Taksi qiymətlərinin tıxac "sirri": Bahalaşmanın səbəbi nədir?
Bakıda taksi xidmətlərinin qiymətləri son illər ən çox müzakirə olunan məsələlərdən biridir. Xüsusilə də tıxacın yarandığı saatlarda və ya şəhərdə iri tədbirlərin keçirildiyi günlərdə qiymətlər kəskin şəkildə artır. Bəzən adi vaxtda 10 manata başa gələn gediş üçün sərnişinlər 20, hətta 30 manat ödəməli olurlar.
Bu vəziyyət isə hər zaman birmənalı qarşılanmır. Bir tərəf bunu bazar qanunları və artan tələbatla əlaqələndirsə də, digər tərəf qiymət artımının həddindən artıq olduğunu düşünür. Xüsusilə seçim imkanlarının məhdud olduğu vaxtlarda qiymətlərin bir neçə dəfə bahalaşması sərnişinlərin narazılığına səbəb olur. Bəs tıxac zamanı taksi qiymətlərinin artması nə dərəcədə əsaslıdır?
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov Crossmedia.az-a açıqlama verib. O hesab edir ki, tıxac zamanı qiymətin artması normal haldır:

" Çünki bütün xərclər artır. Həm taksinin benzini, həm vaxt itkisi, həm də sürücünün digər xərcləri çoxalır. Belə olan halda qiymətin daha yüksək olması təbiidir ki, həmin vaxt daha çox sürücü xəttə çıxsın. Əgər qiymət aşağı səviyyədə qalarsa, sürücülər də xəttə çıxmaqda maraqlı olmayacaqlar və bu, vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olacaq. Eyni zamanda, tıxac zamanı qiymətin artmasına məsələnin başqa tərəfdən də baxmaq lazımdır. Yolun açıq olduğu vaxtlarda qiymətin aşağı olması insanları alternativ nəqliyyat vasitələrindən istifadə etməyə təşviq edir. Beləliklə, taksi və şəxsi avtomobillərdən əsasən daha təcili hallarda istifadə olunur".
İqtisadçının sözlərinə görə, burada daha çox tənzimləmə deyil, əksinə, derequlyasiya lazımdır:
" Məsələn, əvvəllər insanlar işə gedərkən və ya işdən qayıdarkən yolüstü sərnişin götürür və bundan əlavə gəlir əldə edirdilər. Onlar bunu Bolt, Uber və digər operatorlar vasitəsilə həyata keçirirdilər. Hazırda isə buna məhdudiyyət qoyulub. İnsanların yalnız peşəkar şəkildə taksi xidməti ilə məşğul olması tıxac saatlarında təklifin azalmasına gətirib çıxarır. Halbuki məhz həmin saatlarda təklifin artmasına ehtiyac var. Əvvəllər insanlar onsuz da getdikləri istiqamətdə digər sərnişinləri də götürürdülər və bu, əlavə tıxac yaratmırdı. İndi isə vəziyyət əksinədir. İnsanlar əlavə olaraq taksidən istifadə etməli olurlar ki, bu da tıxacın daha da artmasına səbəb olur. Əvvəllər bir nəfər öz yolu ilə gedərkən başqa bir sərnişini də apara bilirdi. Hazırda həmin şəxslər iki ayrı avtomobildən istifadə edirlər. Nəticədə, yollarda avtomobillərin sayı artır və bu da xüsusilə pik saatlarda tıxacın daha da böyüməsinə gətirib çıxarır.
Bundan başqa, təklif də azalır. Əvvəllər insanlar işə gedərkən və ya işdən qayıdarkən bu xidməti göstərə bilirdilər, indi isə bu imkan məhdudlaşdırılıb. Nəticədə, bazarda təklif azalır. Məncə, bu, uğurlu yanaşma deyil. Bu, həm uzaqgörənliyin çatışmazlığını göstərir, həm də iqtisadiyyatın ümumi maraqlarına ziddir. Əgər artıq, lazımsız və səmərəsiz tənzimləmələrin qarşısı alınarsa, həm tıxac azalacaq, həm də bazarda təklif artacaq. Yolüstü hərəkət edən şəxslər əlavə sərnişin götürə biləcək, nəticədə həm qiymətlər aşağı düşəcək, həm də bütün tərəflər bundan fayda əldə edəcəklər".
Fatimə Məmmədova
19:00 16.06.2026
Oxunuş sayı: 78