunduğunu, hətta adətləri və silahlarının kanqyuylardakı kimi eyni olduğunu qeyd edir. Qədim yunan müəllifi A.Marsellin “Tarix” adlı əsərinin XXXI cildində alanlar haqqında bunları yazırdı: “alanlar uzun boylu və gözəldir, qumral saçlı, qorxunc-sərt baxışlı olub, silahlarının yüngül olmasından dolayı çox çevik və sürətlidirlər, hamısı hunlara bənzəməkdədir. Ancaq daha sadə və mədəni bir yaşam tərzinə sahibdirlər”. A.A.Bakıxanov alanların adətlərinin hunların adətləri ilə eyni olduğunu yazırdı. Qədim Çin mənbələrində deyilir ki, alanların adət və ənənələri kəngərlərlə eynidir.

E. ə. V əsrdə savromatlarla skiflərin qonşuluq münasibətlərində soyuqluq müşahidə olunur və e. ə. IV əsrdən etibarən savromatlar Azov dənizi sahillərində yaşamağa başlayırlar. Sarmatlar e. ə. IV əsrdə Don-Dnestr çayları arasındakı ərazidə hakim etnosa çevrildilər. E. ə. III əsrin əvvəllərində sarmatlar Don çayının şərq, əsrin sonlarına doğru qərb sahillərinə keçməyə müvəffəq oldular. Sürətli şəkildə sıxışdırılan iskitlər e. ə. II əsrin əvvəllərinə qədər dövlətlərinin yalnız bir hissəsini – mərkəzi hissəsini qoruya bilmişdilər. Bir sıra tarixçilər e. ə. 127-ci ildə sarmatlarda dövlətin yarandığını və hunlara qədər Cənub-Şərqi Avropada əsas siyasi quruma çevrildiyini qeyd edirlər. Onlar hətta sarmatları amazonkalar adlandırırlar. Bunu sarmatlarda qadınların kişilərlə bərabər döyüşlərdə iştirak etməsi və aralarından qadın hökmdarın seçilməsi ilə əlaqələndirirdilər. Həqiqətdə də sarmatlara aid edilən kurqanda yanında uzunluğu 73 sm olan qadın skeleti aşkar edilmişdir. Bunu əsas götürən bir sıra tarixçilər sarmatların massagetlərlə eyni kökə malik olması fikrini irəli sürmüşlər. Hər iki tayfadan qadın hökmdarların çıxması bunu bir daha təsdiq edir. Q.Qeybullayev e. ə. II əsrdə sarmatlarda qadın hökmdarın adının Amaq (diribaş, çevik) olduğunu yazır.  

E. ə. I minilliyin sonlarında sarmatlarda hərbi demokratiya formalaşmışdı. Hərbi demokratiya prinsiplərinə uyğun olaraq yığıncaqlarda hərbi işi yaxşı bilən qadınlar da tayfa ittifaqının başçısı seçilə bilirdilər. Sarmatlara aid qəbirlərdə çoxlu silahlı qadın skletləri tapılmışdır.
Plini və Mela (e. I əsr) bu məqamı xüsusi olaraq vurğulayırlar ki, “sarmatlar arabalarından ev kimi istifadə edirlər”. Məlum olduğu kimi, araba köçəri türk tayfaları üçün müstəsna əhəmiyyət kəsb edən müəyyənedici xüsusiyyətdir.

Kanqyuylar və usunlar. E. ə. IV-III əsrlərin qovşağında Mərkəzi Asiya ərazisində yeni tayfa ittifaqları meydana gəldi. Mənbələrdə adları çəkilən bu tayfa ittifaqları içərisində usun və kanqyuylar xüsusilə fərqlənirdilər. Mənbələrdə həmçinin kanqyuy, usun və alanların tayfa ittifaqlarının bir-biri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələrlə bağlı olmaları göstərilir. Bəzi tayfaların gah usunların, gah da kanqyuyların tayfa ittifaqlarına daxil olduqları qeyd edilir. Usun və Kanqyuy tayfa ittifaqlarının ünsiyyətinin güclənməsi ilə yanaşı, usunların Çinlə, kanqyuyların isə Mavəraünnəhrlə ticarət əlaqələri genişlənirdi.

