Maşın yağları bahalaşa bilər - AÇIQLAMA
Yaxın Şərqdə davam edən geosiyasi gərginliklər qlobal ticarət və logistika zəncirinə təsir göstərməkdə davam edir. Regionda təhlükəsizlik risklərinin artması beynəlxalq yükdaşımaların maya dəyərini yüksəldib ki, bu da bir çox məhsulların qiymətində bahalaşmaya səbəb olub. Əvvəlcə təxminən 20 faiz artım müşahidə olunan qiymətlər son dövrlərdə daha 30 faiz yüksələrək bazarda ciddi narahatlıq yaradıb. Xüsusilə idxaldan asılı olan avtomobil yağları sektorunda bahalaşma daha qabarıq hiss olunur. Bəs bu qiymət artımlarının arxasında hansı amillər dayanır və mövcud vəziyyət avtomobil yağlarının qiymətlərinə nə vaxta qədər təsir göstərə bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli Crossmedia.az-a açıqlama verib:

“Avtomobil yağlarının bahalaşması təkcə neftin qiyməti ilə bağlı deyil. Burada eyni vaxtda bir neçə amil işləyir və məhz buna görə qiymətlərin nə vaxt normallaşacağını dəqiq söyləmək çətindir.
Hazırda Yaxın Şərqdəki gərginlik, xüsusilə Hörmüz boğazı ətrafındakı risklər bazarlarda ciddi narahatlıq yaradır. Dünya üzrə daşınan neftin əhəmiyyətli hissəsi bu marşrutdan keçdiyi üçün hər hansı təhlükə sığorta xərclərini, gəmi daşımalarını və logistika tariflərini artırır. Nəticədə xammalın qiyməti bahalaşır və bu təsir zəncirvari şəkildə mühərrik yağları, transmissiya yağları və digər neft məhsullarına ötürülür.
Lakin burada vacib bir məqam var: avtomobil yağlarının qiyməti neft bahalaşan kimi dərhal dəyişmir. İstehsalçılar və distribütorlar adətən bir neçə aylıq ehtiyatlarla işləyirlər. Buna görə də neft qiymətlərindəki bugünkü artımın tam təsiri bazarda 1-3 ay gecikmə ilə hiss olunur. Hazırda gördüyümüz bahalaşmanın bir hissəsi məhz əvvəlki dövrdə yaranmış logistika və xammal xərclərinin nəticəsidir.
Mənim qiymətləndirməmə görə, əgər regiondakı gərginlik indiki səviyyədə qalarsa: Yaxın 2-4 ay ərzində qiymətlər üzərində təzyiq davam edə bilər. Avtomobil yağlarında əlavə 10-15%, bəzi premium markalarda isə 20%-ə qədər bahalaşma ehtimalı qalır. Payız aylarına doğru geosiyasi vəziyyət sabitləşərsə, yeni bahalaşmaların tempi zəifləyə bilər”.
Ekspert əlavə edib ki, ilin sonuna yaxın isə bazar daha çox sabitləşmə mərhələsinə keçə bilər:
“Bununla belə, qiymətlərin əvvəlki səviyyələrə qayıtması daha çətin görünür. Tarix göstərir ki, enerji və logistika xərcləri yüksəlir, sonradan müəyyən qədər geriləsə belə, məhsulların pərakəndə satış qiymətləri adətən tam əvvəlki səviyyəyə enmir. Ən real ssenari qiymətlərin bir müddət sonra sabitləşməsi, lakin son bahalaşmadan əvvəlki rəqəmlərə qayıtmamasıdır.
Avtomobil sahəsi baxımından sürücülər üçün ən məntiqli yanaşma yaxın aylarda mütləq lazım olacaq yağ dəyişmələrini çox gecikdirməməkdir. Xüsusilə istifadə etdiyiniz yağ markası və viskozluq növü daim eynidirsə, 1-2 yağ dəyişməlik ehtiyat almaq müəyyən riskləri azalda bilər. Bununla yanaşı, böyük həcmdə ehtiyat toplamaq da məqsədəuyğun deyil, çünki geosiyasi vəziyyət dəyişərsə bazar gözləniləndən daha tez sakitləşə bilər.
Qısacası, hazırkı göstəricilər avtomobil yağları bazarında bahalaşmanın hələ tam başa çatmadığını göstərir. Ən real ehtimal odur ki, qiymətlər yay və erkən payız dövründə yüksəlməyə və ya yüksək səviyyədə qalmağa davam etsin, daha sonra isə ilin sonuna doğru artım tempi zəifləsin və bazar tədricən sabitləşsin”.
Ayhan
15:36 02.06.2026
Oxunuş sayı: 71