İldırım təhlükəsindən necə qorunmaq olar?
Lerik rayonunda baş verən faciəli hadisə nəticəsində gənc bir şəxsin ildırım vurması səbəbindən həyatını itirməsi bölgədə ciddi narahatlıq doğurub.
Məlumata görə, hadisə rayonun Laman kəndində qeydə alınıb və təbii hadisənin qəfil baş verməsi faciənin qarşısını almağa imkan verməyib.
İlkin məlumatlara əsasən, 2005-ci il təvəllüdlü kənd sakini ildırımın təsiri nəticəsində ağır xəsarətlər alaraq hadisə yerində vəfat edib. Meyit aidiyyəti üzrə təhvil verilib, faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparıldığı bildirilir.
Bəs maraqlıdır bu cür bədbəxt hadisələrin yaşanmaması üçün nələrə diqqət yetirməliyik?
Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert İlkin Məmmədkərimov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Burada əsas məsələ diqqətsizlik amilidir. Bu, təbii hadisədir və heç kəs ondan tam sığortalanmayıb. Lakin belə hallarda riayət olunmalı müəyyən təhlükəsizlik qaydaları mövcuddur.
Xüsusilə, elektrik dirəklərindən, mobil operatorların baza ötürücülərindən, eləcə də qoz və fındıq kimi hündür ağaclardan uzaq durmaq vacibdir. Ümumiyyətlə, ağacların altında dayanmaq təhlükəli hesab olunur.
Evdə olarkən isə texniki avadanlıqların söndürülməsi tövsiyə edilir. Çünki bu cihazlar müəyyən siqnallar qəbul edir və bu da ildırımın cəlb olunma riskini artıra bilər. Bu baxımdan, xüsusilə mobil telefonlar, televizorlar və kompüterlər istifadə edilmədikdə söndürülməlidir.
Bu qaydalara əməl etməklə baş verə biləcək bədbəxt hadisələrin qarşısını müəyyən dərəcədə almaq mümkündür".
Elmir Heydərli
10:47 06.05.2026
Oxunuş sayı: 56