Qırmızı ət ucuzlaşır?
Məhərrəm ayının yaxınlaşması ilə toy və nişan məclislərinin sayında azalma gözlənilir. Ənənəvi olaraq bu dövrdə bir çox ailələr şənliklərini təxirə salmağa üstünlük verir. Bu isə qırmızı ət bazarında tələbatın dəyişib-dəyişməyəcəyi ilə bağlı sualları gündəmə gətirir. Toy mərasimləri ət istehlakının yüksək olduğu sahələrdən biri hesab edildiyindən, bəzi vətəndaşlar qiymətlərdə enmələrin ola biləcəyini düşünür. Digər tərəfdən, bazar iştirakçıları qiymətlərə təsir edən amillərin daha geniş olduğunu bildirirlər. Bəs Məhərrəmlik dövründə qırmızı ət bazarında hansı dəyişikliklər gözlənilir?

İqtisadçı Elçin Rəşidov mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında bildirib ki, Məhərrəmlik ayının başlaması toyların sayını minimuma endirməsə də, onların sayında müəyyən azalma müşahidə olunur.
Onun sözlərinə görə, son illər evliliklərin sayının azalması fonunda toy məclislərinin sayı da azalıb. Bununla belə, bu amil ət bazarına ciddi təsir göstərməyib: "Son vaxtlar evliliklərin sayının azalması səbəbindən toylar da azalıb. Lakin bu azalma ət bazarına cüzi təsir göstərir. İnsanlar qırmızı əti yalnız toy məclislərində deyil, gündəlik tələbat üçün də alırlar. Məhərrəm ayında bəzi şəxslərin toy etməməsi qırmızı ətə olan tələbatın azalmasına səbəb olur. Bu da qiymətlərə müəyyən təsir göstərsə də, həmin təsir cüzi və müvəqqəti xarakter daşıyır".
E. Rəşidov vurğulayıb ki, Məhərrəmlikdən sonra təxirə salınmış toyların daha intensiv keçirilməsi qırmızı ətə tələbatın yenidən artmasına səbəb olur: "Ətin qiymətində baş verən ucuzlaşma və ya bahalaşma müxtəlif amillərdən asılıdır. Buraya qlobal ət bazarında qiymətlərin dəyişməsi də daxildir. Eyni zamanda, yerli bazarda baş verən proseslər də qiymətlərdə müəyyən dalğalanmalar yarada bilir".
Fatimə Məmmədova
19:56 01.06.2026
Oxunuş sayı: 87