Dünyada müharibələr niyə bitmir? – Professor qlobal planları açıqladı
"Dünya iqtisadiyyatı və Azərbaycan"(Layihənin ideya müəllifi, professor Rüfət Quliyevdir)
Müasir dünyada baş verən siyasi proseslər, regional qarşıdurmalar və qlobal güc balansında yaşanan dəyişikliklər bir daha göstərir ki, müharibələr təkcə silahlı toqquşma deyil, həm də iqtisadi, siyasi və geostrateji maraqların kəsişdiyi mürəkkəb prosesdir.
Tarixin müxtəlif dövrlərində imperiyaların yüksəlişi, dövlətlərin parçalanması və yeni siyasi düzənin formalaşması məhz bu qarşıdurmalar fonunda baş verib.
Bu gün də dünya oxşar mərhələdən keçir və beynəlxalq münasibətlər sistemində gərginlik getdikcə daha açıq şəkildə hiss olunur.
Qlobal miqyasda enerji resursları, ticarət yolları, strateji bölgələr və texnoloji üstünlük uğrunda gedən rəqabət beynəlxalq münasibətlərin əsas müəyyənedicilərindən birinə çevrilib. Böyük dövlətlər arasında yaşanan siyasi qarşıdurmalar, iqtisadi sanksiyalar, regional müharibələr və nüvə təhlükəsi artıq təkcə ayrı-ayrı ölkələrin deyil, bütün bəşəriyyətin gələcəyinə təsir edən məsələlər kimi qiymətləndirilir.
Dünyada davam edən çoxsaylı münaqişələr isə göstərir ki, geosiyasi maraqlar uğrunda mübarizə hələ uzun müddət beynəlxalq gündəmin əsas mövzularından biri olacaq.
Belə bir mürəkkəb və ziddiyyətli dövrdə dövlətlərin milli maraqlarını necə qoruduğu, hansı xarici siyasət kursunu seçdiyi və regional sabitliyə hansı formada töhfə verdiyi xüsusi əhəmiyyət daşıyır.
Xüsusilə, mürəkkəb geosiyasi bölgədə yerləşən Azərbaycan üçün təhlükəsizlik, iqtisadi sabitlik və balanslaşdırılmış siyasət məsələləri strateji əhəmiyyət kəsb edir. Məhz bu baxımdan qlobal proseslərin mahiyyətini anlamaq, müharibələrin səbəblərini təhlil etmək və beynəlxalq münasibətlərdə baş verən dəyişiklikləri düzgün qiymətləndirmək olduqca vacibdir.
Məsələ ilə bağlı iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Tarixən bəşəriyyət təxminən 2500 ildən artıq müddətdə müharibələr, siyasi qarşıdurmalar və geosiyasi dəyişikliklər fonunda inkişaf edib. Müharibələrin kökündə isə əsasən iki böyük səbəb dayanıb.
Birinci səbəb xalqların və dövlətlərin öz ərazi bütövlüyünü, tarixi torpaqlarını və suverenliyini qorumaq istəyi olub.
İkinci səbəb isə iqtisadi, maliyyə və geosiyasi maraqlardır ki, məhz bu faktor daha böyük müharibələrə, daha ağır dağıntılara və milyonlarla insanın həyatına təsir edən nəticələrə gətirib çıxarıb.
Birinci istiqamətdə əsas məsələ xalqın öz dövlətçiliyini və müstəqilliyini qorumaq uğrunda mübarizəsidir. Bunun ən yaxın və ən bariz nümunələrindən biri Azərbaycanın Ermənistanla apardığı Vətən müharibəsidir. Azərbaycan nəticədə öz ərazi bütövlüyünü tam şəkildə təmin etdi və beynəlxalq hüquqa əsaslanan suverenliyini bərpa etdi. Burada əsas faktor xalqın birliyi, dövlətin siyasi iradəsi və milli maraqların müdafiəsi idi.
Tarixdə buna oxşar nümunələr çox olub. Qədim Yunanıstanda Afina və Sparta şəhər-dövlətləri Pers imperiyasına qarşı mübarizə aparırdı. Xüsusilə, Fermopil döyüşü tarixdə xüsusi simvolik məna daşıyır. Əfsanəyə görə, Sparta hökmdarı Leonidin rəhbərliyi altında cəmi 300 spartalı təxminən 100 minlik Pers ordusuna qarşı bir neçə gün müqavimət göstərmişdi. Onlar sonradan həlak olsalar da, tarixdə azadlıq uğrunda mübarizənin simvoluna çevrildilər.
XX əsrdə baş vermiş Koreya müharibəsi, Vyetnam müharibəsi və Çinin Yaponiya ilə qarşıdurması da dövlətçilik və müstəqillik uğrunda aparılan müharibələrin nümunələridir.
Koreya nəticədə iki hissəyə – Şimali və Cənubi Koreyaya bölündü. Vyetnam xalqı öz torpağını və siyasi seçimini qorumaq uğrunda mübarizə aparırdı. Çin isə XX əsrin ortalarına qədər Yaponiya ilə ağır müharibələr keçirərək dövlətçiliyini qorumağa çalışırdı.