Tədqiqatçılara görə e. ə. VI-V əsrlərdə hakim qüvvəyə çevrilən usun tayfa ittifaqının ərazisi Çu çayından Tyan-Şan dağlıq ərazilərinin şərq ətəklərinə, Balxaş gölündən İssık gölünün cənub sahillərinə qədər uzanırdı. 
Usun tayfa ittifaqında əkinçilik başlıca məşğuliyyət sahəsi olub Çu və Talas çaylarının vadisində təşəkkül tapmışdı. Usunların bir hissəsi erkən dövrdə oturaq həyata keçib əkinçiliklə məşğul olurdu. Onlar tayfalar şəklində yaşayırdılar. Hər tayfanın özünəməxsus otlaq sahələri var idi. Bununla yanaşı, onlarda ənənəvi köçəri maldarlıq da geniş yayılmışdı, ona görə də çadırlarda yaşayırdılar. Heyvandarlıqda atçılıq mühüm yer tuturdu. Qışlaqlarda qəbilə başçılarının iqamətgahları yerləşirdi. Usun tayfa başçısının iqamətgahı Çeti Oğuz və Çopqızı su çaylarının qovuşuğunda yerləşirdi. Usun tayfa başçısı Qunmo (böyük bəy) adlanırdı. Onun hakimiyyəti irsi xarakter daşıyırdı. Qunmoya kiçik qəbilə başçıları, özlərini bəy adlandıran sülalə başçıları tabe idi. Tayfa başçıları eyni zamanda iri feodallar idilər. Bu siyasi birləşmə 120 min alaçıqdan ibarət olub 630 min adamı əhatə edirdi. Onların 100 minlik daimi qoşunu var idi.

Usunların etnik kimliyi məsələsi bu gün də aktuallığını saxlamaqdadır. Rus şərqşünası N.A.Aristov usunları muasir qırğızların əcdadları hesab edirdi. Qırğız xalqının formalaşmasında usunların iştirakını bütün tədqiqatçılar birmənalı şəkildə qəbul edirlər.   
E. ə. 177-ci ildə hunlar usunları özlərinə tabe etdilər. Usunlar hunlara vergi verməyə məcbur oldular. Lakin buna baxmayaraq, hunlar usunların daxili işlərinə qarışmır, onlardan yalnız müharibə zamanı hərbi müttəfiq kimi yararlanırdılar. E. ə. II əsrin sonlarında usunlar müstəqillik əldə edərək Çinlə münasibətləri nizama saldılar. Çin fürsətdən yararlanaraq usunlara iki səfirlik göndərib (e. ə. 138-126 /115) onlarla hunlara qarşı hərbi ittifaq bağlamağı təklif etmişdi. Lakin usunlar hərbi ittifaqdan boyun qaçırdılar. E. ə. 75-ci ildə Usun-Çin ittifaqı hunlara divan tutdu. E. ə. I əsrin əvvəllərində usunlar hunlarla əlaqəni tamamilə kəsərək ərazilərini Yeddisuya qədər genişləndirdilər. Göründüyü kimi, usunların ən qüdrətli dövrü e. ə. I əsrə təsadüf edir.  

Lakin usun tayfa birliyi sabit deyildi. E. ə. I əsrin 30-cu illərindən etibarən Usun dövləti daxilində baş verən çəkişmələr nəticəsində usunlar müstəqilliklərini itirmək təhlükəsi ilə üzləşmişdilər. E. ə. 30-cu ildə Qunmo Unquyminin ölümün-dən sonra Usun dövləti tənəzzzülə uğradı. Bundan sonra syanbi və cucan türk tayfaları usunların ərazilərini tədricən zəbt etməyə başladılar. Usunların bir hissəsi Yeddisu əyalətinə və Tyan-Şan ərazilərinə çəkildilər, digər hissəsi isə hunlarla bərabər hərəkət etdilər. Eramızın V əsrindən sonra usunların adı mənbələrdə bir da-ha çəkilmir. Bundan sonra usunların yaşadıqları ərazilərdə qıpçaq, türkeş, karluk və digər türk tayfaları təşəkkül tapdı.

