Çarpaz baxış

Təhsil sistemində innovasiyalar və kadr hazırlığı

Qloballaşan dünyada ölkələrin davamlı inkişafı birbaşa təhsil sisteminin modernləşdirilməsi və müasir tələblərə uyğun kadr hazırlığı ilə bağlıdır. Rəqəmsallaşma və innovasiyalar ənənəvi təhsil yanaşmalarını dəyişərək, gələcəyin ixtisaslı mütəxəssislərinin yetişdirilməsi üçün yeni imkanlar yaradır.

Bu mövzuda Crossmedia.az-ın müsahibi təhsil eksperti Ramin Nurəliyev olub. O, təhsil sistemində innovasiyaların tətbiqi, STEAM yanaşmasının əhəmiyyəti və kadr hazırlığı sahəsindəki problemlər barədə fikirlərini bölüşüb.

– Ramin bəy, təhsil sistemində innovasiyaların tətbiqi nə dərəcədə vacibdir?

– Təhsil sistemində innovasiyaların tətbiqi təhsil prosesini müasir, səmərəli və keyfiyyətli etmək üçün vacibdir. İnnovasiya yeni yanaşmaların və texnologiyaların tətbiqi deməkdir. Bu, kompüterləşdirilmiş metodlardan başlayaraq süni intellektə qədər müxtəlif istiqamətləri əhatə edir.

Dünya bu sahədə sürətlə irəliləyir. Məsələn, BMT-nin informasiya-kommunikasiya texnologiyalarına dair xüsusi proqramları var. Türkiyə kimi ölkələrdə isə artıq siniflərdə robot müəllimlər tətbiq olunur ki, bu da dərs prosesini daha interaktiv edir.

Azərbaycanda da bu istiqamətdə addımlar atılır, lakin müəyyən boşluqlar qalmaqdadır. Təhsil sistemində innovativ texnologiyaların tətbiqi qaçılmazdır və ölkəmizin inkişafına böyük təkan verə bilər. Bu məqsədlə həm müəllimlərin, həm də şagirdlərin yeni texnologiyalara uyğunlaşdırılması vacibdir.

– STEAM yanaşmasının əhəmiyyəti barədə nə düşünürsünüz?

– STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) yanaşması müasir təhsilin əsas prioritetlərindən biridir. Bu inteqrasiya modeli şagirdlərin analitik və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir. Lakin Azərbaycanda STEAM yanaşmasının tətbiqi bir qədər hazırlıqsız həyata keçirilir.

İlk növbədə, müəllimlərin bu istiqamətdə hazırlanması vacibdir. Təəssüf ki, kurikulum sistemini tətbiq etdikdə müəllimlərin əksəriyyəti bu yanaşmanı tam mənimsəməmişdi. Digər tərəfdən, məktəblərdə texniki infrastruktur yetərli deyil. Müasir laboratoriyalar və texnologiyalar olmadan STEAM təhsilini effektiv təşkil etmək mümkün deyil.

– Təhsildə innovasiyaların qarşısında duran çətinliklər hansılardır?

– Təhsildə innovasiyaların tətbiqində əsas çətinlik hazırlıqsızlıqdır. Məktəblərimizin maddi-texniki bazası kifayət qədər zəifdir. Bir çox məktəblərdə kompüter laboratoriyaları olsa da, onların tədrisdə effektiv istifadəsi problem olaraq qalır.

Bundan başqa, universitetlərdə də kadr hazırlığı ilə bağlı ciddi problemlər mövcuddur. Tələbələrə əsasən nəzəri biliklər verilir, praktik biliklər isə diqqətdən kənarda qalır. Məsələn, hüquq fakültəsinin dördüncü kurs tələbəsi iddia ərizəsi yazmağı bacarmırsa, mühəndislik tələbəsi isə işə başlamaqda çətinlik çəkirsə, bu, ciddi problemdir. Xaricdə təhsil alan tələbələrə üstünlük verilməsinin əsas səbəbi onların həm nəzəri, həm də praktik biliklərə yiyələnməsidir.

– Azərbaycanda kadr hazırlığı sahəsində hansı irəliləyişlər var?

– Əfsus ki, kadr hazırlığı sahəsində ciddi problemlərimiz var. Universitetlərdə tələbələr daha çox nəzəri biliklərə yiyələnirlər, praktiki təcrübə isə yetərincə təmin edilmir. Bu, mühəndislik, hüquq, pedaqogika kimi sahələrdə xüsusilə qabarıq görünür.

Orta təhsil müəssisələrində isə vəziyyət eyni dərəcədə narahatedicidir. 80-ci illərdən qalan tədris vəsaitləri ilə müasir dövrün tələblərinə cavab vermək mümkün deyil. Fizika, biologiya, kimya kimi fənlərin tədrisində müasir texnologiyalardan istifadə olunmalıdır. Təəssüf ki, bir çox məktəblərdə hələ də köhnə yazı taxtalarından istifadə edilir. Halbuki elektron lövhələr və multimedia vasitələri dərsləri daha maraqlı və effektiv edə bilər.

Ədəbiyyat dərslərində belə texnologiyaların faydasını görmək mümkündür. Məsələn, Nizami Gəncəvinin yalnız şəklini sinif otağında asmaq əvəzinə, onun yaradıcılığını multimedia resursları vasitəsilə daha əhatəli təqdim etmək olar.

– Yekun olaraq, nə təklif edərdiniz?

– Təhsil sistemində islahatların uğurla həyata keçirilməsi üçün həm orta, həm də ali təhsil müəssisələrində ciddi dəyişikliklər edilməlidir. Tədris proqramları nəzəri biliklərlə yanaşı, praktik təcrübəni də əhatə etməlidir. Müasir texnologiyalar tətbiq edilməli, müəllimlər bu yeniliklərə uyğun şəkildə hazırlanmalıdırlar.

Yalnız bu yolla ölkəmizdə müasir tələblərə cavab verən, rəqabətqabiliyyətli kadrlar yetişdirmək mümkün olacaq.

Gültac Mehdizadə

10:32 17.12.2024

Oxunuş sayı: 11159

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR