Bu gün Rəsul Rzanın anadan olmasının ildönümüdür
Mən xoşbəxt olardım,
tabutumu özüm apara bilsəm!
Adımı, xatirəmi
yazılı nitqlərdən,
sərin ahlardan qopara bilsəm.
Bu gün görkəmli , adı ilə sanı ilə yaddaşlarda qalan, dünyasını dəyişmiş olsa da heç vaxt ölməyən xalq şairi Rəsul Rzanın anadan olmasının il dönümüdür. Şair Azərbaycan ədəbiyyatında modern poeziyanın formalaşmasında mühüm rol oynamış görkəmli şairlərdən biridir. O, 1910-cu il 19 çay Naxçıvanda anadan olub və XX əsr Azərbaycan şeirinin istiqamətini dəyişən yaradıcı simalardan sayılır. Rəsul Rza klassik şeir ənənəsindən uzaqlaşaraq sərbəst və sərbəst düşüncə poeziyasına üstünlük verən ilk şairlərdən idi. Onun yaradıcılığı forma baxımından yenilikçi, məzmun baxımından isə daha fəlsəfi və ictimai idi. O, şeirdə insan, zaman, müharibə, sülh, azadlıq və mənəvi axtarışlar kimi mövzuları daha fərqli poetik dillə ifadə edirdi. Şairin “Rənglər” silsiləsi Azərbaycan poeziyasında xüsusi yer tutur. Bu əsərdə o, rənglər vasitəsilə insan duyğularını, psixoloji vəziyyətləri və həyatın müxtəlif qatlarını simvolik şəkildə təqdim edir. Onun poeziyası sadə görünməsinə baxmayaraq, dərin fəlsəfi mənalar daşıyır. Rəsul Rza həm də ictimai xadim kimi fəaliyyət göstərib, uzun illər Azərbaycan Yazıçılar İttifaqında rəhbər vəzifələrdə çalışıb. O, ədəbi mühitin inkişafına, gənc yazıçı və şairlərin yetişməsinə böyük töhfə verib. Onun həyat yoldaşı məşhur şairə Nigar Rəfibəylidir, oğlu isə Azərbaycanın tanınmış yazıçısı Anardır. Bu ailə Azərbaycan ədəbiyyatında xüsusi bir ədəbi məktəb kimi qəbul olunur.
Qeyd edək ki, Rəsul Rza 1981-ci ildə vəfat etsə də, onun poeziyası bu gün də müasir Azərbaycan ədəbiyyatında yenilikçi ruhun simvolu kimi yaşayır.
Nazim Hikmət, Süleyman Rüstəm və bir çox yazıçı, o cümlədən Ulu Öndərimiz Heydər Əliyev çıxışlarında onun haqqında xoş fikirlər səsləndirmişdir. Bəlkə də mənbələrdən ən etibarlısı məhz onların fikirləridir...
Heydər Əliyev “Xalq üçün yaşayıb- yaratmalı”
SCRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinə yüksək dövlət mükafatlarını təqdim etməyi mənə tapşırmışdır. Mən bu şərəfli vəzifəni böyük məmnuniyyətlə yerinə yetirirəm.
Sovet ədəbiyyatının inkişafında böyük xidmətlərinə, səmərəli ictimai fəaliyyətinə görə və anadan olmasının 70 illiyi ilə əlaqədər olaraq Azərbaycanın xalq şairi Rəsul Rzaya "Lenin ordeni" və "Oraq və Çəkic" qızıl medalı təqdim edilmeklə Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilmişdir.
Azərbaycan bədii ədəbiyyatının, şer sənətinin çoxəsrlik, zəngin tarixi vardır. Böyük Oktyabrın qələbəsindən sonra marksizm-leninizm ideyalarının təsiri altında Azərbaycan sovet ədəbiyyatı yaranmışdır ki, bu da Sovetlər ölkəsinin çoxmillətli ədəbiyyatının ayrılmaz bir hissəsidir. Rəsul Rza Azərbaycan sovet ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O, gözəl şairlərimiz Səməd Vurğun və Süleyman Rüstəmlə birlikdə Azərbaycan sovet poeziyasının banilərindən biri hesab olunur.
30-cu illərin əvvəllərində yaradıcılıq fəaliyyətinə başlayan Rəsul Rza yarım əsr ərzində Azərbaycan ədəbiyyatının, Azərbaycan şer sənətinin inkişafına böyük təsir göstərmişdir. O, bir çox əsərləri — poemaları, şerləri, publisistik meqalələri, pyesləri və ümumi ədəbi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını, Azərbaycan şer sənətini zənginləşdirmişdir.