E. ə I minilliyin ortalarında Sırdərya çayının orta axarında, usunlardan şimal-qərbdəki ərazilərdə kanqyuy tayfa birliyi təşəkkül tapdı. A.Məmmədov kanqyuy tayfa birliyinin əsas hissəsinin Karatau və Sırdəryanın orta axarındakı ərazidə məskunlaşdığını qeyd edir. Çin mənbələrinə görə, kanqyuyların tayfa birləşməsinə 5 əya¬lət daxil idi: Yueni (Şaş-Daşkənd), Suse (sonrakı Keş-Şəxrisyabz), Fumu (sonrakı Zərəfşan vadisindəki vahə -Kuşan), Yueqan (Ürgənc-Xarəzm) və Qi (Buxara). Kanqyuy birləşməsinə həmçinin Daşkənd vahəsinin tayfaları da daxil idi. Qeyd etmək lazımdır ki, kanqyuy tayfa birliyi 120 min alaçıqdan və 600 min nəfərdən ibarət idi.    

Ərəb müəllifi İbn Xordadbeh (IX əsr) Sırdəryanı Kanqar adlandırır. Kanq toponimi qədim türk dillərində kanq (monqolca və türkcə qanq) “çayın sıldırımlı hündür sahili”, “sıldırımlı qaya” mənasındadır. Qeyd edək ki, e. ə. V əsrin sonu – IV əsrin əvvəllərində Xarəzmdə Kanq qalasının əsası qoyulmuşdu. Sırdərya çayı erkən orta əsrlərdə Kanqar adlanırdı. Kanq qalasının adı e. ə. VII əsrə aid “Aves-ta”da Kanqha, e. ə. IV əsrə aid hind eposu “Mahabharata”da Kanqi, VI-X əsrlərə aid farsdilli mənbələrdə Kanqdez (dez “qala” de¬mək¬dir), Orxon-Yenisey runik yazılarında Kanq, qədim Çin mənbələrində Kanqyuy kimi çəkilir. Sırdərya çayının orta axarında təşəkkül tapmış Kanq dövləti Amudərya çayına qədərki əraziləri əhatə edirdi.  

 
E. ə. II əsr Çin yazılı mənbələrində kanqyuy adına rast gəlinmiş və Kantsyuy kimi qeyd edilmişdir. Antik müəlliflər isə e. ə. IV əsrdə Kanqyuy dövlətinin adını çəkmirlər. Çin imperatoru Udinin təşəbbüsü ilə e. ə. 138-ci ildə knyaz Çjan Tsya-nın başçılığı ilə qərb ölkələrinə ticarət səfirliyi göndərilir. Lakin diplomat hunların əlinə keçir və 10 il müddətində əsirlikdə saxlanılır. Hunlara qarşı ittifaq təklifinə rədd cavabı aldığı üçün Çjan Tsyanın diplomatik səfəri uğursuzluqla başa çatır. O, səfəri haqqında geniş hesabat hazırlayaraq imperatora təqdim edir. Hesabatda Çin dövlətinə məlum olmayan dövlətlərin, o cümlədən Kanqyuy dövlətinin də adı çəkilir.

Bir sıra tarixçilər kanqyuy etnoniminin mənşəyi haqqında müxtəlif fərziyyələr irəli sürmüşlər. Tarixçilərin bəziləri onları irandilli (B.Q.Qafurov, B.A.Litvinski, S.P.Tolstov) digərləri isə türkdilli (L.N.Qumilyov, M.İ.Artamanov, M.A. Bernştam, O.Süleymenov, Ö.Bahaəddin, Q.Qeybullayev) xalq hesab edir. Kanq-yuy etnonimi kəngər adının çincə yazılış formasıdır. Kəngərlər isə Mərkəzi Asiyada təşəkkül tapmış qədim türk tayfalarından biridir. Orxon yazıları onları kengeres adı altında 710-711-ci illərdə türkeşlərlə apardıqları müharibə ilə əlaqədar yad edir. Görkəmli türkoloqlar L.N.Qumilyov və M.İ.Artamanov qədim dövrdə mövcud olmuş türk tayfalarının sırasında kəngərlərin də adını çəkirlər. Lakin ən maraqlı cəhət kəngər adının təkcə tayfa kimi deyil, həm də, bir dövlət kimi çəkilməsidir. “Cənub-da Balxaş və Aral arasında Kanqyuy, yaxud Kanq dövləti yerləşmişdi. Bu da seyrək məskunlaşmış, lakin görünür, mədəni və müstəqil ölkə idi. Onun əhalisi türkcə “Kənqər” –“Kanqyuy kişiləri” adlanırdı. Hətta Çin salnamələri qədim kanqyuyların mədəniyyəti haqqında maraqlı məlumatlar verirlər. Qeyd olunur ki, “Kanq çarı iqamətgahında saxlanılan kodeksə (sistemə salınmış qanunlar külliyyatına) malik idi”. Deməli, kəngərlər eradan əvvəl öz yazısı olan xalq idi.  

