Etnik və dini müxtəliflik Azərbaycanın güc mənbəyidir - Aydın Mirzəzadə
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşan münasibətlər uzun illərdir ki, qarşılıqlı hörmət, etimad və dialoq prinsipləri üzərində inkişaf edərək beynəlxalq müstəvidə nümunəvi əməkdaşlıq modelinə çevrilmişdir.
Bu əlaqələr yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, eyni zamanda dinlərarası anlaşmanın gücləndirilməsi, mədəni müxtəlifliyin qorunması və sivilizasiyalar arasında dialoqun təşviqi kimi qlobal əhəmiyyət daşıyan məqsədlərə xidmət edir.
Azərbaycanın multikultural dəyərlərə sadiq siyasəti ölkədə müxtəlif din və etnik qrupların sülh, sabitlik və qarşılıqlı hörmət şəraitində birgə yaşamasına əlverişli mühit yaratmışdır.
Bu baxımdan, dövlətin həyata keçirdiyi inklüziv yanaşma həm regionda, həm də dünyada tolerantlıq modelinin formalaşmasına mühüm töhfə verir və beynəlxalq tərəfdaşlıqların daha da dərinləşməsinə zəmin yaradır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan tarixən etnik və dini müxtəlifliyin mövcud olduğu məkanlardan biri olub. Bu amilin qorunmasına və inkişafına xüsusilə, ümummilli lider Heydər Əliyev dövründə xüsusi diqqət yetirilib. Bu siyasət bu gün də İlham Əliyev tərəfindən həm daxili, həm də xarici siyasətdə uğurla davam etdirilir.
Azərbaycan Konstitusiyası hər bir vətəndaşa dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar təmin edir və bu hüquqlar praktik müstəvidə də qorunur.
Bu gün ölkədə heç kim etnik və dini mənsubiyyətinə görə təzyiqə məruz qalmır, hüquqları pozulmur. Müasir Azərbaycan tarixində belə hallara rast gəlinmir.
Müxtəlif millət və dinlərin nümayəndələri dövlət idarəetmə orqanlarında, parlamentdə, bələdiyyələrdə və ictimai-siyasi elitanın müxtəlif təbəqələrində təmsil olunurlar. Azərbaycanın güc mənbələrindən biri də məhz onun etnik və dini müxtəlifliyidir.
Ölkədə hər kəsin öz ana dilində təhsil almaq hüququ mövcuddur. Azərbaycanda 300-dən çox orta məktəbdə rus dili sektoru fəaliyyət göstərir. Eyni zamanda, etnik azlıqların kompakt yaşadığı bölgələrdə onların ana dillərinin tədrisinə də şərait yaradılıb.
Azərbaycanda dini müxtəliflik də dövlət tərəfindən qorunur. Dünyəvi dövlət prinsiplərinə əsaslanan Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən bütün dini icmalara davamlı dəstək verir.
Hər il Prezidentin Ehtiyat Fondundan dini qurumlara maliyyə vəsaiti ayrılır. Bu gün ölkədə məscidlərlə yanaşı, kilsə və sinaqoqlar da dövlət qayğısı ilə əhatə olunur, onların kommunal təminatı dövlət hesabına həyata keçirilir.
Müxtəlif xalqların nümayəndələri öz milli və dini bayramlarını sərbəst şəkildə, dövlət nümayəndələrinin iştirakı ilə qeyd edə bilirlər. Bir sözlə, etnik və dini müxtəliflik Azərbaycanın tarixi irsinin ayrılmaz hissəsidir və həm dövlət, həm də cəmiyyət tərəfindən bu dəyərlər bu gün də qorunur, gələcəkdə də qorunacaq".
Elmir Heydərli
14:00 11.05.2026
Oxunuş sayı: 56