Lakin daha böyük və daha dağıdıcı müharibələrin kökündə iqtisadi və maliyyə maraqları dayanır. Tarix boyu böyük dövlətlər enerji resurslarını, ticarət yollarını, logistika xətlərini, dənizlərə çıxışı və strateji bölgələri nəzarət altına almaq üçün qarşıdurmalara giriblər.
Bu proses müasir dövrdə də davam edir. Pakistan və Əfqanıstan arasında yaranan gərginliklərdə belə ticarət yolları və logistika marşrutları mühüm rol oynayır.
Çünki bu yollar dövlətlərə yüz milyonlarla, hətta milyardlarla dollar gəlir gətirə bilir. Buna görə də bir çox münaqişələr tam şəkildə sona çatmır, sadəcə aktiv və passiv fazalar arasında dəyişir.
Tarix boyu dünyanı idarə edən əsas güclər də müxtəlif formalarda mövcud olub. Əvvəllər şahlar, imperatorlar və sərkərdələr bu rolu oynayırdısa, müasir dövrdə böyük dövlətlər, transmilli şirkətlər, maliyyə dairələri və qlobal geosiyasi güclər ön plana çıxır.
Qədim Yunanıstanda Afina ilə Sparta arasındakı qarşıdurmaların kökündə də məhz maddi maraqlar və təsir dairəsi uğrunda mübarizə dayanırdı.
Bu gün müxtəlif nəzəriyyələrdə “Komitə 300”, “Roma Klubu” kimi anlayışlar da hallandırılır. Bu nəzəriyyələrə görə, dünyadakı resursların bölgüsü, iqtisadi sistemlər və geosiyasi proseslər müəyyən nüfuzlu qrupların təsiri altında formalaşır. Burada əsas məqsəd daha çox iqtisadi güc, daha böyük maliyyə nəzarəti və strateji üstünlük əldə etməkdir.
Ən böyük problemlərdən biri isə budur ki, müharibələrdə xalqların real maraqları çox vaxt arxa plana keçir. Əsas məsələ iqtisadi qazanc, yeni resursların əldə olunması və strateji üstünlük olur. Hazırda dünyada müxtəlif səviyyələrdə davam edən 20-25-dən çox münaqişənin mövcud olduğu qeyd edilir. Onların bəzisi müəyyən dövrdə səngiyir, sonra yenidən alovlanır.
Bu müharibələrin nəticələri isə olduqca ağır olur. Planetin resurslarının böyük hissəsi hərbi sənayeyə və silahlanmaya yönəlir. Dünyada hər il hərbi xərclərə trilyonlarla dollar vəsait ayrılır. Ən ağır nəticə isə insan tələfatıdır. Milyonlarla insan qaçqına çevrilir, aclıq, susuzluq və sosial böhranlarla üzləşir.
BMT-nin bu gün bir qüvvə kimi işsizliyi ilə bağlı qeyri-adekvat qərarlar verilir amma həyata keçirilə bilmir çünki gücü beynəlxalq nüfuzu bir o qədər deyil. Yəni burda BMT sistemində yeni proseslər başlamalıdır. Çünki dünyəvi problemləri yalnız belə bir qurum həll edə bilər. Təəssüflər olsun ki, bu qurum yaranan problemlərin qarşını ala bilmir.
Bəşəriyyət üçün ən böyük təhlükələrdən biri də nüvə müharibəsi riskidir. Dünyada mövcud olan nüvə arsenalının gücü o qədər böyükdür ki, onun müəyyən hissəsinin istifadəsi belə qlobal fəlakət yarada bilər. Müxtəlif hesablamalara görə, nüvə silahlarının cəmi 75-80 faiz istifadəsi ilə Yer kürəsinin ekoloji balansını ciddi şəkildə poza bilər və öz çoxundan çıxa bilər.
Son dövrlərdə Şimali Koreyada qəbul edilən qərarlar da bu təhlükənin nə qədər ciddi olduğunu göstərir. Ölkədə Konstitusiyaya edilmiş dəyişikliklərlə nüvə silahından istifadəyə dair daha sərt mexanizmlər yaradılıb.
Eyni zamanda Rusiya və ABŞ kimi nüvə dövlətlərində cavab zərbəsi sistemlərinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi qlobal təhlükəsizlik baxımından ciddi risk hesab olunur.
Dünyada “Qiyamət Saatı” kimi tanınan layihə də məhz bu təhlükələrin göstəricisidir. Təxminən 70 ilə yaxındır fəaliyyət göstərən bu simvolik layihədə alimlər və beynəlxalq ekspertlər nüvə müharibəsi və qlobal fəlakət risklərini qiymətləndirirlər. Son illərdə bu saatın “gecəyarısına” tarixdə ən yaxın səviyyəyə gətirildiyi bildirilir.
Digər mühüm istiqamətlərdən biri də insan ömrünün uzadılması və genetik texnologiyalardır. Müasir tibbin inkişafı nəticəsində insan ömrünün gələcəkdə 120-150 yaşa qədər uzadıla biləcəyi ilə bağlı müxtəlif elmi araşdırmalar aparılır.