Rəsul Rzanın yaradıcılığında həm Azərbaycanın tarixi, həm də yeni sosialist həyatı, sovet quruculuğu illərində respublika zəhmətkeşlərinin fəal işi ətraflı və yüksək bədii səviyyədə əks olunmuşdur. Ölkəmiz üçün çətin dövr olan Böyük Vətən müharibəsi illərində Rəsul Rza öz yaradıcılığı ilə, vətənpərvərlik hissləri ilə zəngin olan şerləri ilə Azərbaycanın oğul və qızlarını Vətənin müdafiəsinə səfərbər edirdi.
Rəsul Rza yaradıcılığının səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, dünya ədəbiyyatının, inqilabi rus poeziyasının ən yaxşı nümunələrinin təsiri altında, böyük Mayakovskinin poetik irsinin səmərəli təsiri altında o, zəngin milli ədəbi ənənələrdən istifadə edərək, Azərbaycan poeziyasında bir novator kimi çıxış etmiş, Azərbaycan poeziyasını yeni bədii ifadə vasitələri ilə, yeni şer formaları ilə zənginləşdirmişdir.
"Lenin" poeması Rəsul Rza bədii yaradıcılığının zirvəsidir. Bu poemada rəhbərin surəti çox böyük məharətlə əks etdirilmiş, Azərbaycan xalqının Leninə, Kommunist Partiyasına, rus xalqına olan hədsiz məhəbbəti və minnətdarlıq hissi məharətlə ifadə olunmuşdur. "Lenin" poeması bədii leniniananın parlaq nümunələrindən biridir.
Rəsul Rzanın poeziyası zəmanəmizdə coşğun inkişaf edərək son vaxtlar respublikada baş verən müsbət prosesləri parlaq şəkildə əks etdirir, zəhmətkeşlərin ideya-siyasi və estetik tərbiyəsinə kömək edir.
Rəsul Rza klassik dünya ədəbiyyatının, klassik və müasir rus şerinin ən yaxşı nümunələrini Azərbaycan dilinə tərcümə edərək bu sahədə də çox böyük xidmətlər göstərmişdir. Vladimir Mayakovskinin əsərlərinin əksəriyyətini Azərbaycan dilinə məhz Rəsul Rza tərcümə etmişdir.
Rəsul Rzanın bədii yaradıcılığı respublikamızda hamı tərəfindən sevilmiş, ona hüsn-rəğbət və hörmət, ölkəmizdə və xaricdə böyük şöhrət qazandırmışdır. Onun əsərleri SSRİ xalqlarının dillərinə və xarici dillərə tərcümə olunmuşdur.
Rəsul Rza respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir. 40 ildən artıqdır ki, o, Kommunist Partiyasının sıralarındadır. O, respublika Ali Sovetinin deputatı, Asiya və Afrika Ölkələri Həmrəyliyi Azərbaycan Komitəsinin sədri, Xəbərlər Mətbuat Agentliyi Azərbaycan şöbəsi rəyasət heyətinin sədri vəzifələrini müvəffəqiyyətlə yerinə yetirir.
Süleyman Rüstəm "Molodyoj Azerbaydjana" qəzetində “Mənə - onun köhnə dostuna inanın...” başlığı ilə yazırdı:
Rəsul haqqında çox danışa bilərəm. Bizi qırx ildən artıq davam edən şəxsi dostluq bağlayır. Bu illər ərzində çox şey olub -qızğın mübahisələr, birgə səfərlər, iş. Bütün bunların arxasında isə bir şey dayanır - Rəsul Rzanın poeziyasına, onun böyük, işıqlı poeziyasına rəğbətim.
Rəsul dərhal nəzərə çarpdı. Azərbaycan poeziyasına 30-cu illərin evvəllərində gəlib artıq bir-iki ildən sonra xalqın ən məşhur və sevimli şairlərindən oldu.
Onun yaradıcılığında ən çox cəlb edən müdrikliyidir. Rəsul müdrikdir, amma bu, həyatdan təcrid olunmuş bir öyüdçünün təkəbbürlü. müdrikliyi deyil, həyatın özünün müdrikliyidir. Bir də onun poeziyası əbədi gəncliyi ilə seçilir.

Hələ gəncliyində qocalmış xeyli şair adı çəkmək olar. Belə şairlər bir-iki kitab buraxıb öz nöqsanlarsız ustalığına inanır və özlərindən arxayın olurlar. Bunun Rəsul Rza haqqında heç vechlə demək olmaz. Və məhz bu əbədi gənclik, yorulmaz yaradıcılıq axtarışı onun pocziyasını müasirləşdirir. Yalnız bu günə yox, çox uzaqlara istiqamətləndirir. Rəsul Rza böyük humanistdir. Onun humanizminin əsasları, qaynaqları şairin xalqla dərin, qırılmaz əlaqəsindədir. Xalqın dərdi Rəsulun dərdidir, xalqın sevinci Rəsulun sevincidir. Onun yaradıcılığını həmişə cavan saxlayan və insani edən bax budur.
