Xocalı faciəsi ilə bağlı ssenari təkrarlanır?: AZAL təyyarəsinin vurulmasının sirləri...
Beynəlxalq münasibətlər sistemində bəzi hadisələr var ki, onların hüquqi həlli sadəcə texniki prosedurlardan deyil, birbaşa böyük dövlətlərin geosiyasi maraqlarından asılı olur. Uzun müddətdir gündəmi məşğul edən, lakin nəticələri hələ də "arxiv rəflərində" gizlədilən araşdırmalar, regiondakı diplomatik gərginliyin və pərdəarxası razılaşmaların əsas göstəricisinə çevrilib.
Xüsusilə Rusiya və Qazaxıstan arasındakı "səssiz razılaşmalar", Azərbaycan tərəfinə verilən, lakin hələ də icra olunmayan kompensasiya vədləri və keçmişin qanlı izlərini daşıyan cinayət işləri ətrafındakı müəmmalar bir çox sualları doğurur. Rusiya öz imicini qorumaq üçün hansı rıçaqlardan istifadə edir? Qazaxıstan rəsmilərinin bəyanatları nə dərəcədə səmimidir?

Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-ın suallarını cavablandırıb.
- Sizcə, araşdırma işlərinin bu qədər uzun müddət əhatə etməsinin səbəbi nədir?
- Məsələ ancaq siyasətdir. Yəni Rusiya ilə Qazaxıstan arasındakı razılığın nəticəsid olaraq araşdırma uzadılır. Çünki əslində hər şey aydındır və Rusiya öz cinayətinin indiki məqamda elan olunmasını, bütün dünyaya bir daha rüsvay olmağı istəmir. Çünki bunu etiraf edəcəyi təqdirdə, Malayziya təyyarəsinin (MH17) vurulmasını da etiraf etmiş və buna görə kompensasiya ödənilməsinə razılaşmış olur.
Əlbəttə ki, Rusiya bu proseslərə müdaxilə edib və edir; çalışır ki, nəticələr onun xeyrinə olsun. Görün, Qazaxıstana nə qədər müddətdir təzyiq göstərir? Dekabrın 25-nə qədər elan olunmalı olan məsələ beş aydır ki yubanır. Yəni bu qədər uzanmamalı idi. Aydın məsələdir ki, Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev öz açıqlamasında xaricdən ekspertiza nəticələrinin gözlənilməsini bəhanə gətirirdi. Əslində, o nəticələr çoxdan Qazaxıstandadır. Sadəcə olaraq, Qazaxıstan tərəfi bu məsələləri açıqlamağa ehtiyat edir. Ötən günlərdə Qazaxıstanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Qazaxıstan rəsmilərindən bu məsələdə Rusiyanın pis vəziyyətə düşməməsini növbəti dəfə xahiş edib.
- Məlumdur ki, bu yaxınlarda Rusiya Azərbaycana kompensasiya ödəməyi qəbul edib, bu nəyi göstərir?
- Rusiya Azərbaycana hələ heç bir kompensasiya ödəməyib, sadəcə söz verib. Bu da yenə deyirəm, Rusiyanın nə qədər qeyri-səmimi olmasının göstəricisidir. 2024-cü ilin oktyabrın 25-də Rusiya və Azərbaycan prezidentləri arasında baş tutan görüşdə qarşı tərəf belə bir addım atacağını, yəni kompensasiya ödəniləcəyini bəyan etsə də, üstündən nə qədər vaxt keçib. Rusiya bu kompensasiyanı ödəmir və növbəti dəfə özünün qeyri-səmimiliyini sübut edir.
- Mümkün nəticə ilə bağlı proqnozunuz nədir?
- Gün kimi aydın olan məsələdə hansı proqnozu vermək olar? Proqnoz odur ki, Rusiya növbəti dəfə cinayətini etiraf etməyəcək. Cinayəti törətmiş general Talapyulanı, o cümlədən əmri yerinə yetirmiş kapitan Paladay Çıqını müdafiə edəcək. Necə ki, Xocalı hadisələrinə görə 366-cı Rusiya motonəqliyyat alayının komandiri Yuri Zarviqorovu 1992-ci ildən bəri qoruyurlar, eyni vəziyyəti burada da görəcəyik. Çünki Rusiya cinayətini etiraf etmək cürətini özündə tapmayıb və tapmır.
- Nəticənin ortaya qoyulması Rusiya-Azərbaycan münasibətlərini necə dəyişə bilər?
-Azərbaycan öz sözünü deyib, yəni bu məsələdə Rusiya günahkardır. Zaman-zaman həm Rusiya, həm də Azərbaycan tərəfindən yumşaldıcı bəyanatlar səsləndirilsə də, hər şey aydındır: Rusiya növbəti insan ölümlərinə imza atıb. Rusiya bu gün Ukraynada həyata keçirdiyi vəhşiliklərlə "qatil dövlət" obrazını hələ uzun əsrlər boyu saxlayacaq. İndiki dövrdə bu haqda az danışılsa da, gələcək illərdə və əsrlərdə bu barədə geniş bəhs olunacaq. Rusiya rəhbərliyi bu ləkədən illərlə, əsrlərlə azad ola bilməyəcək. Çünki Rusiya indiki yanaşması ilə özü üçün xoş olmayan imic formalaşdırmağa davam edir.
Turqut Ansari
18:50 06.05.2026
Oxunuş sayı: 55