Bakı Enerji Həftəsi - Azərbaycanın qlobal enerji diplomatiyasında yeni strateji mərhələ
Azərbaycan paytaxtı növbəti dəfə qlobal enerji gündəminin əsas müzakirə platformalarından birinə çevrilib.
Bakı Ekspo Mərkəzində start götürən Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi – “Caspian Power” və 31-ci “Baku Energy Forum” enerji sektorunun aparıcı nümayəndələrini, dövlət rəsmilərini və beynəlxalq şirkətləri bir araya gətirib. Tədbirin rəsmi açılış mərasimində Azərbaycan Prezidenti Ilham Əliyev də iştirak edib.
Artıq 30 ildən çoxdur keçirilən Bakı Enerji Həftəsi regionun ən nüfuzlu enerji platformalarından biri hesab olunur. Bu il tədbirdə 40-dan çox ölkədən yüzlərlə şirkətin iştirakı nəzərdə tutulur.
Forum çərçivəsində ənənəvi neft-qaz layihələri ilə yanaşı, yaşıl enerji, enerji keçidi, dekarbonizasiya, rəqəmsallaşma, süni intellekt və enerji təhlükəsizliyi kimi aktual məsələlərin də müzakirəsi planlaşdırılır.
Tədbir Azərbaycanın qlobal enerji bazarındakı rolunun və beynəlxalq enerji əməkdaşlığındakı mövqeyinin təqdim edilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"İlk növbədə qeyd etmək lazımdır ki, Bakı Enerji Forumu təkcə bir mövzu və ya sahə üzrə keçirilən sadə konfrans deyil. Bu tədbirin əhatə dairəsi çox daha genişdir və o, geoiqtisadi və geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır.
Bu səbəbdən demək olar ki, Bakı Enerji Forumu ölkəmizin beynəlxalq nüfuzunun gücləndirilməsi, xarici sərmayələrin cəlb olunması, eləcə də həm ənənəvi, həm də yaşıl enerji sahəsində yeni layihələrin inkişaf etdirilməsi üçün mühüm enerji diplomatiyası alətidir.
Tədbirin bir sıra vacib məqamları vardır. İlk növbədə, forum siyasi və geosiyasi baxımdan olduqca əhəmiyyətli platformadır. Bu platforma Azərbaycanın Avrasiya məkanında mühüm enerji mərkəzi kimi mövqeyini nümayiş etdirməsi baxımından xüsusi rol oynayır.
Eyni zamanda, forum çərçivəsində beynəlxalq təşkilatlar və enerji şirkətləri arasında əməkdaşlıq imkanları geniş müzakirə olunur. Burada Cənubi Qafqaz, Xəzər hövzəsi və Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılır.
Xüsusilə qeyd etmək lazımdır ki, Avropanın hazırkı enerji çağırışları fonunda Azərbaycan təbii qaz ixracı vasitəsilə mühüm tərəfdaşlardan birinə çevrilmişdir. Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində imzalanmış strateji sənədlər və bir sıra ölkələrin Azərbaycanın strateji tərəfdaş kimi qəbul edilməsi bu əməkdaşlığın göstəricisidir.
Forum həmçinin yeni enerji marşrutlarının formalaşması və mövcud infrastruktur layihələrinin inkişafı baxımından da əhəmiyyətlidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi layihələr və digər enerji dəhlizləri ətrafında aparılan müzakirələr bu tədbirin iqtisadi çəkisini daha da artırır.
Son illərdə forumun gündəliyində yaşıl enerji məsələləri də xüsusi yer tutur. Əgər əvvəllər əsasən neft və qaz mövzuları müzakirə olunurdusa, bu gün artıq yaşıl enerji keçidi, dekarbonizasiya, rəqəmsal enerji sistemləri və süni intellektin energetikada tətbiqi kimi məsələlər ön plana çıxmışdır.
Günəş, külək və su enerjisi sahəsində Azərbaycanın əldə etdiyi nəticələrin beynəlxalq ictimaiyyətə təqdim olunması və bu istiqamətdə yeni layihələrin hazırlanması forumun əsas müzakirə mövzularındandır.
Ümumilikdə, Bakı Enerji Forumu ölkənin beynəlxalq imicinin güclənməsinə xidmət edən mühüm platformadır. Azərbaycan təkcə karbohidrogen resurslarının ixracatçısı kimi deyil, eyni zamanda yaşıl enerji keçidini sürətləndirən və gələcəkdə yaşıl enerji ixrac edən ölkə kimi də özünü təqdim edir.
Forum hər il yüzlərlə nümayəndəni – dövlət rəsmilərini, beynəlxalq şirkətləri, ekspertləri və beyin mərkəzlərini bir araya gətirir. Bu isə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi qəbul olunmasını daha da möhkəmləndirir.
Eyni zamanda, bu platforma turizm, nəqliyyat infrastrukturu və digər iqtisadi sahələrə də müsbət təsir göstərir. Azərbaycan üçün strateji əhəmiyyət daşıyan əsas məqsədlərdən biri dünya bazarına etibarlı enerji təchizatını davam etdirmək və yeni ixrac istiqamətlərini inkişaf etdirməkdir.
Nəticə etibarilə, Bakı Enerji Forumu ölkənin xarici iqtisadi və xarici siyasət strategiyasının mühüm alətlərindən biri kimi çıxış edir. Bu forum enerji əməkdaşlığının yeni arxitekturasının formalaşmasına töhfə verir və bu arxitektura təkcə Cənubi Qafqazla məhdudlaşmayaraq daha geniş Avrasiya coğrafiyasını əhatə edir".
Elmir Heydərli
16:15 01.06.2026
Oxunuş sayı: 51