ABŞ NATO ölkələrində nüvə silahlarının yerləşdirilməsini genişləndirə bilər
ABŞ nüvə silahına malik olmayan bəzi Avropa NATO üzv ölkələrinin ərazisində də nüvə silahlarının yerləşdirilməsi imkanını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Bildirilib ki, ABŞ rəsmiləri hazırda ABŞ nüvə silahlarını daşıya bilən bombardmançı təyyarələrin yerləşdiyi altı ölkədən kənarda da əlavə yerləşdirmə variantlarına açıq olduqlarını müttəfiqlərə çatdırıblar.
Məlumata görə, bu addım Vaşinqtonun Avropadakı müttəfiqlərinə ABŞ-nin ənənəvi hərbi dəstəyinin azalmasının təhlükəsizlik zəmanətlərini zəiflətmədiyini göstərmək məqsədi daşıyır.
Nəşr qeyd edir ki, söhbət ABŞ-nin ikiqat təyinatlı təyyarələrinin (DCA) yerləşdirilə biləcəyi yeni bazalardan gedir. Bu təyyarələr həm adi, həm də nüvə silahları daşımaq imkanına malikdir.
Mənbələrin sözlərinə görə, NATO-nun şərq cinahında yerləşən ölkələr, xüsusilə Polşa və bəzi Baltikyanı dövlətlər bu təşəbbüs çərçivəsində öz ərazilərində belə bazaların yerləşdirilməsinə maraq göstəriblər.
14:35 02.06.2026
Oxunuş sayı: 45