“Ölüm zonası”ndan sağ çıxan adam hər kəsi təəccübləndirdi
Nepallı 52 yaşlı dağ bələdçisi Dava Şerpa Everest dağında təxminən bir həftə itkin düşdükdən sonra sağ tapılıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, mayın 29-da Everestin zirvəsinə yaxın yerləşən və “ölüm zonası” kimi tanınan təhlükəli ərazidə sonuncu dəfə görünüb. Bildirilir ki, əlverişsiz hava şəraiti səbəbindən digər alpinistlərin enişinə imkan yaratmaq üçün geridə qalan Şerpa daha sonra düşərgəyə qayıtmayıb.
Onun geri dönməməsi ailəsi və alpinist icması tərəfindən ölüm kimi qiymətləndirilib. Hətta həyat yoldaşı və yeniyetmə qızı evdə ənənəvi dəfn mərasimlərinə hazırlıqlara başlayıblar.
Lakin hadisədən altı gün sonra dəstək qrupu Dava Şerpanı Everest baza düşərgəsi yaxınlığında qarla örtülü yamaclarda sürünərək enən vəziyyətdə aşkar edib.
Məlumata görə, onun əllərində donvurma izləri olsa da, ümumi sağlamlıq vəziyyəti gözləniləndən xeyli yaxşı olub. Şerpaya dərhal qida və su verilib, daha sonra helikopterlə Katmandu şəhərindəki xəstəxanalardan birinə çatdırılıb.
Dava Şerpanın qızı bildirib ki, atasının sağ tapılması barədə xəbəri eşidəndə ailə buna inanmayıb və məlumatın doğruluğunu təsdiqləmək üçün fotoşəkillər tələb edib.
Mütəxəssislər Şerpanın sağ qalmasını əsl möcüzə adlandırırlar. Onların sözlərinə görə, şerpalar yüksək dağ şəraitinə yaxşı uyğunlaşsalar da, Everestin “ölüm zonası”nda altı gün sağ qalmaq son dərəcə nadir hadisədir.
04:37 11.06.2026
Oxunuş sayı: 44