"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
Misli Premyer Liqasının XXX turunda "Qarabağ" "Turan Tovuz"la qarşılaşıb.
Crossmedia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
Hesabı 50-ci dəqiqədə "köhlən atlar"ın heyətində cərimə zərbəsindən Leandro Andrade açıb. 4 dəqiqə sonra Mateus Silva fərqi iki topa yüksəldib. Qərb kollektivinin gücü təsəlli qoluna çatıb. 76-cı dəqiqədə Ayxan Hüseynov uzaq məsafədən vurduğu qüvvətli zərbə ilə yekun hesabı müəyyənləşdirib.
Çempionluq şansını itirən Ağdam təmsilçisi turnir cədvəlində (62 xal) ikinci pillədəki yerini möhkəmləndirib. Bununla da komanda üçüncü sırada yer alan Tovuz klubundan (56 xal) bir qədər də uzaqlaşıb.
Xatırladaq ki, tura mayın 5-də "Karvan-Yevlax" - "Neftçi" matçı ilə yekun vurulacaq. Daha əvvəl "Kəpəz" "Sumqayıt"ı (2:1), "İmişli" "Araz-Naxçıvan"ı (1:0), "Sabah" "Şamaxı"nı (3:0), "Zirə" "Qəbələ"ni (1:0) məğlub edib.
21:40 04.05.2026
Oxunuş sayı: 45