Lizinqlə bağlı yeni qanun: Vətəndaşlar nələrə diqqət etməlidirlər?
Azərbaycanda maliyyə icarəsi (lizinq) sahəsini tənzimləyən yeni qanun qəbul edilib. Yeni qanun maliyyə icarəsi bazarında hüquqi mexanizmlərin təkmilləşdirilməsi, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu sahədə şəffaflığın artırılması məqsədi daşıyır. Sənədə əsasən, indiyədək istifadə olunan "lizinq" termini "maliyyə icarəsi" termini ilə əvəz ediləcək və bu sahədə terminoloji vahidlik təmin olunacaq. Qanun maliyyə icarəsi fəaliyyəti ilə məşğul olan qurumlara dair yeni tələblər, dövlət nəzarəti mexanizmləri və hesabatlılıq qaydalarını da müəyyən edir. Eyni zamanda, subicarə və geriyə maliyyə icarəsi kimi yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur.
İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvü, vergi, audit ve mühasibat üzrə ekspert Şamxal Kərimov bu barədə Crossmedia.az-a açıqlama verib.

O bildirib ki, Azərbaycanda “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsinin qəbul edilməsi bu sahənin inkişafı baxımından mühüm addım hesab oluna bilər:
" Burada əsas məsələ təkcə “lizinq” termininin “maliyyə icarəsi” ilə əvəz olunması deyil. Əsas dəyişiklik bu fəaliyyət sahəsinin ilk dəfə ayrıca və sistemli şəkildə tənzimlənməsidir. Bu isə bazarda hüquqi müəyyənliyin və institusional nəzarətin güclənməsinə səbəb ola bilər.
Hazırda maliyyə icarəsi bazarında əsas problemlərdən biri prudensial nəzarət mexanizmlərinin zəif olması və vahid tənzimləmə çərçivəsinin tam formalaşmamasıdır. Yeni qanun layihəsində maliyyə icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin Mərkəzi Bankın reyestrinə daxil edilməsi, minimum kapital tələblərinin müəyyən olunması və beynəlxalq standartlara uyğun hesabatlılıq mexanizmlərinin tətbiqi bazarın daha şəffaf və dayanıqlı formalaşmasına təsir göstərə bilər".
Müsahibimizin sözlərinə görə, qanun layihəsinə əsasən, maliyyə icarəsi alan tərəf yalnız hüquqi şəxs və ya fərdi sahibkar ola biləcək:
" Bu yanaşma fəaliyyətin istehlak kreditindən fərqləndirilərək birbaşa sahibkarlıq fəaliyyəti ilə əlaqələndirildiyini göstərir. Xüsusilə kiçik və orta sahibkarlar üçün bu mexanizm bank kreditlərinə alternativ maliyyələşmə aləti kimi çıxış edə bilər. Sahibkar avadanlıq və ya digər əsas vəsaitləri birdəfəlik böyük xərc çəkmədən istifadə etmək imkanı əldə edir ki, bu da biznesin investisiya imkanlarını genişləndirə bilər. Qanun layihəsində kredit tarixçələrinin kredit bürolarına ötürülməsi ilə bağlı tələblər də mühüm yeniliklərdən biridir. Bu yanaşma maliyyə intizamını və şəffaflığı artırmaqla yanaşı, risklərin daha düzgün qiymətləndirilməsinə imkan verə bilər. Eyni zamanda beynəlxalq maliyyə hesabatı standartlarının tətbiqi və Mərkəzi Bank nəzarətinin güclənməsi maliyyə icarəsi bazarının institusional inkişafını sürətləndirə bilər.
Qanunun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minməsi və mövcud lizinq şirkətləri üçün nəzərdə tutulan 9 aylıq keçid müddəti də diqqət çəkən məqamlardandır. Bu yanaşma bazarın yeni tələblərə mərhələli uyğunlaşmasına imkan yaratmaq məqsədi daşıyır və praktiki tətbiq baxımından balanslı keçid mexanizmi kimi qiymətləndirilə bilər.
Bununla belə, qanunun real effektivliyi praktik tətbiq mərhələsindən asılı olacaq. Əgər yeni tələblər bazarda həddindən artıq inzibati yük yaratmadan tətbiq olunarsa, bu dəyişiklik maliyyə icarəsi sektorunun inkişafına və sahibkarların maliyyəyə çıxış imkanlarının genişlənməsinə ciddi töhfə verə bilər. Hazırda əsas məsələ qanunun qəbul edilməsindən daha çox onun praktik və balanslı şəkildə tətbiq olunmasıdır".
Fatimə Məmmədova
16:45 02.06.2026
Oxunuş sayı: 55