Açıq bankçılığın inkişafı məqsədəuyğundur - Ekspert
Azərbaycanda maliyyə texnologiyalarının inkişafı və rəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi istiqamətində yeni mərhələyə keçid planlaşdırılır. Azərbaycan Mərkəzi Bankı bank olmayan hüquqi şəxslər üçün “Açıq bankçılıq” infrastrukturunun yaradılması və bir neçə qeyri-bank təşkilatının bu sistemə inteqrasiyasını nəzərdə tutur. Yeni yanaşma maliyyə əməliyyatlarının daha çevik və əlçatan formada həyata keçirilməsinə imkan yaradacaq.
Mərkəzi Bankın nümayəndəsi Elmar Didəkənanın sözlərinə görə, gələcəkdə hüquqi şəxslər yalnız müxtəlif bank hesablarını bir platformada birləşdirməklə kifayətlənməyəcək, həm də həmin hesablar vasitəsilə birbaşa ödəniş və digər maliyyə əməliyyatlarını həyata keçirə biləcəklər. Bununla yanaşı, “Açıq Maliyyə” konsepsiyası çərçivəsində sığorta və investisiya təşkilatlarının da sistemə qoşulması planlaşdırılır ki, bu da maliyyə ekosisteminin daha geniş və inteqrasiya olunmuş formaya keçidini sürətləndirəcək.

Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Açıq bankçılıq mahiyyət etibarilə əlverişli əməkdaşlıq platformasıdır. Bu sistem məlumat mübadiləsinin daha çevik şəkildə həyata keçirilməsinə, bir çox proseslərin üçüncü tərəfin iştirakı olmadan icrasına imkan yaradır. Eyni zamanda, proseslərin optimallaşdırılması və xərclərin azaldılması baxımından da mühüm üstünlüklər təqdim edir. Bu platforma maliyyə sektorunun iştirakçıları üçün həm məlumat əldə etmə imkanlarını genişləndirir, həm də bazar subyektləri arasında münasibətlərin daha çevik və effektiv şəkildə formalaşmasına şərait yaradır. Hazırkı mərhələdə bu təşəbbüs daha çox pilot layihə xarakteri daşısa da, gələcəkdə onun daha geniş miqyasda tətbiqinə ciddi ehtiyac vardır. Xüsusilə qeyri-bank təşkilatlarının maliyyə ekosistemində çevikliyinin artırılması, ümumi maliyyə mühitinin inkişafı və xərclərin optimallaşdırılması baxımından bu layihə mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, ticarət və xidmət sahəsində müəssisələr yüksək tranzaksiya xərcləri ilə üzləşirlər. Açıq bankçılıq təşəbbüsü bu xərclərin müəyyən hissəsinin azaldılmasına, maliyyə xidmətlərinə çıxışın asanlaşmasına və ümumi iqtisadi səmərəliliyin yüksəldilməsinə xidmət edir. Eyni zamanda, bu sistem biznes subyektlərinə öz bank hesablarını vahid platformada idarə etmək, hesablar arasında birbaşa ödənişlər həyata keçirmək imkanı da yaradır ki, bu da ümumilikdə tranzaksiya xərclərinin optimallaşdırılması baxımından çox mühüm üstünlükdür. Nəticə etibarilə, açıq bankçılıq təşəbbüsü müsbət və perspektivli bir layihədir. Onun qısa müddətdə daha geniş şəkildə tətbiqi, iştirakçı sayının artırılması və ekosistemin inkişafı məqsədəuyğundur".
Elmir Heydərli
20:48 14.05.2026
Oxunuş sayı: 2467