Mərakeşin məşhur nəşriyyatından Azərbaycan şairinə böyük ehtiram
Mərakeşin “Albayt” nəşriyyatı beynəlxalq kitab festivalında dünya şairlərinin əsərlərindən ibarət poetik toplunu təqdim edib.
Bu barədə Crossmedia.az -a “Söz Multidisiplinar İncəsənət Mərkəzindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, toplunun üz qabığında Nigar Həsənzadənin fotosunun yer alması Azərbaycan ədəbiyyatı adına əlamətdar hadisə kimi qiymətləndirilir. Nəşrdə Nigar Həsənzadənin şeirlərindən ibarət seçmələr ərəb dilində tanınmış şair-tərcüməçinin tərcüməsində təqdim olunub.
Bu hadisə yalnız şairənin yaradıcılığına verilən yüksək dəyərin deyil, eyni zamanda Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda qazandığı nüfuzun göstəricisidir. Xüsusi olaraq qeyd edilməlidir ki, bu nəşr Nigar Həsənzadənin şeirlərinin ərəb dilində ilk kitab nəşri hesab olunur.
Nigar Həsənzadənın yaracılığı artıq bir neçə ildir ki, Mərakeş və ümumilikdə ərəb ədəbi mühitində maraqla qarşılanır. İki il əvvəl şairənin Mərakeşin Marrakeş şəhərində keçirilən beynəlxalq festivaldakı çıxışı böyük maraq doğurmuş, onun poetik dünyası ərəbşünasların, tərcüməçilərin və ədəbiyyat nümayəndələrinin diqqətini cəlb etmişdi.
Xatırlatmaq yerinə düşər ki, ötən il Böyük Britaniyada ərəb dünyasının ən nüfuzlu ədəbi-informasiya nəşrlərindən birində Nigar Həsənzadənin yaradıcılığına həsr olunmuş geniş məqalə dərc edilmişdi. Məqalənin müəllifi müasir ərəb poeziyasının tanınmış tənqidçilərindən biri idi və bu yazı ərəb ədəbi mühitinin Azərbaycan şairəsinə olan ciddi marağının daha bir göstəricisinə çevrilmişdi.
Bundan əlavə, yaxın günlərdə ərəb dünyasının ən tanınmış şairlərindən biri olan Hassan Najmi Bakı və Nigar Həsənzadəyə ithaf etdiyi şeirlərlə paytaxt ictimaiyyətinin diqqətini çəkmişdi. Bu, yalnız şəxsi ehtiramın deyil, həm də Azərbaycan ilə ərəb dünyası arasında formalaşan dərin mədəni dialoqun rəmzi kimi dəyərləndirilir.
Xatırladaq ki, Nigar Həsənzadə yaradıcılığını rus dilində qələmə alsa da, həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda daim Azərbaycan şairəsi kimi təqdim olunur. Bu fakt Azərbaycan cəmiyyətinin və mədəni mühitinin yüksək multikultural düşüncəyə, çoxdilli ədəbi ənənəyə və milli kimliyi geniş humanitar dəyərlərlə birləşdirə bilən zəngin dünyagörüşünə sahib olduğunu göstərir.
14:26 19.05.2026
Oxunuş sayı: 53