UNESCO gənclər üçün beynəlxalq foto müsabiqə elan edib
UNESCO-nun təşkilatçılığı ilə keçirilən “İpək Yolları Gənclərin Gözü ilə” (Youth Eyes on the Silk Roads) beynəlxalq foto müsabiqəsinə müraciətlərin qəbulu davam edir.
Crossmedia.az xəbər verir ki, müsabiqə 14–25 yaş arası gənclər üçün nəzərdə tutulub və dünyanın istənilən ölkəsindən iştirakçılar müraciət edə bilərlər. Layihə 2018-ci ildə tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə yaradılıb və bu il artıq 8-ci dəfə keçirilir.
2026-cı il müsabiqəsinin mövzusu “İpək Yolları boyunca yaşayan irs”dir. İştirakçılar fotoqrafiya vasitəsilə ortaq mədəni irsi, müxtəlif xalqlar arasında əlaqələri və İpək Yolunun zəngin tarixi-mədəni dəyərlərini əks etdirən əsərlər təqdim edə bilərlər.
Müsabiqə iki yaş kateqoriyası üzrə təşkil olunur: 14–17 yaş və 18–25 yaş. Müraciətlərin qəbulu 30 iyun 2026-cı il tarixinədək davam edəcək.
Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Belə ki, birinci yerin sahibinə peşəkar fotoaparat, ikinci yerin qalibinə yarım-peşəkar fotoaparat, üçüncü yerin sahibinə isə standart rəqəmsal fotoaparat təqdim olunacaq.
Bundan əlavə, müsabiqənin ideyasını ən yaxşı əks etdirən təxminən 60 fotoşəkil beynəlxalq səyyar sərgidə nümayiş etdiriləcək. Seçilmiş əsərlər həmçinin peşəkar fotoalbomda nəşr olunacaq.
Azərbaycanlı gənc fotoqraflar da müsabiqədə iştirak etməyə dəvət olunurlar.
07:50 03.06.2026
Oxunuş sayı: 59