İrəvanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib
İrəvanda Rusiya səfirliyinin binası qarşısında rusiyalı müxalif fəallar tərəfindən performans formatında etiraz aksiyası təşkil olunub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, aksiya iştirakçıları Rusiya Prezidenti Vladimir Putinin maskalarını taxaraq çiy ətlə simvolik “şam yeməyi” təşkil ediblər. Təşkilatçıların sözlərinə görə, bu səhnə Rusiyanın siyasətinin qəddar və cinayətkar xarakter daşıdığını nümayiş etdirmək məqsədi daşıyıb.
Fəallar bildiriblər ki, aksiya ilə eyni vaxtda səfirliyin daxilində Rusiya rəsmilərinin iştirakı ilə qapalı qəbul keçirilib.
Etirazın əsas səbəbi kimi Moskvanın Ermənistanın daxili işlərinə mümkün müdaxiləsi və qarşıdan gələn seçki prosesləri ilə bağlı narahatlıqlar göstərilib.
Qeyd edək ki, bundan əvvəl “Reuters” agentliyi Qərb kəşfiyyat mənbələrinə istinadən Rusiyanın Ermənistanda təsir əməliyyatı hazırladığı barədə məlumat yayıb. İddialara görə, təxminən 50 milyon dollar dəyərində olduğu bildirilən plan çərçivəsində 100 minə yaxın diaspor nümayəndəsinin Ermənistana gətirilməsi və onların hazırkı baş nazir Nikol Paşinyana qarşı səsverməyə təsir göstərməsi nəzərdə tutulur. Bu məlumatlarla bağlı rəsmi təsdiq verilməyib.
14:32 04.06.2026
Oxunuş sayı: 52