Rəsul Rzanı tam haqla Azərbaycan ədəbiyyatının nəinki Sovet ittifaqında, həmçinin onun hüdudlarından çox uzaqlarda da səlahiyyətli nümayəndəsi adlandırmaq olar.
Onun "Lenin" poeması isə yalnız şəxsən özünün deyil, bütün Azərbaycan poeziyasının müvəffəqiyyətidir. Həyat kitabının illəri xışıltıyla açılan səhifələr kimi bir-bir ötür. Rəsulun illərinin sayı artıq altmışdır. Onların qırxından çoxu — mübarizə, axtarış, xalqa xidmət illəridir. Bu illər ərzində şair çox iş görüb onun yaradıcılıq irsi öz tədqiqatçılarını gözləyir. Ancaq o hələ bundan da çox işlər görəsidir: axı Rəsul Rza indi öz yaradıcılığının ustalıq zirvəsindədir. Mənə, onun köhnə dostuna inanın: Rəsul öz istedadını çoxlu pərəstişkarını hələ dönə-dönə heyran qoyacaq və sevindirəcəkdir.

Nazim Hikmət “Dostum Rəsul Rza” "Literaturnaya qazeta", may, 1960.
Bugünkü poeziya ilə şərab arasında nəsə bir oxşarlıq var. Belə ki, şərab nə qədər təzədirsə, o qədər təravətlidir, yaşı çoxaldiqca, köhnəldikcə bir o qədər tündləşir. Bunu tamamilə Azərbaycan şairi Rəsul Rzanın şerlərinə aid etmək olar.
Mən Rəsul Rzanın 1958-ci ildə "Qoslitızdat'ın çap elədiyi məcmuəsini oxumuşam. Burada 1931-ci ildə yazılmış şerler var. Məsələn, "Bolşevik yazı". Bu şerlər indiyəcən öz təravətini itirməyib. İllər keçdikcə onlar yaşlanıb böyüyür, ancaq köhnəlmirlər. Kitabdakı son şer 1956-cı ildə yazılıb. Ancaq mən Rəsul Rzanın lap sonra yazılmış təzə, canlı şerlərini oxumuşam. İnanıram ki, bunlardan çoxu 1975-ci ildə də beləcə təravətli qalacaq.
Azərbaycan ədəbiyyatında gözəl şairlər çoxdur. Vaqif, Sabir, Vurğun, Süleyman Rüstəmin şerlərini imzasına baxmadan əlüstü tanıyırıq. Hətta başqa dilə çevriləndə belə. Rəsul Rza da belə şairdir. Onun şerlərini bəyənib bəyənməmək öz işinizdi, ancaq siz onun şerlərini başqa şairlərin şeri ilə qarışdıra bilməzsiniz. Məncə, şairin şerlərinin bəyənilib bəyənilməməsindən daha çox, onun özümlü və bənzərsiz olması gərəkdir. Məni düz başa düşün. Əsla o fıkirdə deyiləm ki, sənətkarlar bir-birinə təsir etməməlidir. Yer üzündə elə bir şair yoxdur ki, o, sevdiyi bir, yaxud bir neçə şairin təsiri altında olmasın. Rəsul Rzanın şerlərində də Füzulinin, Sabirin, Mayakovskinin təsiri görünür. Ancaq bu təsir öz dərinliyi baxımından çox müxtəlifdir. 0, hər şeydən öncə yağışın taxıl zəmisinə etdiyi təsirə bənzeyir. Yağış dənin üzərində ona görə qalır ki, onun cücərib boy atmasına yardım eləsin.
Ötən il Rəsul Rza İraqa getmişdi. Qayıdanda əlində bir kitab gördüm. Elə bil şair əlində öz ürəyini aparırdı. Azərbaycancaya çox, lap çox yaxın olan bu şerlər İraqda yaşayan türkmənlərin şerləri idi.
Rəsul Rza xalq və klassik ədəbiyyata böyük pərəstiş edən bənzərsiz bir şair, Azərbaycan poeziyasının novatorlarından biridir. Üç ildir o, Füzuli haqqında böyük bir poema üzərində işləyir. Axı, novatorçuluq inkar etməkdən deyil, ədəbi irsdən bəhrələnrkdən başlayır. Azərbaycan ədəbi irsində, eləcə də başqa xalqların— onların içində birinci sırada rus ədəbi irsində şair üçün dərin, dəyərli, yararlı nə varsa Rəsul Rza götürüb bəhrələnir.
