Pensiyaçılara ŞAD XƏBƏR - kimlər ikiqat pensiya artımı ala bilər?
Azərbaycanda pensiya təminatı sahəsində aparılan islahatlar çərçivəsində işləyən pensiyaçıların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm yeniliklər gözlənilir.
Mövcud qanunvericiliyə əsasən, əmək fəaliyyətini davam etdirən vətəndaşların pensiya məbləğlərinin artırılması üçün həm indeksasiya, həm də yenidən hesablanma mexanizmləri tətbiq olunur ki, bu da onların gəlirlərinə əlavə dəstək verir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib ki, cari ildə müəyyən şərtlər daxilində işləyən pensiyaçıların pensiyalarında ikiqat artım mümkündür. Bu artım bir tərəfdən illik indeksasiya hesabına, digər tərəfdən isə 6 illik iş stajından sonra toplanmış pensiya kapitalının yenidən hesablanması ilə formalaşır.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Əmək pensiyaları haqqında Qanuna uyğun olaraq ölkədə pensiyaların artırılması mexanizmi əsasən illik indeksasiya prinsipi üzərində qurulub. Qanunun 29.1-ci maddəsinə görə, əmək pensiyasının sığorta hissəsi və ona edilən əlavələr ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir.
Eyni zamanda, 29.1-1-ci maddəyə əsasən, pensiya kapitalı da ildə bir dəfə istehlak qiymətləri indeksinə uyğun artırılır. Bu proses hər ilin yanvar ayında həyata keçirilir.
Bu mexanizm aztəminatlı əhali qruplarının gəlirlərinin qorunmasına xidmət edir və onların alıcılıq qabiliyyətinin saxlanmasına, sosial müdafiəsinin gücləndirilməsinə müsbət təsir göstərir. Lakin mövcud qanunvericilik pensiyaların avtomatik şəkildə ildə iki dəfə artırılmasını nəzərdə tutmur.
Bununla yanaşı, qanunun 37.3.1-ci maddəsinə əsasən, əmək fəaliyyətini davam etdirən pensiyaçılar üçün əlavə artım imkanı mövcuddur.
Belə ki, pensiya təyin olunduqdan sonra işləməyə davam edən şəxslərin pensiyası müəyyən müddətdən sonra yenidən hesablanır.
Əgər pensiyaçı 6 il işləyərsə, onun pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır və bu zaman əlavə artım baş verir. Bu, pensiyaçıların həm sosial müdafiəsinin gücləndirilməsi, həm də sosial ədalətin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, praktiki olaraq bəzi hallarda pensiyaçılar həm illik indeksasiya artımından, həm də yenidən hesablanma nəticəsində yaranan artımdan faydalana bilirlər.
Lakin bu, bütün pensiyaçıları əhatə edən və sistemli şəkildə tətbiq olunan “ildə iki dəfə artım” mexanizmi deyil, fərdi əmək fəaliyyəti ilə bağlı yaranan əlavə imkan kimi qiymətləndirilməlidir".
Elmir Heydərli
10:40 06.05.2026
Oxunuş sayı: 84