907-ci düzəlişlə bağlı proses ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcək?
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması ilə bağlı memoranduma görə təşəkkür etməsi iki ölkə arasındakı strateji münasibətlərin əhəmiyyətini bir daha gündəmə gətirib. Uzun illərdir Bakı-Vaşinqton əlaqələrində müzakirə mövzusu olan bu düzəlişin tətbiqinin dayandırılması təhlükəsizlik, enerji və regional əməkdaşlıq sahələrində tərəfdaşlığın inkişafına mühüm təsir göstərir. Xüsusilə Cənubi Qafqazda geosiyasi proseslərin intensivləşdiyi bir dövrdə Azərbaycan və ABŞ arasında münasibətlərin gələcək perspektivləri, eləcə də 907-ci düzəlişin iki ölkə arasındakı əməkdaşlığa təsiri yenidən diqqət mərkəzinə çevrilib. Bu barədə fikirlərini bizimlə bölüşən siyasi şərhçi məsələyə münasibət bildirib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar İskəndərov Crossmedia.az-a açıqlama verib:

“ABŞ Prezidenti Donald Tramp tərəfindən 907-ci düzəlişin tətbiqinin dayandırılması müddətinin uzadılması ilə bağlı memorandumun imzalanması Azərbaycan–ABŞ münasibətlərində mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər. Bu qərar iki ölkə arasında təhlükəsizlik, enerji və regional əməkdaşlıq sahələrində dialoqun davam etdirilməsinə əlavə imkanlar yaradır. 907-ci düzəlişin tam ləğvi və ya onun tətbiqinin uzunmüddətli dayandırılması Azərbaycanla ABŞ arasında münasibətlərin daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan məcrada inkişafına töhfə verə bilər. Bu, xüsusilə regional təhlükəsizlik, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və nəqliyyat-kommunikasiya layihələri üzrə əməkdaşlığın genişlənməsinə şərait yarada bilər. Hazırda Azərbaycan–ABŞ münasibətləri mürəkkəb, lakin əməkdaşlıq potensialını qoruyub saxlayan mərhələdədir".
O, bildirib ki, tərəflər arasında bəzi məsələlər üzrə fikir ayrılıqları mövcud olsa da, enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi əməkdaşlıq kimi istiqamətlərdə qarşılıqlı maraqlar əlaqələrin inkişafı üçün mühüm baza olaraq qalır: "Bu baxımdan, 907-ci düzəlişlə bağlı atılan addımlar münasibətlərdə etimadın möhkəmlənməsinə və siyasi dialoqun daha konstruktiv məcrada davam etməsinə xidmət edə bilər. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinə memorandumla bağlı təşəkkürünü ifadə edib və bu qərarın iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib”.
Ayhan
16:06 03.06.2026
Oxunuş sayı: 53