Rəsul Rza bugünkü Azərbaycan poeziyasına şəhərin danışıq dilini, bu dilin ahəngini gətirib. Danışıq dili deyəndə Bakı, Kirovabad dialektlərini nəzərdə tutmuram, bütün Azərbaycan şəhərlisinin dilini deyirəm. Bu baxımdan Rəsul Rza Sabir gələnəyinin — ənənəsinin davamçısıdır. Məgər yaşadığı çağın poeziyasına şəhərli dilini Sabir getirməyib? Yeri gəlmişkən, demək lazımdır ki, Rəsul Rza yaradıcılığı Sabirdən qeyri-adi şəkildə faydalanmışdır. Sabir poeziyasındakı satirik elementlər, polemik kəskinlik, məntiq üstündə satira və polemika yaratma bacarığı, şer texnikası Rəsul Rza poeziyasına təbii, orqanik bir şəkildə təsir edib. Rəsul Rza sözü nə şişirdir, nə də bayağılaşdırır. O inanır ki, hər bir söz öz yerində olsa, poeziya bağında çiçəkləyə bilər. Məzmunu, mövzu baxımından şerin imkanları nə qədər hüdudsuzdursa, bu mövzunun ifadəsi üçün işlənən sözlər də o qədər sonsuz olmalıdır.
Rəsul Rza şerin texnikasına bir doqmatik kimi baxmır. O, qafiyəni, ölçünü rədd etmir, ancaq nəzm aləmindəki qayda-qanunları da qəbul etmir. Şeri ölçülü də yazmaq olar, ölçüsüz də, qafıyəli də, qafıyəsiz də. Bilə-bilə, qəsdən qafiyəsiz yazmaq və qafkiyə işlətmək xatirinə qafiyə ilə şer yazmaq ən böyük formalizmdir. Rəsul Rza qafiyə məsələsini belə başa düşür: Yorulmadınmı?
Cüt olur qulaqları
insanın,
Nə olsun?
Elə buna görə gərək
bütün sətirləri
divara xalça mıxlayan kimi
qafiyələyək?
Həm də yan-yana,
cüt-cüt.
Şairə yazığın gəlmirsə
oxucuya yazığın gəlsin.
Qoy qulaqları bir az...
Gözləyirsən, deyim:
dincəlsin!
Yox, "sakit olsun".
Belə!
Qafiyəsiz.
Bu sözlərin
elə bilmə
hər cürə qafiyəyə dairdir
Yox.
Qafiyəyə nə gəlib
Axtaran olsun gərək.
Qafiyəyə nə olub
Çeynəyib gövşəməsək.
Onu yaman günə qoyan
Qələmi küt şairdir.
Sözüm belələrinə dairdir.
Dünya ədəbiyyatında bütün xalqların dilində Lenin haqqında çox şerlər yazılıb. Bu şerlərin hamısını oxuyub qurtarmağa insanın ömrü çatmaz. Məncə Rəsul Rzanın "Lenin" poeması bu mövzuda yazılmış yaxşı poemalardan biridir.
May ayının on doqquzunda Rəsul Rzanın 50 yaşı tamam olur. Dostuma can sağlığı diləyirəm.
Rəsul Rza bir çox şeiri ilə oxucuların yaddaşında dərin və keçməyən iz qoymuşdur.
Mən öləndə ağlamayın!
Mən öləndə gülməyin!
Yox, nəyə gərəkdir!
Mən, sağlığımda çox gülmüşəm.
çox ağlamışam.
Ancaq o həzin axşam,
məni yalqız qoyub
əbədi sükut evində,
qayıdanda geri,
açın, taybatay açın,
otağımda pəncərələri!
Çıraq yanmasın.
Səssiz çıxın otaqdan
Elə çıxın ki, sükut oyanmasın
O səssiz, o qaranlıq otaqda
dincəlsin yalqızlıq, sükut.
Dincəlsin ruhum da
Ümidimi, arzumu,
sevincimi, dərdimi
görmüş otağımda.
Ölülər geri dönə bilsəydi,
mən bu otağa gələrdim.
Burda uzun bir dəqiqə
dincələrdim.
Cənnətdə işim yoxdur.
Getmərəm, dəvət etsələr belə!
Cəhənnəmi söndürüb,
bütün ölülər ora getsələr belə...
Mən xoşbəxt olardım,
tabutumu özüm apara bilsəm!
Adımı, xatirəmi
yazılı nitqlərdən,
sərin ahlardan qopara bilsəm...
Fatimə Məmmədova
18:20 19.05.2026
Oxunuş sayı: 59