Qələbəni qorumaq, sülh əldə etməkdən daha çətindir - Deputat
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı bildirib ki, bu gün sülh artıq reallıqdır. İlham Əliyevin bu ifadəsi Cənubi Qafqazda formalaşan yeni geosiyasi vəziyyət və postmünaqişə dövrünün perspektivləri ilə bağlı geniş müzakirələr yaradıb. Uzun illər davam edən qarşıdurma və müharibə mərhələsindən sonra regionun gündəmində artıq təhlükəsizliklə yanaşı, sabitlik, iqtisadi əməkdaşlıq, kommunikasiyaların açılması və uzunmüddətli inkişaf məsələləri daha çox ön plana çıxır. Son illərdə aparılan diplomatik proseslər, regionda yaranmış yeni reallıqlar və tərəflər arasında sülh istiqamətində davam edən təmaslar göstərir ki, sülh anlayışı artıq yalnız siyasi bəyanat kimi deyil, praktik nəticələr doğura biləcək bir mərhələ kimi də qiymətləndirilir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib:

“1994-cü ilin may ayında işğalçı Ermənistanla əldə etdiyimiz atəşkəs rejiminin qalıcı və ədalətli sülhə çevrilməsi üçün biz təqribən otuz il zaman sərf etdik və nəhayət, 2023-cü ilin sentyabr ayında ədalətli və qalıcı sülhə nail olmağı bacardıq. Bu zaman intervalı Azərbaycan xalqının tarix qarşısında imtahan dövrü idi. Bu zaman həm də Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil, güclü və qüdrətli Azərbaycanın Prezident İlham Əliyev tərəfindən, Müzəffər Ali Baş Komandanımız tərəfindən özünün ən qüdrətli mərhələsinə çatdırılması üçün sərf edilən bir dövr idi. Amma bu otuz illik interval eyni zamanda Azərbaycan xalqının səbrinin, dözümünün və siyasi müdrikliyinin bir növ imtahanı idi və Prezident İlham Əliyevin doğru, düzgün və zamanında qəbul etdiyi qərarların göstəricisi idi. Ona görə də biz əgər bugündən geriyə dönərək bir növ sosial-siyasi arxeologiya aparıb qələbəyə gələn yolumuzu təhlil etsək, qəbul edilən siyasi qərarları qiymətləndirməyə çalışsaq, görərik ki, zamanın hər dəqiqəsi məhz qələbəmizin əldə olunması üçün xərclənib. Azərbaycanın iqtisadiyyatı güclənib, ölkədə vətəndaş həmrəyliyi, vətənpərvərlik, milli özünüdərk və mənəvi yetkinlik kimi dəyərlər yenidən milli düşüncəmizə qaytarılıb. Eyni zamanda məğlubiyyət mənəvi baxımdan qəbul edilməyib və nəticədə qələbənin əldə olunması üçün güclü ordu, vətənpərvər əsgər yetişdirilə bilib”.
Deputat əlavə edib ki, ona görə də Müzəffər Ali Baş Komandan qalıcı sülhün əldə olunması üçün qazanılan qələbənin müəllifi kimi Azərbaycan əsgərini göstərdi: “Prezident qeyd etdi ki, tarixi zəfərimizin müəllifi şəhidlərimizdir, qazilərimizdir, Azərbaycan xalqıdır. Amma sosiologiya və siyasi reallıq bir hadisəni də təsdiq edir və şərt kimi ortaya qoyur: əgər xalqın milli gücü bir lider tərəfindən səfərbər edilərək milli məqsədlərə yönləndirilirsə, o zaman xalqın gücü, əsgərin gücü, ordunun gücü və dövlətin iqtisadi imkanları sadəcə potensial olaraq qalmır, nəticəyə çevrilir. Bu baxımdan əldə etdiyimiz tarixi zəfər və qalıcı sülh xalq–lider vəhdətinin, dövlət–xalq birliyinin tarixdə nadir görünən nümunələrindən biridir. Bu gün “Sülh artıq reallıqdır” ifadəsinin təhlilini aparmağa çalışsaq, görərik ki, sülhü əldə etmək nə qədər çətindirsə, qələbəni qoruyub saxlamaq ondan da çətindir. Əgər qırx dörd günlük müharibə zamanı qələbənin necə çətin əldə olunduğunu real döyüş və hərbi müstəvidə gördüksə, sonrakı mərhələdə qələbəyə gələn yolun niyə bu qədər uzun olduğunu da yenidən dərk etdik. Məhz bu dövrdə Azərbaycan diplomatiyasının dözümünü, gücünü və Azərbaycan siyasətinin uzaqgörənliyini müharibədən sonrakı altı il ərzində müşahidə etmiş olduq. Birinci mərhələ qırx dörd günlük müharibə idi. Həmin dövrdə biz əslində kimlərlə savaşdığımızı millət olaraq yenidən dərk etdik. Sonrakı illərdə, xüsusilə 2025-ci il avqustun 8-də paraflanan sənədə qədər keçən müddətdə diplomatik və siyasi müstəvidə də hansı proseslərin içində olduğumuzu daha aydın gördük. Nəticədə həmin sənəd əldə olundu. Bu sənəd paraflanıb və yeni siyasi şərtlərdə belə görünür ki, onun imzalanmasına nail olmaq mümkün olacaq. Düşünürəm ki, Azərbaycan Prezidentinin “Sülh artıq reallıqdır” ifadəsi həm də Ermənistanda keçirilən seçkilərdən sonra yaranmış yeni siyasi reallıqların növbəti mərhələdə sülhün xeyrinə işləyəcəyi və bu prosesə töhfə verəcəyi ilə bağlıdır. Bu, həm siyasi baxımdan, həm Azərbaycanın beynəlxalq nüfuzunun artması baxımından, həm də müharibədən sonra yaranmış yeni milli məqsəd və vəzifələrimiz baxımından olduqca mühüm yanaşmadır. Ona görə də hesab edirəm ki, məhz Azərbaycan Prezidentinin bu yanaşmasına söykənərək qarşıdakı mərhələdə regional sülhə, əməkdaşlığa və inteqrasiyaya doğru daha sürətli hərəkət etmək mümkün olacaqdır”.
Ayhan
14:35 19.06.2026
Oxunuş sayı: 193