Azərbaycana qarşı koordinasiyalı informasiya hücumları başladılıb - Deputat
Yaxın Şərqdə davam edən geosiyasi gərginlik fonunda informasiya məkanında da müxtəlif iddialar və mübahisəli məlumatlar yayılmaqdadır. Son günlər beynəlxalq mediada İsrail-İran qarşıdurması ilə bağlı yayılan xəbərlər arasında Azərbaycanın adının hallandırılması diqqət çəkib.
Belə məlumatlardan biri də ABŞ-ın tanınmış televiziya kanalı CNN tərəfindən dərc olunan materialda yer alıb. Sözügedən yazıda anonim mənbələrə istinadən İsrailin İrana qarşı əməliyyatları zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddialar irəli sürülüb.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) bəyanatla çıxış edərək həmin məlumatları qərəzli və əsassız adlandırıb. Agentlik CNN-in yaydığı materialın jurnalistikanın peşəkar prinsiplərinə zidd olduğunu vurğulayaraq, bunun Azərbaycana və regional sabitliyə qarşı yönəlmiş informasiya manipulyasiyası xarakteri daşıdığını bildirib.

Milli Məclisin deputatı, Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov bu barədə Crossmedia.az-a danışıb: "Məsələ bundadır ki, biz artıq CNN və ona bənzər beynəlxalq media qurumlarının zaman-zaman yaranan fürsətlərdən istifadə edərək hədəflərində olan ölkələrə və ya bölgələrə qarşı qərəzli materiallar hazırladıqlarının şahidi olmuşuq. Təəssüf ki, Azərbaycan da bu dəfə CNN-in hazırladığı növbəti qərəzli materialda yer alıb. Adətən Qərb institutlarının Azərbaycanla bağlı münasibətlərində ikili standartların şahidi oluruq. Lakin bu halda söhbət artıq ikili standartlardan deyil, ölkəmizin birbaşa hədəfə alınmasından gedir. Azərbaycan müxtəlif manipulyativ yanaşmaların, qara piar kampaniyalarının və siyasi motivli informasiya hücumlarının obyektinə çevrilir. Bunun müxtəlif səbəbləri olsa da, uzun illərdir ki, CNN və bəzi digər media qurumları bu xətti davam etdirirlər. Xüsusilə Demokratlar Partiyasının hakimiyyətdə olduğu dövrlərdə bu tendensiya daha açıq şəkildə müşahidə olunurdu. Donald Tramp hakimiyyətə gəldikdən sonra isə bu tip media kampaniyalarının maliyyə mənbələrini və fəaliyyət prinsiplərini sərt tənqid etmiş, onları qərəzli yanaşmada və korrupsiyada ittiham etmişdi. Bu gün İsraillə bağlı hazırlanan materialda əsas hədəf İsrail olsa da, onun tərəfdaşları da dolayısı ilə hədəfə alınır və Azərbaycanın adı da bu kontekstdə xüsusi vurğulanır. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, irəli sürülən iddiaların heç birinin ciddi əsası yoxdur. Azərbaycanın siyasi rəhbərliyi dəfələrlə bəyan edib ki, ölkə regiondakı münaqişələrə qarışmamaq və neytral mövqe nümayiş etdirmək siyasətinə sadiqdir. Müxtəlif dövrlərdə bəzi ekspertlər və dairələr Azərbaycanı müxtəlif proseslərlə əlaqələndirməyə çalışsalar da, heç vaxt tutarlı fakt və sübut təqdim edə bilməyiblər. Bu dəfə də eyni ssenarinin təkrarı ilə qarşılaşırıq. Məqsəd heç bir əsası olmayan ittihamlar fonunda Azərbaycan ətrafında mənfi rəy formalaşdırmaqdır".
O bildirib ki, məsələnin digər tərəfi isə informasiya müharibəsinin mahiyyəti ilə bağlıdır: "Belə kampaniyaların əsas məqsədlərindən biri ölkə daxilində gərginlik yaratmaq və ictimai rəyə təsir göstərməkdir. Maraqlıdır ki, Azərbaycan əleyhinə kampaniyalarda adı hallanan bəzi saytlar və platformalar bu materialı dərhal tirajlamağa başlayıblar. Bu da göstərir ki, müəyyən dairələr müxtəlif kanallar vasitəsilə Azərbaycana qarşı koordinasiyalı informasiya hücumları həyata keçirməyə çalışırlar. CNN-də yayımlanan materialın özünə nəzər saldıqda da görürük ki, burada hər hansı ciddi fakt və sübut təqdim edilmir. İddialar əsasən fərziyyələr üzərində qurulub. Xəritələr və müxtəlif vizual materiallar təqdim olunsa da, məqalənin məzmununda bir sıra qeyri-müəyyənliklər saxlanılır. Xüsusilə Azərbaycan istiqaməti vurğulanarkən xəritələrdə müəyyən təsvirlər verilir, lakin mətndə konkret faktlar ortaya qoyulmur. Bundan əlavə, “Azərbaycan” ifadəsinin hansı kontekstdə işlədildiyi də bəzən qeyri-müəyyən saxlanılır. Məlumdur ki, İran ərazisində Azərbaycan adını daşıyan əyalətlər mövcuddur və son dövrlərdə həmin bölgələrlə bağlı müxtəlif məlumatlar dövriyyəyə buraxılmışdı. Hətta bəzi məlumatlarda həmin ərazilərdə rəsmi Tehrana qarşı müəyyən etiraz meyillərinin formalaşdırılmağa çalışıldığı iddia olunurdu. Bu kimi mövzuların davamlı şəkildə gündəmə gətirilməsi nəticə etibarilə Azərbaycan ətrafında əlavə informasiya fonu yaratmağa xidmət edir. Bütün bunların fonunda aydın görünür ki, məqsəd faktlara söykənən jurnalistika deyil, müəyyən siyasi məqsədlər naminə informasiya manipulyasiyası aparmaqdır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu, Avrasiya məkanında həyata keçirilən mühüm layihələrdə oynadığı rol və xüsusilə Cənubi Qafqazda sabitliyin təmin olunmasına verdiyi töhfələr bəzi dairələri ciddi şəkildə narahat edir".
Onun sözlərinə görə, bu səbəbdən də müəyyən qüvvələr regionda sabitlikdən deyil, münaqişə və qarşıdurmalardan faydalanmağa çalışırlar: "Bu kimi materiallar vasitəsilə guya sensasiya yaratmaq və emosional təsir göstərmək məqsədi güdülür. Lakin zaman göstərir ki, bu cür kampaniyaların arxasında duran qüvvələr gec-tez üzə çıxır. Əminliklə demək olar ki, Azərbaycanın adının bu cür materiallarda hallandırılmasında maraqlı olan dairələr uzun illərdir ölkəmizə qarşı eyni xətti davam etdirirlər. Sadəcə olaraq istifadə etdikləri vasitələr və platformalar dəyişir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu proseslərə müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən bəzi blogerlər, media resursları və Azərbaycana qarşı qərəzli mövqedə olan dairələr də dəstək verirlər. Bütün bunlar onu göstərir ki, müəyyən siyasi mərkəzlərin maliyyə və informasiya dəstəyi ilə ölkəmizə qarşı məqsədyönlü kampaniyalar aparılır. Lakin istənilən halda bu cəhdlərin uğursuzluğa məhkum olduğu aydındır. Azərbaycan öz milli maraqlarına söykənən müstəqil siyasətini davam etdirir və beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirməkdədir".
Elmir Heydərli
17:57 05.06.2026
Oxunuş sayı: 134