Stanford Universitetində “Tərəfdaşlıqlar və birgə layihələr vasitəsilə rəqəmsal gələcəyin qurulması” mövzusunda forum keçirilib
ABŞ-nin Kaliforniya ştatının Stanford Universitetində “Tərəfdaşlıqlar və birgə layihələr vasitəsilə rəqəmsal gələcəyin qurulması” mövzusuna həsr olunan ABŞ-Azərbaycan Akademiya və İnnovasiya Forumu keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Vaşinqtonda fəaliyyət göstərən Amerika Azərbaycanlı Alimlər Şəbəkəsinin rəhbəri Sevinc Məmmədovanın təşkilatçılığı ilə baş tutan foruma Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Vaqif Seyidbəyov, ABŞ-nin müxtəlif ştatlarında, eləcə də digər ölkələrdə elm sahəsində çalışan soydaşlarımız və tədqiqat institutlarında fəaliyyət göstərən azərbaycanlı, amerikalı alimlər, mütəxəssislər, doktorantlar qatılıb.
Forumun əsas məruzəçisi dünyanın nüfuzlu elmi mərkəzlərində fəaliyyət göstərən tanınmış alim, innovator, professor Utkan Demirci olub.
Komitə sədrinin müavini Vaqif Seyidbəyov çıxışında xaricdə yaşayan azərbaycanlı alim və mütəxəssislərin bilik və təcrübələrinin ölkənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, elmi və innovativ əməkdaşlığın genişləndirilməsinin, beynəlxalq akademik əlaqələrin gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə süni intellektin sürətlə dəyişən dünyada yaratdığı imkanlar, elmin cəmiyyətə təsiri, biotexnologiya və ictimai sağlamlığın gələcəyi, iqtisadi transformasiya, təhsil və innovasiya ekosisteminin inkişafı ilə bağlı fikir mübadilə aparılıb. Müxtəlif qlobal texnologiya şirkətlərinin süni intellekt və Data elmi sahəsində çalışan nümayəndələri çıxış edərək, bu sahədəki son yeniliklər, texnoloji inkişaf və gələcək perspektivlərlə bağlı fikirlərini bölüşüblər.
Forum daha sonra panel müzakirələri ilə davam edib.
“Bilikdən ictimai təsirə” mövzusunda keçirilən paneldə elmi tədqiqatların sosial və iqtisadi nəticələrə çevrilməsi, innovativ ideyaların tətbiqi və akademik biliklərin cəmiyyətin inkişafına töhfəsi müzakirə edilib.
“Biotexnologiya və ictimai sağlamlığın gələcəyi” panelində səhiyyə sahəsində yeni texnologiyaların tətbiqi, fərdiləşdirilmiş tibb və innovativ həllərin perspektivləri diqqət mərkəzində olub.
Forumun mühüm istiqamətlərindən biri də süni intellektin iqtisadiyyata təsirinə həsr edilib. “Süni intellekt dövründə iqtisadi transformasiya” sessiyasında rəqəmsal texnologiyaların əmək bazarına, biznes modellərinə və qlobal rəqabət mühitinə təsiri geniş şəkildə təhlil olunub. İştirakçılar innovasiya siyasəti, texnologiyaların kommersiyalaşdırılması və startap ekosisteminin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Tədbirdə Azərbaycanın elmi və mədəni kimliyinə həsr olunan “Azərbaycanşünaslıq” mövzusunda xüsusi sessiya da təşkil edilib. Sessiyada milli irsin qorunması, Azərbaycanla bağlı elmi tədqiqatların beynəlxalq müstəvidə təşviqi, eləcə də xaricdə yaşayan azərbaycanlı mütəxəssislərin ölkə ilə əlaqələrinin möhkəmləndirilməsi prioritet mövzular sırasında yer alıb.
17:48 19.06.2026
Oxunuş sayı: 43