Ekspert: Rəqəmsal sertifikatlar bakalavr diplomlarını tamamilə əvəz edə bilməz
Süni intellekt texnologiyalarının sürətli inkişafı təhsil sahəsində yeni yanaşmaların formalaşmasına səbəb olub. Xüsusilə ali təhsilin gələcəyi, ənənəvi diplomların rolu və rəqəmsal sertifikat proqramlarının perspektivləri ilə bağlı müzakirələr son dövrlərdə daha da aktuallaşıb. Bir tərəfdən süni intellektin qısa müddətdə böyük həcmdə məlumat təqdim etməsi təhsil modelinin dəyişəcəyi ilə bağlı fikirləri gücləndirir, digər tərəfdən isə ali təhsilin yalnız bilik ötürülməsindən ibarət olmadığı vurğulanır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən filologiya elmləri doktoru, professor Vüsalə Ağabəyli bildirib ki, süni intellektin təsiri ilə bağlı müzakirələr bu gün demək olar ki, bütün sahələri əhatə edir:

“Son dövrlərdə hansı sahəyə baxsaq, məhz süni intellekt məsələsi, onun müsbət və mənfi təsirləri aktual mövzu kimi gündəmi zəbt edib desək, yanılmarıq. Süni intellektin sürətli inkişafı ali təhsilin gələcəyi ilə bağlı da ciddi müzakirələr yaradır. Doğrudur, bu gün bir tələbənin dörd il ərzində əldə etdiyi nəzəri biliklərin əhəmiyyətli hissəsini süni intellekt bir neçə saniyə ərzində təqdim edə bilir. Lakin ali təhsili yalnız məlumat və ya bilik ötürülməsi kimi qiymətləndirmək düzgün olmazdı. Universitet təhsili təkcə faktların öyrədilməsi deyil, eyni zamanda tənqidi düşüncə, analitik yanaşma, elmi araşdırma bacarıqları, etik məsuliyyət, komanda işi, liderlik və sosial kompetensiyaların formalaşdırılması prosesidir”.
Professor qeyd edib ki, son illərdə dünyada mikrosertifikat proqramlarına marağın artması əmək bazarının dəyişən tələbləri ilə əlaqədardır:
“Son illərdə dünyada ‘Micro-credentials’ adlandırılan qısa və hədəfəyönümlü sertifikat proqramlarının populyarlaşması əmək bazarının dəyişən tələbləri ilə əlaqədardır. Xüsusilə informasiya texnologiyaları, rəqəmsal marketinq, süni intellekt, layihələrin idarə edilməsi və digər sürətlə inkişaf edən sahələrdə işəgötürənlər konkret bacarıqları təsdiqləyən sertifikatlara daha çox diqqət yetirməyə başlayıblar. Bu proqramlar insanların qısa müddətdə yeni bilik və bacarıqlar əldə etməsinə, peşəkar fəaliyyətlərini yeniləməsinə və əmək bazarına daha çevik uyğunlaşmasına imkan yaradır”.
V.Ağabəyli hesab edir ki, yaxın gələcəkdə rəqəmsal sertifikatların bakalavr diplomlarını tamamilə əvəz etməsi real görünmür:
“Bütün bunlara baxmayaraq, mən hesab edirəm ki, yaxın gələcəkdə rəqəmsal sertifikatlar bakalavr diplomlarını tamamilə əvəz edə bilməz. Daha real görünən variant onların bir-birini tamamlamasıdır, əvəzləməsi yox. Bakalavr təhsili tələbəyə fundamental nəzəri baza və sistemli dünya görüşü qazandırır, mikrosertifikatlar isə həmin bazanın üzərində konkret peşə bacarıqlarının inkişafına xidmət edir. Başqa sözlə, universitet təhsili ‘niyə?’ və ‘necə?’ suallarına cavab verirsə, mikrosertifikatlar daha çox ‘nə etmək lazımdır?’ sualına cavab verir”.
Ekspert vurğulayıb ki, bəzi peşə sahələrində akademik hazırlığın əhəmiyyəti dəyişməz olaraq qalır:
“Eyni zamanda nəzərə almaq lazımdır ki, tibb, hüquq, müəllimlik, mühəndislik kimi yüksək məsuliyyət tələb edən sahələrdə yalnız qısa sertifikat proqramları ilə peşəkar kadr hazırlamaq mümkün deyil. Bu sahələrdə uzunmüddətli akademik hazırlıq, praktiki təcrübə və institusional akkreditasiya hələ də vacib olaraq qalır”.
Professorun fikrincə, gələcəyin təhsil modeli ənənəvi diplomlarla rəqəmsal sertifikatların vəhdəti üzərində qurulacaq:
“Məncə, gələcəyin təhsil modeli ənənəvi diplomlarla rəqəmsal sertifikatların sintezi üzərində qurulacaq. Universitetlər tələbələrə yalnız diplom deyil, həm də təhsil müddətində müxtəlif mikrosertifikatlar təqdim edəcək, məzunlar isə əmək fəaliyyəti boyunca yeni sertifikatlar əldə etməklə öz kompetensiyalarını daim yeniləyəcəklər. Bu baxımdan süni intellekt və mikrosertifikatlar ali təhsilin alternativi deyil, onun transformasiyasını sürətləndirən amillər kimi qiymətləndirilməlidir.
Əsas məsələ diplomun və ya sertifikatın mövcudluğu deyil, insanın ömürboyu öyrənməyə hazır olmasıdır. Ümumiyyətlə, XXI əsrdə uğurlu karyeranın əsas göstəricisi yalnız əldə edilmiş bir diplom deyil, dəyişən dünyaya uyğunlaşa bilmək və davamlı şəkildə yeni biliklər qazanmaq bacarığı olacaqdır”.
Fatimə Cabbarlı
09:40 11.06.2026
Oxunuş sayı: 56