Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi Vaşinqtonun bu praqmatik xətti nə dərəcədə davam etdirəcəyindən asılı olacaq - Deputat
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri yüksək səviyyəli görüşdə müzakirə olunub. Tərəflər enerji təhlükəsizliyi, investisiyalar, ticarət və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əlaqələrin inkişafı, Orta Dəhlizin artan rolu, yaşıl enerji keçidi və regional gündəlikdə yer alan mühüm məsələlər diqqət mərkəzində olub.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini Prezident İlham Əliyevin qəbulu zamanı müşahidə olunan diplomatik jestlər, habelə qonağın xarici işlər naziri Ceyhun Bayramovla müzakirələri Azərbaycan-ABŞ əlaqələrinin hazırkı reallığını və gələcək vizyonunu anlamaq baxımından mühüm xarakter daşıyır. Əvvəlcə ondan başlayaq ki, Prezident İlham Əliyevin Kaleb Orra ABŞ Prezidenti Donald Tramp tərəfindən verilmiş xatirə hədiyyəsini nümayiş etdirməsi sadəcə xoş bir diplomatik epizod deyil, eyni zamanda iki ölkə lideri arasındakı qarşılıqlı hörmətə və birbaşa təmasa əsaslanan şəxsi diplomatiyanın və etibarlılığın rəmzidir. Bu mənada, mövcud mənzərənin hüquqi və geosiyasi kontekstdə təhlili ilk növbədə diktə yox, bərabərhüquqlu tərəfdaşlığa əsaslanan bir mənzərə ortaya qoyur. Reallıqda da görünən odur ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz suverenliyini və milli maraqlarını hər şeydən uca tutan, diktə ilə deyil, yalnız hüquqi bərabərlik prinsipləri ilə hərəkət edən müstəqil subyektdir. ABŞ nümayəndə heyətinin Bakıya səfəri və müzakirə olunan mövzuların coğrafiyası göstərir ki, Vaşinqton da öz növbəsində Bakının Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallıqları və ölkəmizin regionun şəksiz lideri olduğunu tam olaraq qəbul edir. Bakı Enerji Həftəsi fonunda keçirilən bu görüşlər həm də onu sübut edir ki, Azərbaycan qlobal enerji təhlükəsizliyi, xüsusilə Avropanın dayanıqlı təchizatı və Trans-Xəzər nəqliyyat dəhlizlərinin işə düşməsi məsələsində əvəzolunmaz aktordur. ABŞ-nin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə yüksək rütbəli rəsmisinin Bakıda olması Ağ Evin Azərbaycanın strateji, investisiya və logistik potensialına verdiyi praqmatik əhəmiyyətin birbaşa təsdiqidir".
O, xatırladıb ki, Azərbaycan regional sülhün və sabitliyin tərəfdarıdır və gələcəyə yönəlmiş iqtisadi-ticari əlaqələrin qurulmasında maraqlıdır: "Lakin Bakının mövqeyinin bu istiqaməti də çox aydındır ki, tərəfdaşlıqlar kənar müdaxilələr və birtərəfli təzyiqlər formulası ilə icra oluna bilməz. Ceyhun Bayramovun qeyd etdiyi ticarət, investisiya və regional məsələlər beynəlxalq hüququn norma və prinsiplərinə tam hörmət çərçivəsində inkişaf etdirilməlidir. Təbii ki, Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi Vaşinqtonun bu praqmatik xətti nə dərəcədə davam etdirəcəyindən asılı olacaq. Donald Trampın Bakı Enerji Həftəsinə göndərdiyi məktub və keçirilən yüksəksəviyyəli görüşlər göstərir ki, tərəflər arasında iqtisadi, enerji və nəqliyyat sahəsində real və faydalı əməkdaşlıq üçün ciddi perspektivlər mövcuddur. Azərbaycan öz milli və suveren maraqlarını qorumaq şərtilə, qarşılıqlı hörmətə əsaslanan bütün praqmatik təşəbbüslərə açıqdır və gələcək münasibətlərin formatını da məhz Bakının bu sarsılmaz prinsipləri müəyyən edəcəkdir".
Elmir Heydərli
10:26 03.06.2026
Oxunuş sayı: 71