ABŞ-dən Azərbaycanla enerji əməkdaşlığı mesajı: Tərəfdaşlıq davam edəcək
ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Bakı Enerji Həftəsində Azərbaycanla enerji sahəsində əməkdaşlığa dair açıqlama verib.
Crossmedia.az xəbər verir ki, o, ABŞ-nin təbii ehtiyatların hasilatı və ixracı sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.
Kaleb Orr çıxışında iki ölkə arasında 30 illik güclü tərəfdaşlıq münasibətlərinin formalaşdığını vurğulayıb. O qeyd edib ki, Azərbaycan regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
ABŞ rəsmisi həmçinin Bakıda imzalanmış “Əsrin müqaviləsi”ni və Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq sazişini xatırladaraq, bu əməkdaşlığın enerji sektorunda uzunmüddətli sabitliyə töhfə verdiyini bildirib.
Qeyd olunub ki, tərəflər enerji, investisiya və biznes sahələrində əlaqələrin daha da genişləndirilməsində maraqlıdır.
17:32 01.06.2026
Oxunuş sayı: 48