Azərbaycana gələn turistlərin sayı azalır - Səbəb bu imiş
Son dövrlərdə Azərbaycanda turizm göstəriciləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir və bu mövzu ictimai müzakirələrin əsas istiqamətlərindən birinə çevrilib. Bəzi ekspertlər artım tendensiyasından danışdığı halda, rəsmi statistik göstəricilər fərqli mənzərə ortaya qoyur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin ilk dörd ayında Azərbaycana 658,5 min xarici turist səfər edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azalma deməkdir.
Bu rəqəm fonunda sual yaranır: Azərbaycana gələn turistlərin sayı həqiqətən artır, yoxsa azalır?
Mövzu ilə bağlı mütəxəssislərlər Crossmedia.az-a açıqlama verib.
Turizm üzrə ekspert Əziz Şiriyev bildirib ki, regionda baş verən geosiyasi proseslər turizm sektoruna birbaşa təsir göstərir:

"Turizm xəyali məhsuldur. Ona toxunmaq mümkün deyil, insan onu yalnız gedib görərək, hiss edərək və yaşayaraq dərk edə bilir. Buna görə də turistlər üçün əsas amil təhlükəsizlikdir. Heç kim özünü təhlükədə hiss etdiyi bir istiqamətə səyahət etməz. Belə hallarda insanlar adətən gözləmə mövqeyi tutur, səfərlərini təxirə salır və vəziyyət sabitləşdikdən sonra yenidən səyahət etməyə başlayırlar.
Bununla belə, insanın istirahətə ehtiyacı var və bu ehtiyac tamamilə aradan qalxmır. Sadəcə, turistlər daha təhlükəsiz hesab etdikləri istiqamətləri seçirlər. Hazırda dünyada müşahidə olunan proseslərin müəyyən təsiri olsa da, ümumi mənzərəyə baxdıqda ciddi problem görünmür. Ölkələr arasında turist axını və səfərlər dinamik şəkildə davam edir".
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə turist sayının azalmasının səbəblərini vurğulayıb:

"Ən çox qeyd olunan səbəblərdən biri turizm xidmətlərinin qiymətlərinin yüksək olmasıdır. Bir çox turist eyni büdcə ilə qonşu ölkələrdə daha uzun və ya daha sərfəli istirahət edə bilir. Bundan başqa, quru sərhədlərin bağlı qalması ölkəyə giriş imkanlarını məhdudlaşdırır və xüsusilə qonşu ölkələrdən gələn turistlərin sayına təsir göstərir.
Digər tərəfdən, Azərbaycana gələn turistlərin böyük hissəsi müəyyən ölkələrin payına düşür. Həmin ölkələrdən gələnlərin sayında azalma baş verdikdə bu, ümumi statistikada da özünü göstərir. Xüsusilə Körfəz ölkələri və Hindistandan gələn turistlərin sayında azalma müşahidə olunub".
İqtisadçı əlavə edib ki, regional rəqabətin güclənməsi də vacib amillərdən biridir:
"Türkiyə, Gürcüstan və digər turizm istiqamətləri daha geniş reklam kampaniyaları aparır, yeni xidmətlər təklif edir və bəzi hallarda daha münasib qiymətlərlə turist cəlb edirlər. Buna baxmayaraq, Azərbaycanın təbiəti, mədəniyyəti və təhlükəsizliyi turistlər üçün cəlbedici olaraq qalır. Buna görə də turist sayındakı azalmanı müvəqqəti tendensiya kimi qiymətləndirənlər də var".
Fatimə Məmmədova
09:51 10.06.2026
Oxunuş sayı: 73