Dünyanın enerji nəbzi Bakıda döyünür - Forumunda hansı mesajlar veriləcək?
Bu gün Bakıda keçirilən 31-ci Baku Energy Forum qlobal enerji gündəminin ən aktual məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformalardan biri kimi diqqət mərkəzindədir.
Dünyanın müxtəlif ölkələrindən hökumət rəsmilərini, enerji şirkətlərinin rəhbərlərini və ekspertləri bir araya gətirən forum enerji təhlükəsizliyi, yeni enerji marşrutları, yaşıl enerji keçidi və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın enerji sahəsində strateji mövqeyi, Avropanın enerji təhlükəsizliyində artan rolu, Cənub Qaz Dəhlizinin perspektivləri, bərpa olunan enerji layihələri və regional nəqliyyat-kommunikasiya imkanları forumun əsas müzakirə mövzuları sırasında yer alır.
Bəs 31-ci Baku Energy Forumunun beynəlxalq enerji bazarları və Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir və bu platformada hansı mühüm mesajların verilməsi gözlənilir?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli Crossmedia.az-a açıqlama verib:

““Baku Energy Forum” artıq uzun illərdir ki, regionun ən nüfuzlu enerji platformalarından biri hesab olunur. Forumun əsas əhəmiyyəti ondan ibarətdir ki, burada hökumət nümayəndələri, beynəlxalq enerji şirkətləri, investorlar və ekspertlər bir araya gələrək qlobal enerji bazarındakı tendensiyaları və gələcək əməkdaşlıq imkanlarını müzakirə edirlər.
Azərbaycan üçün bu tədbir həm də ölkənin enerji strategiyasını beynəlxalq auditoriyaya təqdim etmək baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirdə yüzlərlə nümayəndənin və onlarla ölkədən iştirakçının qatılması gözlənilir.
Bu il forumda ən çox diqqət çəkən mövzulardan biri enerji keçidi və yaşıl enerji layihələri olacaq. Azərbaycanın günəş və külək enerjisi potensialı, yaşıl enerji ixracı perspektivləri, dekarbonizasiya prosesləri və bərpaolunan enerji sahəsində beynəlxalq tərəfdaşlıqlar geniş müzakirə ediləcək.
Eyni zamanda enerji təhlükəsizliyi, qaz ixracı marşrutları, yeni investisiya layihələri və enerji infrastrukturunun inkişafı da gündəmdə olacaq.
Forum çərçivəsində rəqəmsallaşma, süni intellekt texnologiyalarının enerji sektorunda tətbiqi, enerji səmərəliliyi və dayanıqlı enerji sistemlərinin qurulması kimi məsələlərin də müzakirəyə çıxarılması nəzərdə tutulur”.
İqtisadçı əlavə edib ki, bundan başqa, müxtəlif ölkələrin enerji nazirləri və şirkət rəhbərləri arasında ikitərəfli görüşlər, yeni əməkdaşlıq sazişləri və investisiya layihələri üzrə müzakirələr keçiriləcək:
“Ümumilikdə, forum Azərbaycanın həm ənənəvi neft-qaz ixracatçısı, həm də yaşıl enerji istehsalçısı kimi mövqeyinin gücləndirilməsi, yeni investisiyaların cəlb edilməsi və regional enerji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platforma hesab olunur”.
Ayhan
12:45 01.06.2026
Oxunuş sayı: 55