Məşhur milyonçuların varisləri "Mesenat" tamaşasının yaradıcı kollektivinə təşəkkür etdilər
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük neft milyonçusu, xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Mesenat” (Əli Əmirli) tamaşasının növbəti nümayişi uğurla təqdim olunub.
Teatrsevərlər tərəfindən maraqla qarşılanan tamaşanın xüsusi qonaqları sırasında Hacı Zeynalabdin Tağıyevin nəticəsi Nazim Abdullayev (qızı Sürəyyanın nəvəsi), eləcə də məşhur milyonçu Ağamusa Nağıyevin nəvəsi, Prezident təqaüdçüsü, “Ağamusa Nağıyev adına Milli Dəyərlərin Qorunması" İctimai Birliyinin sədri Dilarə Nağıyeva da olub.
Nazim Abdullayev çıxışında ulu babasının irsinin təbliği və yaşadılması baxımından bu tamaşanın mühüm əhəmiyyət daşıdığını vurğulayaraq teatr kollektivinə minnətdarlığını bildirib.
Dilarə Nağıyeva isə yaradıcı heyətə təşəkkür əlaməti olaraq tamaşanın müəllifi, Əməkdar incəsənət xadimi Əli Əmirli və quruluşçu rejissor, Prezident mükafatçısı Samir Qulamova, həmçinin Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev və Liza Nağıyeva obrazlarını canlandıran aktyorlar – İbrahim Əlizadə, Əməkdar artist Çingiz Əhmədov və Gülnarə Əzizovaya “Ağamusa Zirvəsi” mükafatı təqdim edib.
Qeyd edək ki, quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamov, bəstəkarı Əli Əliyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, xormeysteri Məlahət Qasımova, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistenti isə Çimnaz Bağırova olan səhnə əsərinin budəfəki nümayişində Əməkdar artistlər Ələkbər Əliyev, Çingiz Əhmədov, Nadir Xasiyev, Nahidə Orucova, Səidə Şərifəliyeva, aktyor İbrahim Əlizadə, Türkel Tariqpeyma, Faiq Mirzəyev, Gülnarə Abdullayeva, Gülarə Əzizova, Şaban Cəfərov, Emin Zeynallı, Ayan Qurbanova, Firuzə Cəfərova, İranə Kərimova, Ruslan Mürsəlov, Nəzrin İsmayılzadə, Əli Kərimov, Murad Əliyev, Nahid İsgəndərzadə, Kamil Cəfərov, Tural Məsimov, Cəlal İsayev və Həmid Həmzəyev, həmçinin teatrın xor və balet artistləri də çıxış edirlər.





13:20 20.05.2026
Oxunuş sayı: 58