Azərbaycan türklərinin enogenezində iştirak edən türksoylu tayfalardan biri də kəngərlər və ya kanqyuylardır. Tədqiqatçılara görə, Kanq dövlətinə tabe olan tayfaların bir hissəsinin hunlarla qaynayıb-qarışması nəticəsində təşəkkül tapan və özünü “kəngər” adlandıran tayfa Cənubi Qafqaza eramızın ilk əsrlərində hunların tərkibində gəlmişlər. Erkən orta əsrlərdə kəngərlər əsas etibarilə, iki bölgədə Azərbaycanın Gürcüstan və Ermənistanla həmsərhəd bölgəsində və  Naxçıvanda yaşayırdılar. 542-552-ci illər arasında baş vermiş siyasi hadisələrdə kəngərlərin adı həm də Naxçıvanda məlumdur. Onların bir hissəsini Pənahəli xan XVIII əsrdə Qarabağa köçürmüşdü. XIX əsrin əvvəllərində Naxçıvanda 920 ailədən ibarət olan kəngərlər çoxlu qollardan və tirələrdən ibarət idilər.  

Kanqyuy tayfa ittifaqının çiçəklənməsi e. ə. III-I əsrlərə təsadüf edir. Bu dövrdə Kanqyuyun tərkibinə Şaşdan (Daşkənd) başlamış Xarəzmədək vilayətlər daxil idi. E. ə. II əsrdə Amudəryanın şimalındakı bütün ölkələr –Buxara, Şəhri-syazb, Kuşan, Daşkənd və Xarəzmin şimal hissəsi Urgənclə birlikdə Kanqa tabe edilmişdi. Kanqyuy dövləti e. ə. II əsrin II yarısında özünün çiçəklənmə dövrünü yaşayır. Bu zaman Kanqyuy Fərqanə (Davan) ilə həmsərhəd idi. Çox güman ki, bu onun cənub-şərq hüdudu olmuşdur. Cənubda Kanq yuetçilərlə həmsərhəd idi. Şimal-qərbdə Kanqyuyun əraziləri Yansaya, Uralboyu sarmat-alan tayfalarının məskunlaşdığı yerlərə qədər uzanırdı. Bu tayfalar Kanq dövlətindən asılı vəziyyətdə idi. Arxeoloji qazıntılar nəticəsində Kanqyuy dövlətinin e. ə. II-I əsrlər dövrünə aid pullar aşkar edilmişdir ki, bu da onların iqtisadi inkişafının göstəricisi hesab olunurdu.    

Eramızın I əsrindən başlayaraq Kanq dövlətinin əhəmiyyəti azalmağa başlasa da, o, siyasi müstəqilliyini IV əsrə qədər mühafizə edə bildi. Belə ki, eramızın I əsrində Kanqyuy dövlətinin cənubunda Kuşan dövləti yarandı. Kuşan dövlətinin ən qüdrətli hökmdarı olan çar Kanişkanın zamanında Kanq dövləti kuşanlardan asılılığı qəbul etdi. Kanqyuylar siyasi müstəqilliklərini itirsələr də, erkən orta əsrlərdə Qərbi Türküstanın etnosiyasi tarixində mühüm rol oynamış, adlarını qoruyub saxlaya bilmişdilər. B.Q.Qafurov Kanqın eranın əvvəllərindəki fəaliyyətindən yazır: “Kanqyuyun sonrakı tarixi az məlumdur. Bizim eranın 270-ci illərində o, Mərkəzi Asiyanın xaricinə elçilər, səfirlər göndərirdi. Sonralar onun qüdrəti sarsılır. O, eftalit dövlətinin tərkibinə daxil olur”.

TALEH CƏFƏROV 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosent əvəzi, tarix üzrə fəlsəfə doktoru 

04:47 20.12.2024

Oxunuş sayı: 38807

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR