ABŞ İrana təzminat ödəyəcək?
Beynəlxalq münasibətlər sistemində bəzən masadakı sənəddən daha çox, tərəflərin daxili auditoriya qarşısında qorumağa çalışdıqları "qələbə imici"həlledici rol oynayır. Bu gün Vaşinqton və Tehran arasında gedən diplomatik marafonu sadəcə tələblər siyahısı kimi deyil, iki fərqli siyasi iradənin "simasını qorumaq savaşı" kimi xarakterizə etmək olar. Rəsmi bəyanatların təkziblərlə əvəzləndiyi bir şəraitdə, real razılaşmanın konturlarını müəyyən etmək üçün sətiraltı mesajlara diqqət yetirmək zəruridir.

Məsələ ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Crossmedia.az-a açıqlama verib: "Razılaşma mətni ilə əlaqədar fərqli məlumatlar var. İndi biz konkret hansı mövzular üzərində razılaşmanın olduğunu bilmirik. Ümumi tələblər var: İranın tələbləri və Amerikanın tələbləri. Hazırda kimin hansı məsələdə nə qədər güzəştə gedə biləcəyi ilə bağlı müzakirələr gedir və bu məsələ bir az qəlizdir. Niyə qəlizdir? Çünki Amerikada Prezident Donald Trampın ictimaiyyət qarşısında öz simasını qoruması üçün o, belə deməlidir: "Biz qalib gəldik, İranı məğlub etdik" və s. İran rejiminin də öz simasını qorumasına ehtiyacı var. O da deməlidir ki, biz Amerikaya qalib gəldik, dirəniş göstərdik, bizi məğlub edə bilmədilər. Bu, ictimaiyyətdə onlara olan dəstəyin itməməsi və rejimlərinin davam etməsi üçün vacibdir. Hazırda məsələ bundadır".
Partiya sədri İranın konpensasiya tələbinə də aydınlıq gətirib: "İran kompensasiya istəyir, blokadanın qaldırılmasını tələb edir. İran, həmçinin onlara qarşı tətbiq edilən sanksiyaların təxirə salınmasını istəyir. Amerika isə uranın zənginləşdirilməsinin dayandırılmasını, uranın təhvil verilməsini və ümumiyyətlə, nüvə proqramının uzun müddətə dondurulmasını istəyir. Danışıqlar gedir. Biz müzakirələrin hansı səviyyədə olduğunu rəsmi mənbələrdən eşitmirik. Müxtəlif nüfuzlu media qurumlarının yaydığı məlumatlara istinad edirik. Amma bir də görürsən ki, Amerika bir şey deyir, İran onu təkzib edir; İran bir şey deyir, Amerika təkzib edir. Hələlik ortada rəsmi bir razılaşma mətni olmadığı üçün konkret razılaşmanın olub-olmayacağı ilə bağlı da dəqiq fikir söyləmək olmaz. Lakin Amerikanın və İranın tələbləri, gözləntiləri ortadadır. Ona görə də vəziyyət hələ o qədər də ürəkaçan deyil.
Amma Amerika da artıq İran məsələsini bitirmək istəyir. Çünki Tramp bilir ki, bu məsələ uzandıqca həm nüfuz, həm pul, həm də Amerikanın beynəlxalq nüfuzu itirilir. Həmçinin noyabrda seçkilər var və respublikaçılar bu prosesdən daha zəif çıxa bilərlər. Yenə deyirəm, həm İran, həm də Amerika bu prosesi bitirmək istəyir, lakin hər ikisi öz simasını qoruyaraq bunu etməyə çalışır. Hazırda danışıqlar məhz bunun ətrafında gedir".
Turqut Ansari
20:43 07.05.2026
Oxunuş sayı: 44