WUF13 çərçivəsində Xəzər regionunda iqlimə dayanıqlı şəhərlər və icmalar müzakirə olunub
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə BMT-nin Məskunlaşma Proqramının birgə təşkilatçılığı, BMT-nin Ətraf Mühit Proqramı və Beynəlxalq Miqrasiya Təşkilatının tərəfdaşlığı ilə "Xəzər regionunda iqlimə dayanıqlı şəhərlər və icmalar: şəhər adaptasiyası üçün iqlim maliyyəsinin səfərbər edilməsi" mövzusunda yüksək səviyyəli tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Anaklaudiya Rossbax və BMT-nin Ətraf Mühit Proqramının icraçı direktorunun müavini xanım Elizabet Mrema çıxış ediblər.
Tədbir zamanı Xəzər regionunda iqlim dəyişikliklərinin şəhərlərə və sahilyanı icmalara təsiri, şəhər adaptasiyası sahəsində regional əməkdaşlığın gücləndirilməsi, şəhərlərin iqlimə dayanıqlı inkişafı üçün maliyyə imkanları müzakirə olunub.
Azərbaycan hökuməti nümayəndələri, BMT rəhbərliyi, beynəlxalq maliyyə institutları və özəl sektor təmsilçilərinin iştirak etdiyi sessiyalarda Xəzəryanı ölkələr arasında təcrübə mübadiləsi, ekoloji idarəetmə və innovativ həllər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Adaptasiya Fondunun və BMT-nin Məskunlaşma Proqramının dəstəyi, BMT-nin Ətraf Mühit Proqramı və Beynəlxalq Miqrasiya Təşkilatının tərəfdaşlığı ilə "Azərbaycanda iqlimə dayanıqlı şəhər və icmaların yaradılması" layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
21:35 19.05.2026
Oxunuş sayı: 49