Müxtəlif ölkələrdə 120 yaşdan yuxarı insanların yaşaması ilə bağlı faktlar təqdim olunur. Bəzi iddialarda isə keçmiş SSRİ məkanında və dağlıq bölgələrdə 150-160 yaşa qədər yaşamış insanların olduğu qeyd edilir.
Son 15-20 ildə bu sahəyə milyardlarla dollar investisiya yatırıldığı bildirilir. Gen mühəndisliyi, süni orqan yetişdirilməsi, orqan transplantasiyası və süni intellekt texnologiyaları sürətlə inkişaf edir.
Bununla yanaşı, insan klonlaşdırılması və şüurun rəqəmsallaşdırılması ilə bağlı müxtəlif nəzəriyyələr də müzakirə olunur. Lakin qeyd etmək vacibdir ki, insan şüurunun tam şəkildə başqa bədənə köçürülməsi və ya insan klonlaşdırılması ilə bağlı yayılan iddiaların əksəriyyəti hazırda elmi cəhətdən tam təsdiqini tapmayıb.
Bu sahədə adı tez-tez çəkilən şəxslərdən biri Elon Musk hesab olunur. Onun layihələri insan beyni ilə kompüter arasında əlaqə yaratmağa yönəlib. Məqsəd əsasən tibbi və texnoloji imkanların genişləndirilməsidir. Bununla yanaşı, bəzi dairələr bu texnologiyaların gələcəkdə daha geniş məqsədlər üçün istifadə oluna biləcəyini iddia edirlər.
Müasir geosiyasi proseslərdə Çin xüsusi diqqət çəkir. Çin son onilliklərdə əsasən iqtisadi və maliyyə gücü vasitəsilə qlobal təsir imkanlarını artırıb. Afrika iqtisadiyyatının böyük hissəsində Çin investisiyalarının təsiri hiss olunur. Latın Amerikası və Asiyanın müxtəlif bölgələrində də Çin iqtisadi layihələri genişlənir.
ABŞ ilə Çin arasında Tayvan, Panama kanalı kimi strateji bölgələr uğrunda rəqabət isə əsasən iqtisadi və geosiyasi maraqlarla bağlıdır. Panama kanalı dünya ticarətinin əsas logistika marşrutlarından biri hesab olunur və burada milyardlarla dollarlıq iqtisadi dövriyyə mövcuddur.
Qrenlandiya isə nadir torpaq metalları, neft, qaz və digər strateji resurslarla zəngin bölgə hesab edilir. Müxtəlif hesablamalara görə, Qrenlandiyanın sərvətlərinin ümumi dəyəri təxminən 35-40 trilyon dollar civarında qiymətləndirilir.
Bu səbəbdən də böyük dövlətlərin bölgəyə marağı artır. Resurslara nəzarət nəticəsində ABŞ-nin hədəfi qeyd olunan əraziləri öz ştatı etməkdir.
Müasir dünyada rəqabət artıq klassik iqtisadi mübarizə çərçivəsindən çıxaraq daha böyük geosiyasi və texnoloji mərhələyə keçib. Əsas məqsəd resurslara, texnologiyalara və maliyyə axınlarına nəzarəti artırmaqdır".
Professor həmçinin bu məsələdə Azərbaycanın mövqeyinin xüsusi qeyd olunmalı olduğunu qeyd edib:
"Azərbaycan Vətən müharibəsindən sonra regionda sülh gündəliyini ön plana çıxardı. Ermənistanla münasibətlərin normallaşdırılması, regionda iqtisadi əməkdaşlığın qurulması və uzunmüddətli sabitliyin təmin olunması istiqamətində çağırışlar edildi.
Azərbaycanın əsas mövqeyi ondan ibarətdir ki, milli maraqlar qorunmalıdır, lakin bu başqa xalqların hüquqlarının pozulması hesabına olmamalıdır.
Bu gün Azərbaycan regionda sabitlik və inkişaf modeli kimi təqdim olunur. Ətraf bölgələrdə müharibələr, siyasi böhranlar, inflyasiya, maliyyə şokları və qeyri-sabitlik davam etdiyi halda, Azərbaycan balanslaşdırılmış siyasət yürütməyə çalışır.
Təbii ki, problemlər mövcuddur və yeni çağırışlar yaranır. Lakin əsas məqsəd bu problemləri müharibə yolu ilə deyil, praqmatik və sülh yolu ilə həll etməkdir.
Azərbaycanın dövlət idarəçiliyində əsas fəlsəfə milli maraqların qorunması, iqtisadi və maliyyə sabitliyinin təmin edilməsi, regional əməkdaşlığın inkişafı və xalqın rifahının yüksəldilməsidir.
Qlobal proseslərin təsirindən tam yayınmaq mümkün olmasa da, düzgün siyasi strategiya və balanslaşdırılmış yanaşma ilə bu təsirləri minimuma endirmək mümkündür".
Elmir Heydərli
17:25 25.05.2026
Oxunuş sayı: 55